Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çimərliklər mövsümə hazırdırmı... - Fotolar
Çimərliklər mövsümə hazırdırmı... - Fotolar

Qadağa və məhdudiyyətlərin aradan qaldırılmasından sonra çimərliklər fəaliyyətə başlayır.

Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşları çimərlik mövsümünə hazırlıqla əlaqədar bir sıra təhlükəsizlik tədbirləri həyata keçirir. Bu barədə Bizimyol.info saytına FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, daxili xidmət mayoru Aqşin Əlili məlumat verib. Onun sözlərinə görə, xidmətin balansında olan xilasetmə texnika və vasitələri, eyni zamanda, dalğıc işləri həyata keçirmək üçün nəzərdə tutulan avadanlıqlar artıq işlək vəziyyətə gətirilib:

“Xidmətin nəzarət etdiyi ictimai çimərliklərdə dalğıclar vasitəsi ilə sualtı baxışlar keçirilib, sualtı təmizləmə işləri aparılıb. Aşkar edilən sualtı təhlükələr işarələnir. Dənizdə də üzmə sərhədlərini müəyyən edən işarələr qoyulur”.

FHN xilasedici

A.Əlili qeyd edib ki, vətəndaşlar nəzarət olmayan yerlərdən istifadə etməməli, çimərlik yerləri seçərkən diqqətli olmalıdır.

FHN xilasedici

“Küləkli havada dənizə girmək, spirtli içki qəbul edərək dənizə daxil olmaq, üzmə sərhədlərini müəyyən edən nişanları üzüb keçmək, çimərlik ərazisini məişət tullantıları ilə zibilləmək, suda kobud hərəkətlər etmək, xilasetmə texnika və avadanlıqlarının üzərinə çıxaraq suya baş vurmaq qadağandır. Çimərlik ərazisində xilasetmə texnika və vasitələri yoxdursa və üzmə sərhədlərini müəyyən edən nişanlar qoyulmayıbsa, bu ərazi nəzarət edilməyən ərazidir. Həmin ərazilərdə kompleks nəzarət tədbiləri görülmədiyindən belə ərazilərdən çimərlik kimi istifadə etmək təhlükəlidir” - deyə nazirlik rəsmisi bildirib.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, daxili xidmət mayoru Aqşin Əlili Aqşin Əlili

A.Əlilinin sözlərinə görə, bəzən çimərliyə gələn vətəndaşlar uşaqlara nəzarət etməyi unudurlar. Bu isə sonradan faciə ilə nəticələnir. Odur ki, çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə əməl edilməlidir:

“Çimərliyə gələn hər bir vətəndaş bilməlidir ki, qızmar günəş altında fasiləsiz dayanmaq və hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir”.

Müsahibimiz əlavə edib ki, Abşeron yarımadasında xüsusi təhlükəli ərazilər mövcuddur. Həmin ərazilərdə qadağanedici nişanların yerləşdirilməsinə baxmayaraq, bəzi vətəndaşlar həyatlarını təhlükəyə ataraq bu ərazilərdən istifadə edirlər və sonda bədbəxt hadisələr qaçılmaz olur. Vətəndaş çimərlikdə üzmə sərhədini müəyyən edən nişanlar, xilasetmə avadanlıqları, müşahidə qülləsi və xilasedicilər görmürsə, bu, nəzarətsiz çimərlikdir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »