Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bizə edilənləri danmaq haram olar" - Vətən müharibəsinin qazisi (Fotolar)
"Bizə edilənləri danmaq haram olar" - Vətən müharibəsinin qazisi (Fotolar)

"27 sentyabr tezdən saat 6 radələrində Beyləqan şəhərindən çıxmışıq. Bizə komanda verildi ki, Füzuli istiqamətində irəliləməliyik".

Bunu Milli.Az-a açıqlamasında Vətən müharibəsinin qəhrəmanlarından olan döyüş maşın komandiri, gizir Tağıyev Cavid Məhəbbət oğlu deyib.

Qazi bildirib ki, çanaq sümüyündən kəsib qoluna köçürülüb:

"Füzuli ərazisindən Vilayət postu deyilən yerdən döyüşlərə qatıldım. Səhər saat 07:10-da döyüşə girmişəm. Sentyabrın 27-si Cəbrayıl rayonunda Rüzgar deyilən ərazidə yaralanmışam. Düşəmin atdığı minaatan nəticəsində sol əlim iki yerə bölündü.

"Bizə edilənləri danmaq haram olar" - Vətən müharibəsinin qazisi - Foto

Məni kapitan Hüseynov Ülvü təxliyə edib. Mən ona həyatımı borcluyam. O, məni təxliyə edəndə bizi yenə iki dəfə minaatanla vurdular, hərəmiz bir tərəfə düşdük. Qulağımız batdı, bir-birimizi eşitmirdik. Amma məni oradan qucağına alaraq təxliyə etdi. Ona dedim ki, məni qoy, get. O, mənə dedi ki, "Səni burada qoyub getsəm, vicdanım qarşısında cavab verə bilmərəm. Səni buradan çıxardacağam". Sağ olsun o insan. Haradan ki, düşmənin üzərinə əks-hücuma keçmişdik - Vilayət postundan məni çıxartdı, elə oradaca mənə ilkin yardım göstərdilər. Çoxlu qan itirmişdim, iynə vurub qanaxmanı saxladılar. Məni hərbi maşına qoyub Füzulidə yolun kənarında Diaqnostika xəstəxanasına gətirdilər. Orada mənim əlimi bir-birinə tikdilər. Gecə saat 4-də də ora yaralılar gətirildiyinə görə məni Beyləqan rayonuna göndərdilər. Orada da 4 gün qaldım. Beyləqanda da müxtəlif sistemlər qoşulurdu. Həkimlər dedilər ki, sənin barmaqların çürüyə bilər. Oradan da məni Bakıya Travmotologiya İnstitutuna göndərdilər. Travmotologiya İnstitutunda 9 gün yatdım. Bu 9 gün ərzində həkimlər dedilər ki, "biz sənə müdaxilə edə bilmərik. İngilis mütəxəssislər gəlməlidirlər, səni göndəririk Respublikanski Xəstəxanaya".

"Bizə edilənləri danmaq haram olar" - Vətən müharibəsinin qazisi - Foto

İndi barmaqlarım şükür işləməyə başlayıb, birindən başqa. O da ömür boyu işləməyəcək. 65 gün Respublika Xəstəxanasında yatdım. Ölkəmizə gətirilən ingilis həkimlər mənim çanaq sümüyümdən kəsib əlimə köçürtdülər. Hazırda Buzovnada reablitasiya mərkəzində tok müalicəsi alıram, masaj edirlər. Çox sağ olsun həkimlərimiz, indiki vəziyyətimə görə onlara borcluyam. 15 gün idi burada reabilitasiya alırdım, bu gün çıxıram.

Dövlətin çox yüksək diqqəti altındayıq. Xəstəxanada bizə dörd gözlə qulluq edirlər. Necə lazımdır xidmət edirlər. Bizə edilənləri danmaq haram olar. Yeməyimizdən, içməyimizdən, geyimimizə qədər yuyub, özümüzə təhvil verirlər.

Qazimiz mənzil şəraitinin də tezliklə yaxşılaşacağına ümid etdiyini bildirib:

"Hazırda Beyləqanda 1948-1950-ci illərdə tikilmiş bir tərəfi çay daşı, bir tərəfi də qamışdan olan evdə yaşayıram. Evin bir tərəfi çöküb, iki uşaqla qalmışam nəmişlik içində. Heç kimə də heç nə deməmişəm. Ümid edirəm mənzil məsələmdə mənə lazımı qurumlar yardım edərlər.

Bir dənə mənə bir dövlət qurumundan gəlib baş çəkiblər, deyiblər sənə iki inək verəcəyik. Bu söhbət fevral ayında olub. Gözləyirəm..."

"Bizə edilənləri danmaq haram olar" - Vətən müharibəsinin qazisi - Foto

Vətən müharibəsinin iştirakçısı "YAŞAT" Fondunun kredit borcunu bağladığını qeyd edib:

"Adamın üstündə Allah var, mənim 11 min manat kreditim var idi. Uşağım xəstə olduğu üçün kredit götürüb, onun müalicəsinə xərcləmişdim. Bir hissəsini özüm ödəmişdim, "YAŞAT" Fondu da 5 min manat verərək bank borcumun qalan məbləğini bağladı. Fond bu məsələdə mənə kömək oldu.

Hamımız torpağımız, onun bütövlüyü uğrunda döyüşə getmişik. Mənə heç nə lazım deyil. Mən hərbiyə Xocalıda ermənilərin bizim ana-bacılarımızın, körpələrimizin başına gətirdikləri müsibətlərinin qisasını almaq üçün gəldim. Balalarımın canı, hər dəfə o kadrlara baxanda ağlayıram, baxa bilmirəm. Hər baxanda mən öz uşağımı qətlə yetirilən o günahsız körpələrin yerində təsəvvür edirəm.

Bundan sonra da xidmətə davam etməyimi məsləhət bilərlərsə, yenə də hərbiyə qayıdacağam. Mənim bir canım var, o da vətənə fəda olsun. Başqa heç bir istəyim yoxdur".

Son xəbərlər
Bütün xəbərlər »