Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şuşada başqa hansı ölkələrin konsulluqları açıla bilər...
Şuşada başqa hansı ölkələrin konsulluqları açıla bilər...

Əgər 100 il əvvəl Qars müqaviləsi bizi Naxçıvanda möhkəmləndirdisə, Şuşa Bəyannaməsi ilə Azərbaycan bütün sərhədlərini mümkün gələcək təhlükələrdən sığortalayacaq, Zəngəzurda möhkəmlənəcək.

Şuşada konsulluğun açılması mənəvi və siyasi əhəmiyyətə malikdir. Adətən, belə yerlərdə dipkorpusun nümayəndələrinin yerləşdirilməsi ciddi hadisə sayılır. Bir müddət əvvəl Qüdsə ABŞ və bir sıra digər ölkələrin səfirliklərinin köçürülməsi faktlarını yada salaq. Konsul xidməti – ilk dəfə olaraq orta əsrlərdə Suriya və Fələstində onların maraqlarını təmin və müdafi etmək üçün İtalyan şəhər-dövlətləri tərəfindən yaranmışdı. Hazırda konsulluq idarəsi aşağıdakı yerlərdə açılır - digər dövlətdə yaşayan, dilini, milli mədəniyyətini saxlayan, həmin ölkənin vətəndaşları olan yerlərdə; konsul idarəsinin təmsil etdiyi dövlətin digər dövlətdə çoxlu sayda vətəndaşları olan yerlərdə (iri turist mərkəzləri, ziyarət yerləri, iş mərkəzləri); konkret ticarət və ya digər maraqların olduğu yerlərdə. Konsulluq idarəsinin başçıları üçün baş konsul, konsul, vitse-konsul, konsul agentləri ranqları müəyyən edilib.

Azərbaycanın İstanbuldakı sabiq Baş Konsulu İbrahim Nəbioğlu Şuşada Türkiyə konsulluğunun yaradılacağı barədə verilən xəbəri bizimyol.info-ya belə şərh edib:

İbrahim Nəbioğlu İbrahim Nəbioğlu

“Bu tarixi günə şahidlik edənlərin gözü aydın olsun. Bu, olduqca böyük bir hadisədir. Müttəfiqlik müqaviləsində Qars müqaviləsi, hərbi qarantörlük, Cənubi Zəngəzur dəhlizi və konsulluğun açılması məqamlarına toxunulması önəmliydi. Mən konsulluğun nə zaman açılacağına dair təfərrüatları bilirəm, amma hər halda bu barədə ölkə prezidentləri xəbər versə, daha yaxşı olar deyə düşünürəm.

Şuşa Bəyannaməsi o qədər fundamental diplomatik sənəddir ki, bunu iki ölkənin diplomatiyasının təntənəsi adlandırardım. Bu gün Naxçıvan Azərbaycanın tərkibində qalırsa, bunu Qars müqaviləsinə borcluyuq. Böyük Atatürk qızıl pullar müqavilində İrandan 11 kilometrlik bir torpağı satın aldı ki, Naxçıvanla aramızda quru əlaqəsi olsun, həmçinin Türkiyənin sərhədi olsun. Bu, türk dünyası ilə Türkiyə arasındakı bir dəhliz idi. Bu gün Şuşada diplomatik korpusun yaradılması önəmlidir. Naxçıvan və Gəncədə Türkiyənin baş konsulluqları var. Xəyal edə bilməzdik ki, gün gələcək Şuşada diplomatik missiya yaradılacaq. Əminəm ki, gələcəkdə İran da, Gürcüstan da buna təşəbbüs edəcək və yəqin Azərbaycan buna şərait yaradacaq. Çünki altılı platformanın bölgəyə sülh gətirəcəyi dövlət başçıları tərəfindən vurğulandı. Qarabağın hər tərəfində yenidənqurma işləri başlayıb. Bura Türkiyə şirkətləri gələcək və onlara diplomatik xidmətlər göstərmək üçün bu konsulluq önəmli rol oynayacaq. Şuşa yalnız bizim mədəniyyət paytaxtımız deyil, türk dünyasının paytaxtı olacaq. Bu bəyannamənin imzalandığı gün hesab edirəm ki, tariximizə qızıl hərflərlə yazılacaq”,- deyə İbrahim Nəbioğlu qeyd edib.

 İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »