Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yayda şən istirahətin ən ucuz yolu: Turla səyahət - Fotolar
Yayda şən istirahətin ən ucuz yolu: Turla səyahət - Fotolar

Yayın gəlişi dağlara, meşələrə, çaylara, bir sözlə torpağa üz tutmaq üçün insanın könlünü qanadlandırır. Şəhərin istisindən, boğanağından qaçıb təbitdə dincəlmək, lakin bunu çox az büdcə ilə həyata keçirmək istəyənlər üçün rayonlara təşkil edilən turlar əla vasitədir.

Əvvəllər belə turların haqqında dost-tanışlardan çox eşitsəm də, xidmətlərindən istifadə etməmişdim. Dünən buna sözün həqiqi mənasında təəssüfləndim. Məgər nə çox şey itirmişəmmiş... Turla səyahətin üstünlükləri – qənaətlidir, bir səfər zamanı getdiyin bölgənin ən gəzməli-görməli məkanlarına ayaq basmış olursan, həm də birinə deyil, bir neçəsinə, proqramla hərəkət edildiyi üçün bu səni yormur, xoş təəssürat bağışlayır. Yeni tanışlar, dostlar qazanırsan, getdiyin rayonda bir nöqtədən, digər nöqtəyə hərəkət etmək üçün dağda-daşda əlavə taksi, avtomobil axtarmırsan, təşkilatçı valideyn övladının qayğısına qalırımış kimi sənin qayğını çəkir. Bu arada turu təşkil edən təşkilatçının kim olması həddən artıq önəmlidir. Xidmət etməyi bacarırmı, insanlarla ünsiyyəti necədir, getdiyi ərazini özü necə tanıyır, tur iştirakçıları arasındakı münasibətləri necə nizamlayır, turdan öncə verdiyi vədlərə əməl edirmi?

Bu son cümləni ona görə işlətdim ki, tura qoşuldunsa, bütöv bir gün (hətta bu bir neçə gün də ola bilər) sən tanımadığın 20 nəfərlə birlikdə olursan. Arada mehribanlıq yaranmazsa, səfər hamının burnundan gələ bilər. Bu mənada hamınıza “Ahey-ahey” qrupunun turlarını, təşkilatçı Vüqar Quliyevi məsləhət bilirəm. Özünüzü onun qonağı kimi tam güvəndə və rahtlıqda hiss edəcəksiniz. Yol boyu musiqi sədaları altında oynayan, oxuyan, oyunlar keçirib şən sədaları bir-birinə qarışan bir dəstə səyyah məhz Vüqarın təşkilatçlığının əsəridir.

Yolumuz qədim Lahıca, turizm cənnətinədir. Yəqin yalçın qayaların qoynunda yerləşmiş bu qartal yuvasını az azərbaycanlı görməz olar. Görməyənlərə tövsiyə edirəm, gedin, görün. Lahıcda hər şey gözəldir, xoşagəlməz olan şey o daracıq küçədə o qədər at gəzdirirlər və natəmizlik edirlər ki, hər tərəf at peyini qoxuyur. Bu arada küçələrdə bəzədilib düzədilmiş, üstünə “bəxt açır” yazılmış Kişmiş adlı eşşəklə pul qazanan balaca Faiqi və Ariana adlı poni atı gəzdirən Cəmili tanıdım.

"Bəxt açan" Kişmiç adlı eşşək "Bəxt açan" Kişmiç adlı eşşək

Cəmil deyir ki, ponini illər öncə 2 min manata atası Hollandiyadan gətizdiribmiş, gələndə qarnında balası olub. Amma sonra öyrəniblər ki, poninin nəsli artıb törəməsin deyə ona xüsusi iynə vurulub, daha balası ola bilməz. Arianaya tay gətirmək fiki isə Cəmil üçün yaddır. Ondan hər gün ən azı 50 manat qazanc götürdüyünü deyir. “Bəxt açan” Kişmiş isə bəxt açırmı, bunu yalnız belinə minib şəkil çəkdirmiş turistlər deyə bilər.

Gəndov şəlaləsinə də səyahət etdik. Qayaların arası ilə daşlarn üzərindən çayda islana-islana zirvəyə getmək əsl macəradır, sanki dünyanı sən kəşf etmişsənmiş kimi hiss edirsən.

Bir az da çatışamazlıqlar barədə.

Bəlkə lahıclılar özləri alışqan olduqlarındandır, təhlükəsizlik tədbirləri sanki umurlarında deyil. Uçurumların tam kənarlarında tikilmiş kafe və restoranların çoxlu qonaqları olur, bununla belə uçurumların kənarlarına hər hansı hasar və ya qoruyucu çəkmirlər. Yağış yağıb torpağı yumşaldacaq olsa, basdırılmış bir iki taxta sədd də dərələrə töküləsidir.

“Ögey ana” filmindən hamının yaxşı tanıdığı o məşhur asma körpü (çox adam ona elə “İsmayılın körpüsü” deyir) turistlərin diqqətini həddən artıq çəkir.

"İsmayılın körpüsü", Zərnava, İsmayıllı "İsmayılın körpüsü", Zərnava, İsmayıllı

Körpüyə çıxmaq haqqı 1 manatdır və 5 nəfərdən artıq adamın çıxması qadağandır. Di gəl ki, mən körpüdə 15-20 adam saydım. Daşlı çay yatağının üzərində təxminən 25 metr yüksəklikdə olan körpüdə təhlükəsizlik qaydalarını gözləyən yoxdur. Ən böyük problem xidməti bacarmamaqları və ya bunu istəməmələridir. Sən çay sifariş verib ən azı 40 dəqiqə gözləməli olursan, ofisiantların süfrəyə yaxınlaşması üçün onları özün “ovlamalı” olursan. Tualetlərdə su və təmizlik problemi olur. Bu kimi kiçik qaydalara əməl edilsə, qazancları da, müştəriləri də artar. Dəfələrlə deməyimizə baxmayaraq, ölkəmizin bir çox rayonlarının turizm potensialından istifadə edən yerlilər xidməti satsalar da, keyfiyyəti verə bilmirlər. Buna mütləq şəkildə diqqət edilməlidir.

İnsana ömürdən qalan tək şey xatirələridir. Gələcəyimizə yatırımımız keçmişimizdə yaşadıqlarımızdır. Xatirələrinizi gözəlləşdirmək üçün ara-sıra özünüzə hədiyyələr verin, səyahət edin. Siz buna layiqsiniz.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »