Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bu onu göstərir ki, Xankəndi məsələsi ilə bağlı planlar həyata keçirilir” - Video
“Bu onu göstərir ki, Xankəndi məsələsi ilə bağlı planlar həyata keçirilir” - Video

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dünənki Şuşa səfəri dünya mediasının gündəm mövzusuna çevrilib. Belə ki, Türkiyə prezidentinin gəlişi münasibəti ilə Şuşa şəhərində möhtəşəm qarşılanma tədbiri təşkil edilib. Görüş zamanı Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edilib. Daha sonra rəqs qrupları Cıdır Düzündə birgə yallı gedib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada çəkilmiş maraqlı görüntüləri yayılıb.

Həmin görüntülərdən birində prezidentlərin Xankəndi ilə bağlı maraqlı mesajı öz əksini tapır. Belə ki, səfər zamanı Prezident İlham Əliyev Ərdoğana Xankəndi şəhərinin Şuşadan görünən mənzərəsini göstərir və “orada da olacağıq deyə” mesaj verir.

“Bu təsadüfi deyil. Şuşa Bəyənnaməsinin alt qatında Azərbaycan ərazilərinin tam suverenliyinin bərpa edilməsi məsələsi dayanır”. Bu fikirləri siyasi şərhçi Əziz Əlibəyli Bizimyol.info-ya açıqlaması zamanı səsləndirib.

Əziz Əlibəyli Əziz Əlibəyli

Onun sözlərinə görə, cənab prezidentin dediyi “orada da olacağıq” mesajı göstərir ki, Xankəndi məsələsi ilə bağlı Azərbaycan tərəfinin mövqeyi, istəyi, ardıcıl siyasəti var və bununla bağlı məqsədli şəkildə planlar həyata keçirilir.

“Sadəcə bu, zaman, xalqların birgə yaşayışı, Ermənistan təxribatçılarının bütövlükdə fəaliyyətinə nəzarət və onların ləğv edilməsi məsələsidir. Təbii ki, bu kontekstdə prosesi nəzarətdə saxlayan, həyata keçirməli olan Rusiya sülhməramlılarının davranışı və onların taleyi ilə bağlı aspektləri əhatə edir. Bu baxımdan da hər iki prezidentin məhz Xankəndi məsələsinə mesaj verməsi, gündəmə gətirməsi, birmənalı şəkildə bizim olduğunu ifadə etmələri prosesin həmin istiqamətə doğru yönəldiyinin göstəricisidir. Bu proses vasitəsilə Azərbaycan tərəfi Türkiyə ilə birlikdə mesaj verir.

Həmin bölgələr daxil bütövlükdə Azərbaycanın Milli  Təhlükəsizlik məsələləri artıq Türkiyənin də Milli Təhlükəsizlik məsələsidir. Qarabağ yükü artıq Azərbaycanla bərabər Türkiyənin də çiyinləri üzərindədir. Bu çərçivədə öz həllini tapacaq əsas nüanslardan biri də Xankəndi məsələsidir. Ondan öncə Azərbaycan tərəfi çalışır ki, demarkasiyanı yekunlaşdırsın, Zəngəzur dəhlizini reallaşdırsın və nəyahət, Qarabağın içərisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşları ilə bağlı məsələlərə aydınlıq gətirsin”,- deyə siyasi şərhçi bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »