Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Kim bizə qarşı çıxsa, bu böyük güclə üz-üzə qalacaq” - Şuşa Bəyannaməsinin anlamı
“Kim bizə qarşı çıxsa, bu böyük güclə üz-üzə qalacaq” - Şuşa Bəyannaməsinin anlamı

Politoloq Eldar Namazov bizimyol.info-ya dünənki möhtəşəm günü, Şuşa Bəyannaməsinin imzalanmasını, bu bəyannamənin əslində nələri ehtiva etməsi barədə danışıb.

- Eldar bəy, Ərdoğanın dünənki Şuşa səfərini və Qarabağdakı dünənki bayram havasını necə şərh edərdiniz?

Eldar Namazov Eldar Namazov

- Öncə onu yada salaq ki, Ərdoğan Brüsseldə keçirilən NATO sammitindən birbaşa Azərbaycana gəlmişdi. Bütün diplomatlar qeyd edrlər ki, həmin sammitdə ən böyük uğur Türkiyənin oldu. Yəni bu görüşdə ən çox qazanan, ən çox parlayan ölkə Türkiyə idi. Və maraqlıdır ki, Ərdoğan orada çıxışında elan elədi ki, mən buradan Şuşaya gedirəm. Bu, 200 illik prossesin davamı olan bir tarixi hadisəydi, bunu görmək lazımdır və bu gün yolun sonu deyil, biz hələ ortalardayıq. Əminəm ki, irəlidə çox gözəl olacaq , bu günlərə şahidlik etdiyim üçün özümü xoşbəxt hesab edirəm. Bu tarixi br bəyannamə idi. Azərbaycan və Türkiyə tarixən eyni köklərə malik idi, bu gün özündə hərbi siyasi mütəffiqliyi ehtiva edən bəyannamə ilə bu birlik daha da möhkəmlənmiş oldu. Münasibətlərin konkret fəaliyyət planı açıqlandı. Prezident Əliyev qısa olaraq bu sənədi qiymətləndirəndə bildirdi ki, bu müttəfiqlik sənədidir. Faktiki olaraq söhbət ondan gedir ki, biz hərbi-siyasi müttəfiqliyi sənədləşdirdik və bu, beynəlxalq aləmdə ciddi qarşılanacaq. Bu günə kimi hamı bilirdi ki, biz yaxınıq. Lakin bəzi ekspertlər deyirdilər ki, ola bilər gələcəkdə hansısa məsələlər üzrə aramızda fikir ayrılığı, parçalanma yaransın. Bu gün bu söhbətlərə son qoyuldu. İndi bizi istəyən də, istəməyən də - hamı başa düşür ki, dünya geopolitikasının ürəyi sayılan Avrasiya məkanında yeni güc mərkəzi formalaşdı və kim bu məkana nəzarət edirsə, o, dünyanın geopolitikasına nəzarət edir. Bu gün beyin və güc mərkəzi yaradıldı, elan edildi. NATO-da 2-ci ən böyük gücə malik ölkə - Türkiyə Qafqazın ən güclü dövləti ilə birgə yeni ittifaq yaratdı. Biz yeni bir tarixin başlanğıcını qoyduq və bu günlə bitmir, gələcəyə qoyulan yatırımdır. Bu, regionda əsas söz sahiblərindən biri Azərbaycan- Türkiyə ittifaqı olacaq. Dünya siyasəti bunu gördü, tarixi prosesə şahidlik etdik.

- Dünəndən belə fikirlər səsləndi ki, artıq böyük dövlətlər Azərbaycan ordusunun gücündən istifadə edə bilər. Bunu necə anlamaq olar?

- Bu birlik gələcəkdə çox ciddi yeniliklər gətirəcək. Ona görə deyirəm, biz hələ yolun ortalarındayıq. NATO Əfqanıstandan çıxır və Türkiyəni orada özünün rəsmi təmsilçisi elan edir. Türkiyəyə mandat verildi, çünki nə ABŞ, nə Avropa o mandatı həyata keçirə bilmədi. Türkiyə bildirdi ki, öz mandatndan istifadə edərək yeganə nüvə silahına malik qardaş Pakistanla bu fəaliyyəti həyata keçirəcək. Mən əminəm ki, bizim ordumuz da sülhməramlı qüvvə kimi orada olacaq, dünyanın qlobal siyasətində rol oynayacaq. Bizim Qarabağda da bitməmiş işlərimiz qalır, mən indidən istəmirəm bu barədə çox söz deyim, amma siz anladınız ki, mən nədən danışıram. Bu hadisə Türkiyə və Azərbaycanın hərbi-siyasi intibahıdır. Bundan sonra biz bütün türk ölkələrini Türk Birliyi altında birləşdirib ardımızca aparacağıq. Şuşa Bəyannaməsi sadəcə, Azərbaycanla Türkiyə arasında qəbul edilən sənəd kimi anlaşılmamalıdır. Gələcəkdə böyük türk dünyasının təməlini qoyan bu sənədin iki ölkənin sərhədlərini aşaraq bütün türk coğrafiyasını əhatə edəcəyinə inanıram. Mərkəzi Asiyada bunun ilk işartılarını artıq görürük. Mən sizi əmin edirəm ki, bu bəyannamə Şuşada yox, hər hansı başqa şəhərdə imzalansaydı da, dünyanın diqqət mərkəzində olacaqdı. Qarabağ SSRİ dağılandan sonra bütün Avrasiya məkanına təsir edə biləcək prosesdir və bu proses davam edir, günü-gündən də güclənir.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə zirvə mərhələsinə qədəm qoydu. Əcdadlarımza sadiqlikdən bəhs etdi cənab Əliyev. Gələcəkdə baş verəcək bir çox hadisəlrin anonsu verildi. Dünya geopolitikasında söz sahibi olacaq yeni bir güc mərkəzi yaradıldı. Şuşa Bəyannaməsi tarixi əhəmiyyətli sənəd, iki ölkə arasında irəliyə doğru atılmış böyük hərbi-siyasi addımdır. Bu bəyannamə qarşılıqlı qarantiya sənədidir. Bu, ikitərəfli müqavilədir. Nə zaman Türkiyə dəstəyə ehtiyac duysa, biz ayağa qalxacağıq və əksinə. Bu qarşılqılı öhdəliklər deməkdir. Söhbət həm də vahid idarəçilik sisteminin yaradılmasından gedir. PUA-ların istehsalı Azərbaycanda başlayacaq və bu böyük jestdir. Faktiki olaraq bir bir millət, iki ordu, iki dövlət prinsipinə keçirik. Biz Azərbaycan ordusunda Türkiyə modelinə keçəcəyimizi bildirmişdik və bunun reallaşmasına başladıq. Dünya yeni bir düzənə keçir. Köhnə düzən dağılıb. Yenisi formalaşmayıb və təhlükəli bir dönəmə qədəm qoymuşuq. Bu mənada biz dünyaya öz potensialımızı göstərdik ki, bizimlə hesablaşmaq lazımdır.

- Bu sənədin məhz Şuşada imzalanması dünyaya hansı mesajı verdi?

- Bəyannamənin məhz Şuşada imzalanması ilə biz dünyaya öz qələbəmizi bir daha təsdiqlədik, revanşistlərə konkret mesaj verdik ki, bir daha plan cızsalar, hansı güclə üz-üzə qalacaqlar və onların müqavimət göstərmək imkanı artıq yoxdur. Kim ərazi bütövlüyümüzə qarşı çıxsa, bu böyük güclə üz-üzə qalacaq. Demirəm bizə qarşı olan qüvvələr mövqelərini dəyişəcəklər. Təxribatlar yenə olacaq. Amma onlar bu gücü görəcək, çəkinəcəklər. Bizim gələcəyə ümidlə baxmağa əsasımız var. NATO ölkəsi olaraq Türkiyənin hərbi bazasının Azərbaycanda yaradılması fikri Rusiya və İranı qıcıqlandırırdı. Lakin bu formada əməkdaşlığımıza artıq deyiləcək bir söz qalmadı, güclənmiş Azərbaycanla hesablaşmaq lazım gələcək.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »