Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hippokratın dəyərdən düşən andı və ya dərman təcavüzü
Hippokratın dəyərdən düşən andı və ya dərman təcavüzü

Bir neçə il öncə oğlum mismar udub bizi möhkəm qorxutmuşdu. 2 yaşı var idi, mismar udduğunu özü dedi. Uşağı rentgenə apardıq və məlum oldu ki, həqiqətən də 4 -5 sm uzunluğundakı mismarı udub. Kömək üçün təcili qaçdıq “Semaşko” deyilən o məşhur xəstəxanaya. Və o gün orda yaşadıqlarımı ömrüm boyu unutmayacam.

Gənc ana olaraq çox qorxmuşdum və həkim qorxumdan istifadə edərək uşağın dərhal əməliyyata yatırılmalı olduğunu söyləmişdi. Baxmayaraq ki, uşaq narahat-filan deyildi. Ordakı bir tibb bacısı olmasaydı, yəqin əməliyyat baş tutacaqdı. Məni kənara çəkib “evə get, uşağa bol-bol çörək yedizdir, bağırsağına düşsə, heç bir problem qalmayacaq” dedi. Dediyi kimi etdik, 2 gün sonra rentgen şəklində mismar bağırsaqda görünərkən cərrahın öz kolleqasına dediyi məni şok etdi: “Hə, təhlükə sovuşdu, klient əlimizdən nətəri də çıxdı e”. Bax bu hadisəni bu gün edilmiş bir şikayətə baxarkən xatırladım.

Dərmanlar, antibiotik

Bu şəkildə görünən dərmanlar 2 aylıq uşaq üçün təyin edilib. Onları almaq üçün aptekə girib-çıxış “ bileti” təxminən 50-100 manat arasındadır. Uşaq 2 yaşına çatana qədər tez-tez xəsətlənir və ya valideynin anlamadığı müxtəlif narahatlıqlar olur. Hər həkimə müraciət bu şəkildə reseptlərlə müşaiyət olunarsa, valideynin bunu maddi olaraq təmin etməsi üçün aylıq gəlirinin 1000 manatdan aşağı olmaması şərtdir. İndi isə qayıdaq bu körpəyə yazılan dərmanlara. Həkim Günay Rəsulova bildirib ki, görünən bu dərmanlar 2 aylıq uşağa çox ağladığına, köp və qaz sancısına görə təyin edilən dərmanlardır və təbii ki, çoxu gərəksiz olmaqla yanaşı, sağlam uşaq üçün də zərərlidir.

Günay Rəsulova, pediatr Günay Rəsulova

“Gentamicin” antibiotik içmək üçün təyin edilib. Bir çox antibiotiklər, o cümlədən gentametsin qrupundan olan antibiotiklər içməyə təyin edilməməlidir. Gördüyünüz balaca paketlər Luminal (qıcolma əleyhinə) yatsın deyə, Mezim-forte həzm dərmanı böyüklər üçün, probiotiklər, qulaq damcısı, göz damcısı, qaraciyər dərmanı və s. Əslində isə heç bir müalicə ehtiyacı olmayan, 3 ayından sonra öz özünə zamanla keçəcək olan bir problemi həkim yeni problemlər yaradaraq çözməyə çalışıb. Söhbət insan taleyindən gedir. Hələ söhbət 2 aylıq olan körpə uşaqdan gedirsə, bu dərmanları təyin edən həkimin vicdanı barədə nə demək olar?

“Pediatriyada “maximum gözləm, minimum müdaxilə” əsas prinsip olmalıdır. Əziz valideynlər, təyin edilən hər bir dərmanı maximum araşdırmadan, vacib olduğuna əmin olmadan uşaqlara verməyin! Daim araşdırın, maariflənin ki, onları bütün zərərlərdən qoruya biləsiniz, həmçinin, boş-boş müalicələr, dərman təcavüzündən də”,- deyə həkim qeyd edib.

Sözün həqiqi mənasında bu dərman təcavüzü, həkim təcavüzü sayıla bilər. Pediatr həmçinin gənc valideynlərə uşağın hər cüzi narahatlığının arxasında xəstəlik aramamağı tövsiyə edib.

“Bəzi uşaqlar narahat yatır. Bu normal haldır. Otağın istiliyi, uşağın əyninin qalın, nazikliyi, ac və ya tox olması, burnunun açıq və ya tıxalı olması, qarın ağrısı, dəmir azlığı, gecə qorxuları, qurd invaziyalarının, əsasən də qıl qurdunun gecə yumurtlamaları da bu hala səbəb ola bilər. Əgər övladınız gecə yatanda aşırı dərəcədə narahat olursa, bunun altında yatan səbəbi tapıb, aradan qaldırıb yuxusunun keyfiyyətini yaxşılaşdıra bilərik.

Yeri gəlmişkən, uşaqlar 2 yaşa qədər valideyn ilə eyni otaqda, ayrı yataqda yatmalıdır, otaq yarımişıqlı, havası 18-22 dərəcədə, əynində tək qolsuz köynək və yuxu tulumu olmalıdır”,- deyə həkim qeyd edib.

Reseptə gərəyindən artıq dərman preparatının yazılması yalnız uşaqlar üçün yox, elə böyüklər üçün də aktualdır. Bu gün efirlərimizdə hər 3 proqramdan biri həkimlərin və dərman məhsullarının təbliğinə yönəlib. Həkimlərimiz efirlərə ayaq açandan xəstəliklər də canımıza daraşdı sanki. Hippokratı anladıq, qohum deyil, əqrəba deyil, onun andını içib pozmaq olar. Bəs gərəksiz müalicə ilə vətəndaşın aylarla xəstəxanalarda süründürülməsi, son qəpiyinə qədər soyulub borca-xərcə düşməsi günahı? Bəs vicdan?..

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »