Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mənzil almaq istədi, bəlaya düşdü: “Müstəntiq israrla məndən tələb edir ki, şikayəti geri götürüm”
Mənzil almaq istədi, bəlaya düşdü: “Müstəntiq israrla məndən tələb edir ki, şikayəti geri götürüm”

Redaksiyamıza Göyçay rayon sakini Məmmədov Cavid İkram oğlu tərəfindən şikayət məktubu daxil olub. Məktubda bildirirlir ki, Hüseyn adlı şəxsdən mənzil alıb, lakin mənzilə köçmək istədikdə məlum olub ki, ev artıq Taleh adlı başqa bir şəxsə məxsusdur.

“Bu ilin fevral ayında yaxın qohumum mənə bildirdi ki,rayonun Z.Bünyadov küçəsində 6000 (altı min) manat qiymətinə 0.5 ha torpaq sahəsilə birgə tikintisi yarımçıq ev satılır. Mən də öz növbəmdə deyilən əraziyə gedərək həmin mənzil barəsində maraqlandım. Bu zaman əvvəllər heç tanımadığım Yadigar adlı şəxslə rastlaşdım. Ondan,satılan mənzil barəsində soruşduqda o,mənzil sahibi olan Feyzullayev Hüseyn Famil oğluna zəng edərək bizi bir-birimizlə tanış etdi. Bunun qarşılığında isə mənzil satılacağı təqdirdə Hüseyn Feyzullayev Yadigara 200(iki yüz)manat pul verəcəyini vəd etdi. Sonra biz həmin mənzilin qiymətini öz aramızda müzakirə etdik. Mən ondan mənzilin qiymətinin nə üçün belə ucuz olduğunu soruşduqda o,mənə övladının ağır yanıq xəsarəti aldığını və bu səbəbdən də təcili pula ehtiyacı olduğunu bildirdi. Beləliklə mən həmin mənzili ən son qiymət olaraq 4500(dörd min beş yüz) manata alacağıma razılaşdım və fikirləşmək üçün 10 gün müddətinə ondan vaxt istədim. O, bu müddət ərzində demək olar, hər dəqiqə mənə zəng edirdi, mesaj yazırdı ki, "mən istəyirəm mənim evim sənə qismət olsun, sən yaxşı insansan və s...". Lakin mən onun məkrli planından xəbərsiz idim. Hətta Feyzullayev Hüseyn Famil oğluna o torpaq sahəsini satan Ofelya adlı qadın da mənə gizlində bildirmişdi ki,"bu məsələdən əl çək, çünki Hüseyn torpağı səndən öncə də digər şəxsə satıb". Ancaq Hüseyn isə bu deyilənləri inkar etdi. Məni arxayın saldı ki, evi məndən başqa ikinci bir şəxsə satmamışdır.

Şikayətçinin sözlərinə görə, o, 5 mart 2021 tarixdə saat 12-00 radələrində dostu Faxrətin və eyni zamanda Ofelya xanımın şahidliyi ilə Hüseyn Feyzullayevə 1700 (min yeddi yüz) manat, bundan sonra isə Göyçay rayon Köhnə Məscidin qarşısında yerləşən çayxanada 2800 (iki min səkkiz yüz) manat pul verib.

“Yeni aldığım mənzilə köçmək istədikdə isə mənə məlum oldu ki, ev artıq Taleh adlı şəxsə məxsusdur. Daha sonra isə müəmmalı səbəblərdən dolayı Ofelya adlı o qadın mənim Hüseyn Feyzullayevə ilk öncə verdiyim 1700 (min yeddi yüz) manatı dostum Faxrətin şahidliyi ilə mənə geri qaytardı.

Mən fəhləliklə neçə illərdir kirayələrdə qalaraq övladlarımın boğazından kəsib həmin pulu toplaşmışdım ki, ailəmə bir gün ağlayım. Hətta kirayədə qaldığımız ev sahibləri bizi dəfələrlə evindən qovmuşdu. Bütün bu çətinliklərə, iztiraba baxmayaraq səbrlə qurtulacağımız gün üçün pul toplayıb yığmışdıq. Özüm isə uzun illərdir onkoloji xəstəyəm. Həmçinin 2 yaşlı körpə övladım da anadangələn həm əqli, həm də fiziki qüsurludur. Hazırda isə heç bir yerdən maddi gəlirimiz yoxdur.

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin(CM) 178.1-ci maddəsinə əsasən,dələduzluq,etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya ya əmlak hüquqlarını əldə etmə əməlidir. Dələduzluğun törədilməsi zamanı təqsirkarın bütün hərəkətləri onun həmin əmlakın (pul və digər əşyalar) ələ keçirilməsinə yönəlmiş niyyətinin həyata keçirilməsində ifadə olunur.Dələduzluğun törədilməsi zamanı zərərçəkmiş şəxs əmlakını aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində özü könüllü olaraq təqsirkara verir. Bu əməl üzrə cinayət tərkibi yaranması üçün ələ keçirilən əmlakın və ya əldə edilən əmlak hüquqlarının dəyəri 500 manatdan çox olmalıdır”.

Şikayətçinin sözlərinə görə, o, dəfələrlə Daxili İşlər Nazirliyinin 102 qaynar xətt nömrəsinə və həmçinin Göyçay rayon Polis Şöbəsinə şifahi və yazılı şikayətlər edib.

“Lakin Hüseyn Famil oğlu Feyzullayev rayon Polis Şöbəsində olan himayədarları mənim bütün şikayətlərimi ört-basdır etməkdədir. Məsələ ilə bağlı araşdırma aparan Göyçay rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Pünhan Şükürlü isə israrla məndən tələb edir ki, şikayəti geri götürüm. Həmçinin mənə "Hüseyn işi bağlamaq üçün mənə 500 (beş yüz) manat təklif edir, əgər mən istəsəm, o pulu alaram və işi bağlayaram, sən mənə heç nə edə bilməzsən" deyir. O, polis əməkdaşı olmasına baxmayaraq, mənimlə söyüşlə danışır. Sakit təbiətli biri olduğumdan sui-istifadə edərək üzərimə qışqırır, şərəf və ləyaqətimi kobud şəkildə təhqir edir.

Cənab Prezident, Cənab Baş Prokuror Sizdən çarəsiz bir Azərbaycan vətəndaşı və Yeni Azərbaycan Partiyasının üzvü kimi çox xahiş edirəm, mənim hüquqlarımın müdafiəsini öz nəzarətinizə götürəsiniz, mənim mənimsənilmiş 2800 (iki min səkkiz yüz) manat pulumun mənə geri qaytarılmasını təmin edəsiniz. Ümid edirəm ki, mənə tezliklə köməklik göstərəcəksiniz və Hüseyn Famil oğlu Feyzullayev isə layiqli cəzasını alacaq”,- deyə şikayətçi bildirir.

Feyzullayev Hüseyn Famil oğlu ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, özünün və ailə üzvlərinin telefonu söndürülmüşdü.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, daxil olmuş müraciət əsasında aparılan araşdırma zamanı H.Feyzullayevin həmin əmlakı C.Məmmədovdan əvvəl başqa bir şəxsə 5000 manata satdığı müəyyən edilib.

“Polis Şöbəsinin Təhqiqat bölməsində aparılan ilkin araşdırmadan sonra toplanmış materiallar İstintaq bölməsinə göndərilib və faktla bağlı Cinayət Məcəlləsinin 178.1-ci (Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) maddəsi isə cinayət işi başlanılıb, istintaq aparılır”.

P.S. Cinayət işinin yekunu ilə bağlı əlavə məlumat verəcəyik.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »