Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda şəhidin və Rəsulzadənin adına hörmətsizlik - Foto
Bakıda şəhidin və Rəsulzadənin adına hörmətsizlik - Foto

Abşeron yarımadasının qərb hissəsində, Binəqədi rayonunun mərkəzində yerləşən M.Ə.Rəsulzadə qəsəbəsi sakinlərinin əsas problemlərindən biri yaxınlıqda olan parkların bərbad vəziyyətdə olmasıdır.

Belə ki, Qəsəbənin bundan əvvəlki adı "Kirov" olub. 1999-cu ildən isə həmin qəsəbə Rəsulzadə qəsəbəsi adlandırılıb. Qəsəbə əhalisinin rəsmi sayı (qeydiyyatda olan) 53000 nəfər, qeyri-rəsmi isə (qeydiyyatsız yaşayan) 70000-nə yaxın, ərazisi isə 12 kv km-dir. Qəsədə şəhid Ramiz Abıyev adına mədəniyyət və istirahət parkı fəaliyyət göstərir. Lakin parkda olduğum zaman gördüm ki, buradakı vəziyyət nə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəallıqla iştirak etmiş şəhidin adına, nə də M.Ə.Rəsulzadənin adına yaraşmır. “Mədəniyyət və istirahət parkı” adlandırılan bu ərazidə mədəniyyətdən və istirahətdən söhbət belə gedə bilməz.

Rəsulzadə parkında atraksion

Parka ilk daxil olan zaman bizi ilk üfunət iyi qarşıladı. İy o qədər kəskin idi ki, insanın başını ağrıdırdı. Bu iyin haradan gəldiyini axtarmağa başladım və gördüm ki, parkın içərisində yerləşən kanalizasiya lüku daşır. Körpə uşaqlar isə bu suyun nə olduğunu belə anlamadan gölməçələrin ətrafında oynayırlar. Üstümü bulaşdırmamaq üçün yolumu dəyişdim və irərliləməyə davam etdim. Yol boyu oturacaqlarda uzanan “bomj”lar, parkın ərazisində tikilmiş qanunsuz obyektlər, tökülmüş şüşə qırıntıları, ağacların susuzluqdan düşdüyü vəziyyət - çox dəhşətli idi.

Uzaqdan atraksionları gördüm və yaxşı mənada təəccübləndim. Düşündüm ki, parkın vəziyyəti acınacaqlı olsa da, uşaqları əyləndirəcək atraksionlar salamat qalıb. Yaxınlaşdıqda gördüyüm mənzərə isə başqa idi. “Vikinq” adlanan ağır atraksionu əlləri ilə itələyərək işə salmağa çalışan kim, əyləncə maşınlarının yerində velosiped, skuter sürən kim. Ətrafda isə bu atraksionlara nəzarət edən bir kəs belə yox idi. Atraksionların içərisi isə sınıq, sökük, çirkab içərisində idi. Uşaqlarla söhbət zamanı məlum oldu ki, bu atraksionlarda dəfələrlə ağır xəsarət alanlar olub. Lakin buna baxmayaraq heç bir addım atılmayıb.

Rəsulzadə parkında atraksion

Parkda olan zaman sakinlərlə söhbətləşdik və bildirdilər ki, evlərinə yaxın başqa park olmadığı üçün uşaqlarını bura gətirməyə məcburdurlar.

Səkinə adlı bir sakin 70-ə yaxın yaşı olduğunu və hava almaq üçün axşamlar bura gəldiyini söylədi: “Yaşlı qadınam. Uzaq məsafəyə gedə bilmirəm. Məcbur olub bu xarabalığa gəlirəm. Buradakı atraksionlar təzə idi. Baxan olmadı deyə bu vəziyyətə düşdü. Dəfələrlə bu park barəsində şikayətlər olub, mətbuatda yazılıb, lakin heç bir dövlət qurumunun vecidə deyil. Biz də insanıq. İstəyirik uşaqlarımız, nəvələrimiz təmiz, səliqəli yerdə oynasın”,- deyə bildirdi.

Rəsulzadə parkında atraksion oturacağı

Qəsəbə sakininin dediyi kimi mediada bu barədə dəfələrlə məlumat gedib, amma niyəsə bu problemin həllinə çalışan yoxdur. Şəhidin, M.Ə. Rəsulzadənin adına yaraşan park budurmu? Bundan başqasını rəva bilmirsinizmi?

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »