Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyadan deportasiya olunan azərbaycanlılar Bakıya gəlib çıxmadı
Almaniyadan deportasiya olunan azərbaycanlılar Bakıya gəlib çıxmadı

Almaniyadan deportasiya olunan azərbaycanlıların sayı artır. Avropa dövləti Azərbaycandan sığınacaq üçün pənah gətirmiş şəxslərin əksərini vətəninə qaytarmaqda israrlıdır.

Bizimyol.info xəbər verir ki, iyunun 16-da Almaniyanın Frankfurt şəhərində deportasiya qərarı almış 61 azərbaycanlı təyyarəyə mindirilib. Amma onlar Bakıya gəlib çıxa bilməyib. Havaya qalxan təyyarə problemlə üzləşib. Mühərrikə quş çırpılması vəziyyəti dəyişib. Təyyarə Frankfurt hava limanına qayıtmaq məcburiyyətində qalıb.

Hadisə haqqında Avropada yaşayan azərbaycanlılar sosial şəbəkələrdə müzakirə açıb. Onların yazdığına görə, Almaniya hökuməti ilk imkandaca həmin şəxsləri Azərbaycana göndərəcək. Böyük ehtimalla təyyarə uçuşu iyunun 17-də həyata keçirəcək.

Qlobal böhran dövründə Almaniyadan Azərbaycana təxminən 150 miqrant göndərilib. Axırıncı dəfə mayın 31-də 42 azərbaycanlı deportasiya edilmişdi. Həmin gün proses insidentsiz ötüşməmişdi. Azərbaycanlılardan biri intihara cəhd göstərmişdi. İlkin Ələkbərov miqrasiya xidməti və polis orqanı əməkdaşlarının qarşısında damarlarını doğramışdı. Amma bu addım da onu da deportasiyadan xilas etməmişdi. İlkin Ələkbərov iyunun 1-də Azərbaycana qaytarılmışdı.

Azərbaycanlıların sığınacaq üçün ən çox üz tutduğu ölkə Almaniyadır. Lakin Avropa dövləti Azərbaycandan olan miqrantlarla sürətlə üzülüşmək qərarı verib. Az qala hər ay ölkəyə qaytarılanlar olur. Almaniyaya sığınacaq üçün gedən azərbaycanlılar çıxış yolu kimi oradan başqa Avropa ölkələrinə üz tutmağı görür. Azərbaycanlı miqrantlar daha çox Fransanı seçir. “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev təkcə mayda 37 nəfərin bu yolu seçdiyini bildirir.

Azərbaycanlılar başqa bir çıxış yolunu da özünə qəsd etməkdə görür. Deportasiya qərarı üzündən Azərbaycan vətəndaşının Almaniyada özünə qəsd etmək cəhdinə az rast gəlinməyib. Hələ 2019-cu ildə Sumqayıt sakini Emil Bağırov Hermeskayl şəhərinin sosial təminat idarəsində mübahisədən sonra özünü yandırmışdı. Çox keçməmiş İbbenbüren şəhərində Hüseyn adlı azərbaycanlı ölkəyə qaytarılmamaq üçün hər iki qolunun damarlarını kəsmişdi. Deggendorfda yaşayan Humay Məmmədovanın özünə qəsd etməsi isə onun həyatını itirməsi ilə nəticələnmişdi.

Son xəbərlər
Bütün xəbərlər »