Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təyyar Eyvazov: Peyvənd olunmaqla ilk növbədə ağırlaşma və ölüm hallarının qarşısı alınır
Təyyar Eyvaziov

Son günlər ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı gündən-günə azalır, aparılan peyvəndləmə prosesi xeyli sürətlənib.

Bizimyol.info xəbər verir ki,  bu barədə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov verdiyi açqlaqmada bildirib.

“Hazırda ölkədə koronavirusla əlaqədar sanitar-epidemioloji vəziyyət yaxşıdır. Bunu aparılan yoluxma saylarında görürük. Dünyanın müxtəlif ölkələrində yoluxma statistikasına nəzər salsaq görərik ki, Azərbaycanda yoluxma sayının 100 civarında olması, bəzən isə ikirəqəmli ədədlərə düşməsi ondan xəbər verir ki, proses nəzarət altındadır. Bunu nəzərə alan Nazirlər Kabineti yanında Operativ Qərargah iki həftə əvvəl bir sıra məhdudiyyətlərin yumşaldılması barədə qərar verdi. Proses belə davam etsə, digər məhdudiyyətlərin də yumşaldilması tətbiq olunacaq və yaxın vaxtlarda normal həyata qayıda biləcəyik.

Ölkəmizdə vaksinasiya prosesinə yanvarın 18-dən başlanılıb. Bu məsələdə iki tərəf var. Birincisi, dövlət tərəfindən həyata keçirilən tədbirlərdir və hazırkı dövrdə vaksinin əldə olunması uğrunda böyük mübarizə gedir. Qürurverici haldır ki, Azərbaycan Avropa ölkələri ilə təxminən eyni vaxtda bu vaksini əldə edib və prosesə başlayıb. Vaksinin əldə edilməsi ilə bərabər onun daşınması, saxlanılması, vaksinasiya məntəqələrinin təşkil olunması, burada çalışan tibbi personala təlim keçirilməsi üçün hər cür şərait yaradılıb. Təkcə onu demək kifayətdir ki, hazırda ölkəmizdə əhalinin bir deyil, bir neçə vaksini əldə etməsinə imkan yaradılıb. Belə bir seçim imkanının yaradılması da uğurlardan biridir. Prosesin ikinci tərəfi isə əhalinin bu prosedura münasibətidir. Vaksinasiyanın sürətini araşdırsaq görərik ki, yanvardan bəri əhalinin vaksinasiyaya cəlb olunması eyni sürətlə getməyib. Mayın ortalarında başlayaraq prosesin sürəti bir qədər də artıb. Bir gün ərzində ən çox vaksin olunanların sayı 62 minin üzərində olub. Hazırda gündəlik vaksinasiyadan keçənlərin sayı 30-40 min arasında dəyişir. Lakin arzu edərdik ki, bu proses bir qədər də sürətlənsin. Qarşıya qoyduğumuz hədəflərə ən qısa müddət ərzində çatmağımızı düşünürük. Bunun üçün maarifləndirmə işləri aparmaq və əhalinin könüllülük əsasında peyvəndləməyə cəlb olunmasını təmin etmək lazımdır”,-deyə o qeyd edib.

Baş infeksionist deyib ki, heç bir vaksin 100 faizlik səmərə vermir. Anticisimlərin yoxlanılması da immunitetin səviyyəsini bir o qədər dəqiq xarakterizə etmir: “Elə insanlar var ki, onlarda iki dozadan sonra ümumiyyətlə anticisimlər əmələ gəlmir. Onlara üçüncü dozanın vurulması məsələsi indi müzakirə edilir və araşdırılır. Peyvənd olunmaqla ilk növbədə ağırlaşma və ölüm hallarının qarşısı alınır, digər tərəfdən də bu, hər kəsin immun sistemindən asılıdır. Əhali arasında immun sistemi güclü və zəif olanlar var. Xüsusilə yaşlılarda immun sistemi müəyyən qədər zəifləyib. Xroniki xəstəliklərdən əziyyət çəkənlərdə immunitetin əmələ gəlməsi bir qədər ləngiyir. Onlar mütləq şəkildə peyvənd vurdurmalıdırlar. Lakin peyvənd ediləndən sonra onlarda alınan nəticələr sağlam insanlardan fərqli ola bilər.

Ölkəmizdə əhali arasında kütləvi immunitetin yaranmasından danışmaq hələ tezdir. Vaksinasiya Strategiyasında da qeyd olunur ki, kütləvi immunitetin formalaşması üçün əhalinin təxminən üçdə ikisi peyvənd olunmalıdır. Daha doğrusu, kütləvi immunitet qazananların ümumi sayına təkcə peyvənd olunanların deyil, xəstəliyi keçirib təbii immunitet əldə edənlərin də sayı əlavə olunmalıdır. İndiyədək Azərbaycanda əhalinin 10 faizi peyvəndin hər iki dozasını alıb. 1,7 milyon vətəndaş isə yalnız birinci dozanı vurdurub. Ümumilikdə 100 min əhaliyə düşən peyvənd sayı 26 təşkil edir. Bu göstəriciyə görə MDB ölkələri arasında liderlər sırasında olsaq da, Avropa ölkələri və ABŞ-la müqayisədə aşağı yerləri tuturuq. Nəzərə almaq lazımdır ki, Azərbaycanda peyvənd istehsal olunmur. Lakin elə ölkələr var ki, orada peyvənd istehsal olunsa da, onu tətbiq edənlərin sayı o qədər də yüksək deyil. Məsələn, COVID-19-a qarşı peyvənd istehsal olunan Rusiya ilə müqayisədə ölkəmizdə peyvənd olunanların nisbi sayı çoxdur və bu sahədə olan göstərici də prosesin uğurla aparıldığını sübut edir”.

Müsahibimiz hazırda ölkəmizdə bir sıra qadağaların aradan qaldırıldığını və qarşıdakı günlərdə epidemik vəziyyət əsas məsələ olacağını bildirərək deyib: “Məlum olduğu kimi, payız-qış aylarına doğru belə infeksiyalara yoluxmada müəyyən qədər artım müşahidə olunur. Eyni zamanda, o vaxta qədər peyvənd olunanların sayı daha da artacaq və bundan sonra mövcud vəziyyətə uyğun qərar veriləcək. Təbii ki, COVID-19 bir müddət bizimlə yaşayacaq və aramızda olacaq. Hələlik tibbi maskalardan qapalı məkanlarda istifadə edilməsi qalır. Yəqin ki, gələn ildən başlayaraq pandemiyanın gedişində əsaslı dönüş olacaq və infeksiya ayrı-ayrı bölgələrdə lokal şəkildə cərəyanetmə halına düşəcək. Bunun üçün hamı çalışmalıdır. Qaydalara əməl olunmalı, peyvəndləmədə aktiv iştirak olmalıdır”.

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Deputat Eldəniz Səlimov: "Səhv etmişəm, üzr istəyirəm"
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› PKK-ya bağlı olan terror təşkilatı: “Türkiyədə yanğınları biz törətmişik”
Son xəbərlər
Bütün xəbərlər »