Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru Abel Məhərrəmova qarşı 811 minlik borc iddiasının yeni təfərrüatları məlum olub. Aydınlaşıb ki, evində və çoxsaylı obyektlərində işlətdiyi ustaların zəhmət haqqını, istifadə olunan materialların pulunu ödəmədiyinə görə keçmiş rektoru məhkəməyə verən İsmixan Mirzəyevlə Abel Məhərrəmov qohum imiş. Bir neçə gün əvvəl mətbuatda BDU-nun sabiq rəhbərinə qarşı bu iddianın təmin olunduğu xəbəri yayılsa da, sonradan məhkəmənin qərarının Abel Məhərrəmovun xeyrinə olması üzə çıxdı. Bu da iddiaçı tərəfi narazı salıb.

Bizimyol.info xəbər verir ki, İsmixan Mirzəyev Yasamal Rayon Məhkəməsinin hakimi Vahid Hacıyevin çıxardığı qərardan narazı qalıb. O, hesab edir ki, Abel Məhərrəmova qarşı iddianın təmin olunması üçün bütün lazımi sübut-dəlillər ortaya qoyulmuşdu.

“11 ildir bu işi yubadır. Biz bu məsələnin mətbuata çıxmasında maraqlı olmamışıq. O evlərdə, obyektlərdə nə qədər ustalar işləyib. Bu insanların pullarını vermək lazım idi. Gücümüz çatan qədər özümüz vermişik, qalanı qalıb. O vaxt materialları dollarla alırdıq. Bu 11 il ərzində görün dollar nə qədər qalxıb. Məhkəmədə görülən işləri sübut etmək üçün 6 şahid gətirdik. Qarşı tərəf deyir ki, filan obyekt onun deyil. Nə olsun onun adına deyil?! Həyat yoldaşının, qızının adınadır. Deyirik ki, Əmlak Komitəsindən arayışlar alınsın, onu da eləmirlər. Bu işlərdə universitetin keçmiş prorektoru Nəbi Ramazanov vasitəçilik edirdi. Ona görə cavabdeh kimi o da qoyulmuşdu. Amma heç biri məhkəməyə də gəlmirdilər. Yasamal Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcəyik”, - iddiaçı tərəf belə deyir.

Abel Məhərrəmovun vəkili Altay Əfəndiyev isə bildirib ki, İsmixan Mirzəyevin iddiası əsassız olduğu üçün təmin edilməyib. İddia ərizəsində göstərilib ki, BDU-nin keçmiş rəhbəri paytaxtın Süleyman Dadaşov küçəsində 4 mərtəbəli ev tikdirib. Həmin evin pilləkənlərinin yığılması, istilik sisteminin quraşdırılması və s. işlərin görülməsini İsmixan Mirzəyevin rəhbərlik etdiyi komandaya həvalə edib. Həmin işlər görülüb təhvil verilsə də, pulun indiyədək ödənilmədiyi bildirilir. Yaxud Abel Məhərrəmova məxsus olduğu iddia edilən “Mona Liza” şadlıq sarayında mebel işləri gördürülsə də, ustalar hələ də əməkhaqqını ala bilmədiklərini deyirlər. Hətta Abel Məhərrəmovun Mərdəkandakı, Xaçmaz rayonunun Nabran qəsəbəsindəki bağ evlərində quraşdırılmış mebellərin, başqa obyektlərində görülən işlərin, istifadə olunan materialların də pulunun ödənilmədiyi məhkəmədə bildirilib.

1950-ci il təvəllüdlü Abel Məhərrəmov 19 il (1999-2018) BDU-nun rektoru, 2005-2015-ci illərdə isə Milli Məclisin deputatı olub. Onun oğlu Anar Məhərrəmov bir neçə ay əvvələ qədər Azərbaycanın İspaniyadakı səfiri idi.

Son xəbərlər
Bütün xəbərlər »