Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxış edib - Fotolar
Rəcəb Tayyib Ərdoğan

Azərbaycanda səfərdə olan Türkiyə Cümhuriyyətinin Prezidenti, zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğan iyunun 16-da Milli Məclisdə olub.

Ali qonağı Milli Məclisin Sədri Sahibə Qafarova qarşılayıb. Öncə təkbətək görüş olub.

Rəcəb Tayyib Ərdoğan, Sahibə Qafarova Rəcəb Tayyib Ərdoğan, Sahibə Qafarova

Təkbətək görüşdən sonra Türkiyə Cümhuriyyətinin Prezidenti, zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxış edib. İclasda Milli Məclisin Sədri Sahibə Qafarova, Milli Məclis Sədrinin müavinləri Fəzail İbrahimli və Adil Əliyev, deputatlar, ölkəmizdə səfərdə olan Türkiyə nümayəndə heyətinin üzvləri, Türkiyənin və Azərbaycanın KİV nümayəndələri iştirak ediblər.

Alqış sədaları altında Milli Məclisin plenar iclas zalına daxil olan ali qonaq, zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğan parlament tribunasından Milli Məclisin bütün üzvlərini 84 milyonluq Türkiyə adından, “iki dövlət, bir millət” olaraq ehtiramla salamlayıb. Qarabağı azad etmiş Azərbaycanın Milli Məclisində olmaqdan, bu il dövlət müstəqilliyinin 30-cu ildönümünü qeyd edən Azərbaycan Respublikasında olmaqdan bəxtiyarlıq duyduğunu bildirib. Qarabağın erməni işğalından azad edilməsini bu 30 ilin ən mühüm hadisəsi kimi dəyərləndirib. Qeyd edib ki, Azərbaycan xalqının möhtəşəm Zəfəri bölgədə daimi sülh və əmin-amanlıq üçün böyük bir fürsət yaradıb.

Qardaş Türkiyənin dövlət başçısı deyib ki, Cənubi Qafqazdakı sülh və əmin-amanlıqdan yalnız Azərbaycan deyil, Ermənistan da daxil olmaq üzrə bütün bölgə ölkələri, hətta bütün dünya qazanclı çıxacaq.

Sahibə Qafarova, Rəcəb Tayyib Ərdoğan Sahibə Qafarova, Rəcəb Tayyib Ərdoğan

İşğaldan azad olunmuş bölgənin inkişafı, burada rifahın artırılması, əmin-amanlığın möhkəmləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlərdə Türkiyənin yaxından iştirak edəcəyini bildirən Rəcəb Tayyib Ərdoğan 44 günlük Vətən müharibəsində böyük liderlik göstərərək bu Zəfəri və sülhü ölkəmizə qazandıran Azərbaycan Ordusunun Ali Baş Komandanı və Azərbaycan Prezidenti İlham Əliyevə bir daha təbriklərini ünvanlayıb. Eyni zamanda müqəddəs Vətən müharibəsi günlərində tək yumruq və tək ürək olan, milli birlik və həmrəylik duyğularını ən yüksək səviyyədə nümayiş etdirən Azərbaycan xalqını təbrik edib. Gözünü qırpmadan Vətən üçün qəhrəmancasına döyüşən, Qarabağın azadlığı uğrunda fədakarlıq və şücaət göstərən Azərbaycan Silahlı Qüvvələrini təbriklərini çatdlırıb. Şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına başsağlığı diləklərini ifadə edib.

Prezident Ərdoğan bildirib ki, bu müqəddəs savaş günlərində Türkiyə həm dövlət, həm də millət olaraq Azərbaycanın yanında yer alıb.

Çıxışında ölkələrimiz və xalqlarımız arasındakı tarixi bağlara toxunan cənab Ərdoğan tarixin bir sıra çətin dönəmlərində, dar günlərdə bu iki xalqın nümayəndələrinin çiyin-çiyinə mübarizə apardığını, bir-birini dəstəklədiyini, şəhadətə yürüyərək qələbə çaldığını qeyd edib. Vurğulayıb ki, Azərbaycanın aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, taleyi taleyimiz, kədəri kədərimizdir.

İyunun 15-də Füzulidən Şuşayadək işğaldan azad olunmuş bölgələrə səfər edən Türkiyə Prezidenti o ərazidə gördüklərinə dair təəssüratlarını da Milli Məclisdə bölüşüb. İkili standartlarla çıxış edən dünya siyasətçilərini bu torpaqlarda işğalçıların törətmiş olduqları dağıntıları görməyə dəvət edib. Bildirib ki, gələrkən işğalçı, gedərkən tar-mar edici olanların davranışı Qarabağın kimin vətəni olduğunu aydın göstərir. Azərbaycanın işğal altına düşmüş 7 rayonunda törədilmiş vəhşilikləri, dağıntıları vandalizm adlandıran Türkiyə Prezidenti mədəniyyətlə vandallıq arasındakı fərqi görmək üçün bu ərazilərə, Qarabağda iki dövr arasındakı fərqə baxmağın yetərli olduğunu bildirib. Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərin bərpasında da Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək.

Bir gün öncə Azərbaycan Prezidenti İlham Əliyevlə və nümayəndə heyətləri ilə birgə Şuşada olduqlarını deyən Türkiyə Prezidenti Ərdoğan bu qədim Azərbaycan şəhərində, azad Qarabağ torpağında Azərbaycan bayrağının qürurla dalğalandığını görməkdən bəxtiyarlıq duyğuları yaşadıqlarını deputatlara çatdırıb. Şuşanın qurucusu Pənahəli xanın dövründən etibarən buranın musiqi, ədəbiyyat, şeir-sənət sahələrində əsl sənət akademiyası kimi formalaşdığını qeyd edib. Azərbaycanın Şuşada yaşayıb-yaratmış böyük ədəbiyyat, incəsənət və siyasət xadimlərindən söz açıb. Ədəbiyyat və incəsənət sahələrində xalqlarımız arasındakı əlaqələrdən danışıb.

Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsini, Cıdır düzündə təşkil olunmuş “Xarı bülbül” festivalını dünyaya verilmiş önəmli mesajlar kimi yüksək qiymətləndirən ali qonaq gələn il Şuşanı Türk dünyasının mədəniyyət paytaxtı olaraq görməkdən məmnunluq duyacaqlarını diqqətə çatdırıb. Azərbaycanın və Türk dünyasının hər guşəsinin böyük şairlər və sənətkarlar yetişdirdiyini vurğulayıb. Ortaq türk mədəniyyətini layiq olduğu yüksəkliklərə qaldırmağın öz əlimizdə olduğunu bildirib.

Zaman keçdikcə Qarabağ zəfərinin Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydaların daha yaxşı anlaşılacağına əminlik ifadə edən Prezident Ərdoğan bu qələbənin quruculuğun, ədalətin, sülhün Zəfəri olduğunu vurğulayıb. İşğal ucbatından doğma ev-eşiklərindən didərgin düşmüş azərbaycanlıların öz yurdlarına qayıtması üçün dönüş yolu açıldığını bildirib. Şuşaya səfəri zamanı yol boyu gördüyü quruculuq işlərindən danışıb. Azərbaycan parlamentinin tribunasından soydaşlarımıza müraciət edərək evləri hazır olan kimi doğma yurdlarına dönmələri üçün çağırış edib. 30 ildən bəri o günü həsrətlə gözlədiklərini deyib.

Milli Məclisdəki çıxışında zati-aliləri Rəcəb Tayyib Ərdoğan bölgənin dirçəlişi üçün təklif olunmuş altılı platforma (Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və Ermənistanın daxil olduğu platforma), Zəngəzur dəhlizinin açılması sayəsində meydana çıxacaq perspektiv imkanlar, NATO zirvəsi və digər məsələlər barədə də danışıb. Bu bölgənin sülhə ehtiyacı olduğunu qeyd edərək sülhü təmin etməyin vacibliyini vurğulayıb. Sülhü və ədaləti bölgəmizdə və dünyada hakim qılacağımız günlərin yaxında olduğu müjdəsini verib. Türkiyənin bütün qəlbi və imkanları ilə dünən də, bu gün də, sabah da Azərbaycanın yanında olacağını əminliklə vurğulayıb.

Türkiyə Cümhuriyyətinin Prezidenti, zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Milli Məclisindəki çıxışı sürəkli alqışlarla başa çatıb.

Bizimyol.info

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Milli Məclisdə “kədərli” anlar…
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »