Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağ Qazisi: Qalib ölkənin vətəndaşı olmaq əbədi qürurdur - Video
Qarabağ Qazisi: Qalib ölkənin vətəndaşı olmaq əbədi qürurdur - Video

Azərbaycan Ordusunun zabiti, Vətən Müharibəsi qazisi Qədir Daşdəmirov Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib. Müharibədə göstərdiyi qəhrəmanlıqlara görə “Füzulinin azad olunmasına görə” və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Qədir Daşdəmirov Trend-in çəkiliş qrupu ilə söhbətində keçdiyi döyüş yolu, ağır yaralandıqdan sonra həkimlərin səyi nəticəsində həyata qayıtması, möhtəşəm Zəfərin yaşatdığı əvəzsiz fəxr və qürur hissləri, dövlətin göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb. Qəhrəman qazi bildirib ki, döyüşlər başladığı andan hər bir əsgər və zabit böyük həvəs və qəhrəmanlıqla vuruşub: “Biz tarixi torpaqlarımız uğrunda döyüşürdük və bilirdik ki, yolumuz haqq-ədalət yoludur. Düşmənin səngərləri qoyub qaçdığını görmək bizi daha da həvəslədirirdi, çünki 30 ildir özləri haqqında miflər uydururdular. Azərbaycan Ordusu öz Qələbəsi ilə bu mifi darmadağın etdi”.

Q.Daşdəmirov qeyd edib ki, yaralandıqdan sonra təcili əməliyyat olunub və həyatda qalıb. Daha sonra isə "YAŞAT" Fondunun hərtərəfli dəstəyi ilə Türkiyə Respublikasına göndərilib: “Başımda qəlpələr var idi. Gözümdən də əməliyyat olunmalı idim. Bunun üçün Türkiyəyə göndərildim və orada çox uğurlu əməliyyat olundum. Bütün dəstəyə və qayğıya görə dövlətimizə minnətdaram”.

Qazimiz onu da bildirib ki, dövlətin sosial qayğısını daim hiss edir. Ona əlilliklə bağlı prezident təqaüdü verilir, yaxın günlərdə hərbçi kimi də pensiya alacaq. Q.Daşdəmirov qalib ölkənin vətəndaşı olmaqdan əvəzsiz fəxr və qürur duyduğunu məmnunluqla vurğulayıb: “Ermənilər 30 il torpaqlarımızı işğalda saxladılar. Təəssüf ki, dünya buna göz yumdu. Sonunda biz öz problemimizi özümüz həll etdik. Azərbaycan dövləti öz gücünü göstərdi. Xalqımızın başı dikdir, qürurumuz göylərə ucalıb. Biz qalib xalqıq və bunu fəxrlə bütün dünyaya bəyan edirik. Bu Qələbəyə görə Müzəffər Ali baş Komandanımıza və Ordumuza borcluyuq”.

Videoreportajı təqdim edirik:

Son xəbərlər
Bütün xəbərlər »