Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur

Rusiyanın Novosibirsk şəhərində azərbaycanlının öldürülməsi işində hadisələr məntiqə və qanuna uyğun şəkildə inkişaf etmir. Vəkil Abdullayevi qətlə yetirən Aleksandr Qusev azadlığa buraxılıb. Əvəzində hadisənin şahidləri İlkin İsmayılov və Ruslan Qurbanov həbs olunub.

Bizimyol.info xəbər verir ki, hadisə mayın 28-də baş vermişdi. Moşkovo qəsəbəsində iki yol polisi əməkdaşı azərbaycanlıların olduğu “Toyota” markalı avtomobili saxlamışdı. Asayiş keşikçiləri Ruslan Qurbanovu həbs etmək istəyərkən Vəkil Abdullayev buna mane olmağa çalışmışdı. Bu zaman polis əməkdaşlarından biri olan Aleksandr Qusev tabel silahından ona atəş açmışdı. Başından yaralanan Vəkil Abdullayev təcili xəstəxanaya çatdırılmışdı, amma iki gün sonra reanimasiyada həyatını itirmişdi.

Həmin gün Moşkovoda böyük gərginlik yaranmışdı. Azərbaycanlıların qəzəbi Qusevin həbsi ilə soyumurdu, ona sərt cəza verilməsini tələb edirdilər. Sosial şəbəkələrdə ayrı-ayrı bölgələrdən Moşkovoya 60-a yaxın silahlı azərbaycanlının gəldiyi yazılırdı. Buna görə qəsəbəyə xüsusi təyinatlılardan ibarət dəstə gətirilmişdi. Amma sonra hadisələr gözlənilməz xarakter aldı. Hadisənin şahidi olan iki azərbaycanlı həbs olundu, Qusev yaşayış yerini tərk etməmək şərtilə azadlığa buraxıldı.

Rusiya mətbuatının yazdığına görə, yol polisi əməkdaşı evinə qayıdıb. Ona dövlət müdafiəsi verilib. Mətbuatda yazılan digər məlumatlar isə daha çox cəfəngiyyat təəssüratı yaradır. Guya azərbaycanlılar sağ qalması üçün Qusevdən 5 milyon rubl (təxminən 70 min dollar) tələb edir. Başqa bir məlumatda isə polisin həmin azərbaycanlılarla əvvəldən problem yaşadığı bildirilir.

Ehtimal olunur ki, hadisələrin gedişini yol polisi əməkdaşının həyat yoldaşı Natalya Qusevanın Rusiya prezidenti Vladimir Putinə müraciəti dəyişib. Məhz bundan sonra Qurbanovla İsmayılov həbsə atıldı, Qusev azadlığa çıxdı.

Azərbaycandan bir qrup deputat da Putinə müraciət etmişdi. Onlar istintaqın ədalətli aparılacağına ümid bəslədiklərini bildirmişdi. Amma görünən odur ki, Rusiya hüquq-mühafizə sistemi azərbaycanlıların haqqını pozmağa üstünlük verir.

Son xəbərlər
Bütün xəbərlər »