Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”
Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”

Ermənistanda yavaş-yavaş Qarabağ gerçəklərini anlama başlayırlar. Başa düşürlər ki, müharibə darmadağınla bitib, bir daha torpaq iddiasına düşməyə dəyməz. Ermənistanın ilk prezidenti də bu fikirdədir.

Bizimyol.info xəbər verir ki, Levon Ter-Petrosyan bundan sonra Ermənistandan və ermənilərdən asılı bir şey qalmadığını deyib. Onun fikrincə, daha müharibədən danışmağa dəyməz. “İndi Əliyevdən təhlükə yoxdur. Sülh yaranıb, Rusiya qoşunları dayanıb və Ermənistanla Azərbaycan arasında müharibə mümkün deyil. Razılaşmaya bilərsiniz, amma Əliyevlə, Türkiyə ilə hansısa şəkildə dil tapmaq lazımdır. Qonşular əbədi düşmən ola bilməzlər”.

Ter-Petrosyan deyib ki, əbədi düşmənçilik Ermənistanın özünün mövcudluğunu şübhə altına salır. Keçmiş prezidentin fikrincə, sülhə, yaxşı qonşuluq münasibətlərinə ehtiyac var.

“Gözləməyin ki, hansısa erməni “mən münaqişəni həll edəcəyəm” deyəcək. Belə bir şey yoxdur, mövcud deyil. İllüziyadır bu”.

Ter-Petrosyan yerli televiziyaya müsahibəsinin sonunda tənqiddən qorxmadığını, həqiqəti deməyə üstünlük verdiyini bildirib. Keçmiş prezident ölkə ziyalılarına, elm adamlarına müraciətlə xalqı aldatmağa çalışanları satqın adlandırıb.

Ter-Petrosyan bundan əvvəlki açıqlamasında Ermənistanda müharibədən sonra çox çirkin siyasi mühit yarandığını demişdi. O, bütün siyasi qüvvələrin özünü qeyri-adekvat apardığını bildirmişdi. Keçmiş prezident siyasi müstəvidə heç vaxt bu qədər təhqir və nalayiq ifadələr eşitmədiyini söyləmişdi.

Levon Ter-Petrosyan Suriya ermənilərindəndir. O, 1945-ci ildə Hələb şəhərində doğulub. Ailəsi Levonun 1 yaşı olanda Ermənistana gəlib. Ter-Petrosyan 1991-ci il oktyabrın 17-də ölkə prezidenti seçilib, 7 ilə yaxın dövlətə başçılıq edib. Məhz onun hakimiyyəti dövründə Azərbaycan torpaqları işğal olunub.

Ter-Petrosyan prezidentliyinin son illərində Ermənistan üçün qalmaqalları açıqlamaları ilə fərqlənirdi. O, ifadələrində Azərbaycan torpaqlarının zəbtinin doğru olmadığını etiraf edir, yeni ərazilər haqda danışmağın mənasız olduğunu deyirdi. Ter-Petrosyan Serbiyanın Bosniya və Herseqovinada törədilən vəhşiliklərə görə necə əzab çəkdiyini nümunə göstərirdi.

Qeyd edək ki, Ter-Petrosyan da hazırda barışığa səsləyən fikirlərinə görə müxalifət tərəfindən tez-tez tənqid atəşinə tutulur.

Son xəbərlər
Bütün xəbərlər »