Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neftin qiyməti yenə qalxdı, sevinməyə dəyərmi?..
Neftin qiyməti yenə qalxdı, sevinməyə dəyərmi?..

Dünya bazarlarında neftin qiyməti bahalaşmaqda davam edir.

Neftin qiymətinin 75 dollara çatması neftdən asılı ölkə olaraq bizləri həmişə sevindirib. Bu dəfə bahalaşma Amerika Neft İnstitutunun (API) ABŞ-da həftəlik ehtiyatların sürətlə azalması haqqında məlumatı dərc etdikdən sonra başlayıb.

“Növbəti 10 ildə neft qiymətləri yüksək səviyyədə olacaq. Bu 10 ildən sonra artıq neft erasının sonuna çatacağıq. Buna görə neftdən səmərəli istifadə üçün əlimizdə 10 il qalıb”.

Bu fikirləri SOCAR sözçüsü İbrahim Əhmədov benzinin qiymətinin yüksəlməsi ilə bağlı danışarkən səsləndirmişdi. Lakin bu da var ki, dollar da sürətlə bahalaşmağa başlayıb. Federal Ehtiyat Sisteminin (FED) növbəti dəfə uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlaması dünya bazarında ABŞ dollarının möhkəmlənməsinə gətirib çıxarıb, dollar dünyanın digər valyutaları ilə müqayisədə möhkəmlənməyə başlayıb.

Qolobal səhiyyə böhranı səngiyəndən sonra isə, bütün ölkələr kimi iqtisadiyyatı iflic olan Azərbaycan yalnız neft gəlirlərinin öhdəsinə qalıb, bu da kifayət qədər qorxulu tendensiyadır. İxracın yalnız neftdən ibarət olması və ölkəyə valyuta gətirən digər sahələrin (əasən turizmin) sıradan çıxmasının mənfi təsirləri hələ bundan sonra özünü göstərəcək. Ekspertlər bildirirlər ki, ölkəmizi tək neftin ucuzlaşması yox, həm də hasilatın sürətlə azalması, xərclərin artması, bu sektora investisiyaların kəskin azalması da çətin vəziyyətə salır.

“Planetin enerji balansında neftin öz yerini itirməsi prosesinə artıq start verilib. Baydenin son Avropa səfərinin əsas məqsədi də elə bu idi. Qlobal böhrandan sonra qlobal enerji keçidinin başlanması hədəflənib, qaz və atom enerjisi hələlik saxlanılsa da, neft və daş kömür inkişaf etmiş ölkələr üçün arzuolunmaz yanacağa çevriləcək. Üstəlik, bu enerji növlərindən istifadə etməklə məhsul istehsal edən ölkələri də xaricə ixrac zamanı əlavə vergilər gözləyir, yəni, ucuz neft hesabına daxili istehsal yaratmaq planları da bəri başdan sıradan çıxarılır. Qlobal ekologiya ili çərçivəsində bu tədbirlərin gücləndirilməsi bir xeyli məhdudiyyətlərlə müşaiyət olunacaq.

Beləliklə, neftə təlabat azaldıqca, qiymətlər təbii şəkildə düşəcək, çünki Çin və digər Asiya ölkələri bu qədər nefti istehlak etmək gücündə deyil. Yaxın aylarda isə bazara İran, eləcə də Liviya və Venesuela neftinin çıxması gözlənilir, hasilat artdıqda qiymətlərin enməsi qaçılmaz olacaq.

Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi özündə geniş iqtisadi əməkdaşlığı da ehtiva edir. Türkiyə xüsusən Qarabağda bərpa-tikinti və yaşıl enerji sektoruna yönəlməyi hədəfləyib. Ümid edək ki, yeni əməkdaşlıq zamanı alternativ enerji mənbələrinin bütün ölkə üzrə tətbiqi barədə layihələr də genişlənəcək. Çünki Qarabağda “Ağıllı kənd” layihələri alternativ enerjidən də qidalanacaq. Türkiyə bu sahə üzrə artıq müəyyən təcrübəyə malikdir. Türkiyədə fərdi qaydada insanlar alternativ enerjidən istifadə edə və hətta sata bilirlər. Bütün bunlar müasir günəş batareyalarının hesabına baş verir.

Azərbaycan kimi günəşi bol olan ölkənin bu zəngin mənbədən yetərincə istifadə etməməsi anlaşılan deyil. Bir neçə il öncə danışdığım mütəxəssis bildirmişdi ki, bizdə istifadə olunan günəş batareyaları, panelləri səmərəsizdir. Fikrinə aydınlıq gətirmək üçün nümunə çəkmişdi. Təsəvvür edin ki, indiki smartfonlarla 20 il öncənin ağ-qara ekranlı mobil telefonlarını müqayisə edirsiniz. Bizim əlimizdəki panellər belə köhnə modellərdir və səmərəsi azdır. Zaman dəyişib, yəqin əlaqədar qurumlar müasirləşdirmə işləri aparmamış olmazlar.

Tükənən mənbələri qənaətlə sərf edib tükənməyən günəş enerjisndən faydalanmanın zamanı çoxdan çatıb. Sözdə hər şeyi deyirik, kağız üzərində hər şey var. Qalır bunu əməldə tətbiq edib , həyatımızı asanlaşdırmaq.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »