Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrovdan daha bir təxribatçı açıqlama: “Gorbagor” olmuş statusu diriltmək cəhdi
Xankəndi

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov “Primakov dərsləri” forumunda bildirib ki, Qarabağın statusu məsələsi ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə müzakirə olunmalıdır. Bununla yanaşı, o söyləyib ki, bu məsələni vurğulamaqdan çox, bölgəyə dinc həyatın qaytarılmasına diqqət yetirmək lazımdır. Lavrov status məsələsini Azərbaycanın qərarı ilə deyil, Minsk Qrupunun iştirakı ilə əlaqələndirib və tələsmədiklərini də qeyd edib.

“Ermənilər və azərbaycanlılar yenidən təhlükəsizlik və iqtisadi rifah içində birlikdə yaşamağa başlasınlar. Və o zaman sizi inandırıram ki, iki-üç ildə biz belə bir həyat qursaq, bütün status problemləri daha asan həll ediləcək ”,- deyib.

Cənab Lavrov o nüansa diqqət çəkməyib ki, əməliyyatların başa çatmasından 7 ay keçsə də, Xankəndinə yalnız Ermənistan əhalisi yığılıb, azərbaycanlılar yox. Status məsələsinin “gorbagor” olması barədə Azərbaycan Prezidentinin söylədiyi fikirləri də Lavrovun “unutması” sülhməramlıların bəd məramından xəbər verir.

Sergey Lavrov Sergey Lavrov

1 gün öncə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker Cənubi Qafqaza səfərə gəlib. Öncə Azərbaycana, sonra Ermənistana yol alıb. F.Rikerin birdən-birə həm Gürcüstan, həm Azərbaycan, həm də Ermənistana səfər etməsi rəsmi Vaşinqtonun Cənubi Qafqaza artan marağının göstəricisidir. ABŞ Rusiyanın arxa baxçası adlandırılan Cənubi Qafqazı Kremlin caynaqları arasından çıxarmaq niyyətindədir. Lakin Azərbaycan Gürcüstan və Ermənistandan fərqlənir. Rəsmi Bakını ələ almaq, təsir dairəsinə salmaq fərqli yanaşmalar tələb edə bilər. Onun ölkəmizə səfəri məhz Azərbaycanın nəbzini yoxlamaq, regional və xarici siyasət maraqlarını dəqiqləşdirmək məqsədi daşıyır. Ciddi bir dəyişiklik olacağını düşünməyin. Necə deyərlər kəşfiyyat xarakterli səfər.

ABŞ həm Rusiyanın, həm də Türkiyənin Cənubi Qafqazda varlığından narahatdır. Yəni hərə külü öz qabağına çəkməyə çalışır. Hərçənd biz bu günə qədər istəsək belə, Qərb dünyası tərəfindən heç şirnikləndirilmədik. Həm Rusiya, həm Qərb bizə təzyiq göstərmək üçün hər zaman sanksiya və ya hansısa qərar qəbulu yolunu seçdilər. Jurnalistlərimizin ölümü ilə nəticələnmiş mina partlayışları, sərhəddə artan gərginlik də yalnız Ermənistandakı seçki prosesinin bir parçası deyil, bizlərə gözdağı vermək istəyidir.

Politoloq Əhməd Əlili də hesab edir ki, Bayden Administrasiyası yeni vəziyyətin qiymətləndirilməsinə ehtiyac görür. O baxımdan, növbəti illərdə regional dinamikaya təsir edə biləcək vacib bir səfərdir.

Əhməd Əlili Əhməd Əlili

“Səfəri Trump administrasiyası dövründə ABŞ Prezidenti Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun vacib səfəri ilə müqayisə etmək olar; səfər sonrası maraqlı proseslər olmuşdu. İkinci Qarabağ savaşından sonrakı dövrdə regional geosiyasi və geoiqtisadi dinamika, regionun geosiyasi strateji konstruksiyası tamamilə dəyişib və görünən odur ki, Bayden administrasiyası yeni vəziyyətin qiymətləndirilməsinə ehtiyac görür”,- deyə o qeyd edib.

Lavrovun bəyanatına gəlincə, politoloq hesab edir ki, 10 noyabrda üçtərəfli bəyanatı imzalarkən münaqişə tərəflərindən biri - Ermənistanın lideri - bəyanatın məzmununa statusla bağlı ayrıca bənd saldırmayıbsa (və ya saldıra bilməyibsə), deməli, status məsələsi gündəlikdə deyil.

“Sonradan reviziya və reviziyaya cəhdlər regional təhlükəsizlik üçün qəbuledilməzdir. Reviziya edilirsə, digər - məsələn, regionda yerləşdirilən sülhməramlılara dair bəndlərə də edilməlidir”,- deyə o qeyd edib.

Nə qədər ki, balaca düşmənimizin, yəni Ermənistanın başı böyük düşmən Rusiyanı qıcıqlandırmağa qarışıb, xaosu öz xeyrimizə istifadə etməyə çalışmalıyıq. Bu zaman kəsiyində düşmən yenə səngərlər qazmaqda, altını silahla doldurmaqdadır. Bu isə heç də sülh göyərçinlərinin uçuşması demək deyil.

İlhamə Rəsulova

Paylaş »
››› Rusiya hökuməti Şuşa Bəyannaməsinə münasibət bildirib
››› Polis “Mehdi əz-Zaman”ı həbs etdi - Video
››› Travmatologiya xəstəxanasında Qarabağ qazisini döyüblər - Video
››› Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”
››› “Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı
››› Sabiq nazir 11 il müddətinə azadlıqdan məhrum edilib
››› Türkiyənin yeni PUA-sı sınaqdan keçirildi - Video
Son xəbərlər
Bütün xəbərlər »