Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağ münaqişəsini kimlər yenidən başlatmaq istəyir?..
Qarabağ münaqişəsini kimlər yenidən başlatmaq istəyir?..

ATƏT-in Minsk Qrupunu dirçəltmək cəhdi Qarabağ münaqişəsini yenidən qızışdırmaqdan başqa bir şey deyil. Yaradıldığı gündən turist səfərlərindən başqa bir fəaliyyətlə yadda qalmayan bu qrupun çalışmaları onun həmsədr ölkələrinə, bir də Ermənistana sərf edirdi. Azərbaycan xalqı Minsk Qrupunun ciddi bir çalışmasını, problemin həlli istiqamətində real addımlarını görə bilmədi. Bu qrupun fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi bizlərdə bu düşüncəni formalaşdırdı: Münaqişənin həllini uzatmaq və nəticədə Azərbaycanı haqlı davasından vaz keçirmək!

30 il ərzində heç bir iş görməyən, görmək istəməyən Minsk Qrupu formatı Türkiyə-Rusiya əməkdaşlığının güclənməsi fonunda kölgədə qaldı. Rusiya və Türkiyə arasında yaranmış yeni əməkdaşlıq formatı Azərbaycana imkan verdi ki, qəhrəman ordumuz 44 günlük savaşla problemi həll etsin. Azərbaycanın uğurlu hərbi əməliyyatları, işğal edilmiş torpaqların azad edilməsilə əldə olunan yeni nəticə bölgədə yeni geosiyasi reallıq və yeni əməkdaşlıq imkanları yaratdı.

Qarabağ münaqişəsinin bitdiyini, ərazi bütövlüyünün bərpa edildiyini nəzərə alsaq, bundan sonrakı məsələlər bölgə dövlətləri arasında əməkdaşlıq imkanlarının genişləndirilməsinə, qarşılıqlı əlaqələrin gücləndirilməsinə istiqamətlənməlidir. Türkiyə prezidenti Ərdoğan yeni şəraitdə əməkdaşlıq formulunu təklif edib: Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, İran, Ermənistan arasında əməkdaşlıq həyata keçirilməli, qarşılıqlı əlaqələr qurulmalıdır. Düzdür, Ermənistanın Qarabağda separatçılığı davam etdirmək istəyi, revanş cəhdləri, Azərbaycanın suverenliyini tanımaması, sülh müqaviləsinin imzalanmasını uzatması və s. addımları bu formulun tam və sürətli bir şəkildə yaranmasına mane olur. Amma bölgə dövlətlərinin maraqları Ermənistanı da gec-tez bu formula gətirib çıxaracaq. Çünki adıçəkilən dövlətlər bu bölgədə yerləşir və qarşılıqlı olaraq əməkdaşlıq edilməsi hər kəsin marağına uyğundur. Kim bunun əleyhinə gedəcəksə, özünü yeni imkanlardan kənarda qoyub oyundankənar duruma salacaq.

3+3 formatlı yeni əməkdaşlıq perspektivlərinin qarşılığında ATƏT-in Minsk Qrupunu dirçəltmək cəhdləri münaqişəni yenidən alovlandırmaq niyyətindən başqa bir şey deyil. Azərbaycan kimi Rusiya, hətta Ermənistan da Minsk Qrupunun dirçəldilməsinin əleyhinə çıxış etməlidir. Minsk Qrupu münaqişə, yeni müharibə demək olacaq. Yeni müharibə isə Ermənistanın sonu deməkdir. Ona görə də Ermənistanın doğru seçim etməsi lazımdır.

Mübariz Göyüşlü

Mübariz Göyüşlü, Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

Son xəbərlər
Bütün xəbərlər »