Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MM sədri Pakistan səfərindən danışdı
Sahibə Qafarova

"Bildiyiniz kimi, mayın 31-dən iyunun 4-dək mənim rəhbərliyimlə parlament nümayəndə heyəti Pakistan İslam Respublikasında 1 və 2 iyunda işgüzar, 3 və 4 iyunda isə rəsmi səfərdə olub".

Bizimyol.info xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib:

"Hörmətli həmkarlar, iyunun 1-də və 2-də İslamabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransı keçirildi.

İlk öncə, hörmətli həmkarlar, xatırladım ki, İqtisadi Əməkdaşlıq Təşkilatı regional dövlətlərarası iqtisadi təşkilatdır və öz sıralarında 10 dövləti – Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanı birləşdirir.

Tədbir üzv ölkələrin parlament sədrlərinin çıxışları ilə başlandı. Mən öz çıxışımda iştirakçıların nəzərinə çatdırdım ki, Azərbaycan nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin inkişafına böyük önəm verir. Biz hesab edirik ki, təşkilatın üzvü olan ölkələr arasında çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi günün tələbidir.

Konfransda regional inteqrasiya naminə parlament tərəfdaşlığının təşviq edilməsinə dair fikir mübadiləsi aparıldı. Və mən öz çıxışımda dünya birliyini təhdid edən qlobal problemlərin həlli yollarına ümumi yanaşmaların müəyyən edilməsində parlamentlərarası əməkdaşlığın və parlament diplomatiyasının rolundan danışdım.

Qeyd etdim ki, təşkilatın üzvü olan ölkələr arasında inteqrasiya proseslərinin güclənməsi bizim bölgələrimizin zəngin təbii ehtiyatlarının, nəqliyyat imkanlarının və intellektual potensialının daha səmərəli istifadəsinə kömək edəcəkdir.

Xüsusi vurğuladım ki, Azərbaycan 30 ilə yaxın Ermənistanın işğalı ilə üz-üzə qalsa da, uğurlu regional layihələrin həyata keçirilməsinə nail olmuş, enerji təhlükəsizliyinin təmin edilməsində və enerjinin çatdırılma marşrutlarının şaxələndirilməsində mühüm tərəfdaşa çevrilmişdir.

Ötən ilin sonlarında Azərbaycan erməni işğalına son qoyaraq ərazi bütövlüyünü bərpa etdi. Bununla da bölgədə iqtisadi inteqrasiya üçün yeni imkanlar yarandı. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpasına dair geniş miqyaslı proqramlar icra edilməkdədir.

Bərpa-quruculuq işlərində bir sıra ölkələrin, əsasən Azərbaycanın dostu olan ölkələrin şirkətlərinin iştirak etdiyi də qeyd olundu.

Hörmətli həmkarlar, Konfrans çərçivəsində qadın parlament üzvlərinin iclası keçirildi və həmin iclasın ilk sessiyasına mən sədrlik etdim.

Bunu da qeyd edim ki, Konfransın ayrı-ayrı mövzulara həsr edilən panel iclasları keçirildi və həmin iclaslarda Azərbaycan nümayəndə heyətinin üzvləri iştirak etdilər.

Hörmətli həmkarlar, Konfransın gedişində Pakistan İslam Respublikasının Prezidenti cənab Arif Alvi və Baş naziri cənab İmran Xan hər biri ayrılıqda milli nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb söhbət etdilər və sonra bütün nümayəndə heyətləri qarşısında çıxış etdilər.

Konfrans çərçivəsində Azərbaycan nümayəndə heyəti ikitərəfli görüşlər də keçirdi. Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Mustafa Şentop, Özbəkistan Ali Məclisi Qanunvericilik Palatasının Sədri cənab Nurdinjon İsmoilov, Əfqanıstan Milli Assambleyası Xalq Palatasının Sədri cənab Mir Rahman Rahmani ilə aparılan danışıqlar, inanıram ki, parlamentlərarası əməkdaşlığın inkişafı baxımından çox əhəmiyyətli oldu.

Bu görüşlər zamanı torpaqlarımızın 30 ilə yaxın erməni işğalı altında olması, erməni vandallarının işğal dövründə şəhər və kəndlərimizi viran qoyması, 44 günlük Vətən müharibəsi nəticəsində işğalın aradan qaldırılması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, eləcə də müharibədən sonrakı dövrdə Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi, bu səbəbdən hərbi qulluqçularımızın və dinc sakinlərin minalara düşərək həlak olması barədə məlumatlar hər bir nümayəndə heyətinin nəzərinə çatdırıldı.

Hörmətli həmkarlar, Konfransın yekunu kimi İslamabad Bəyannaməsi imzalandı. Bu sənədin müddəaları təşkilat üzvlərinin bölgələrimizdə tərəfdaşlıq və əməkdaşlıq proseslərini inkişaf etdirmək əzmində olduqlarını bir daha nümayiş etdirdi.

Hörmətli həmkarlar, iyunun 3-də və 4-də nümayəndə heyətimizin, dediyim kimi, Pakistana rəsmi səfəri baş tutdu və düşünürəm ki, böyük uğurla keçdi. Qeyd edim ki, rəsmi səfər zamanı nümayəndə heyətimiz İslamabadda Azərbaycan Səfirliyini ziyarət etdi. Ulu öndər Heydər Əliyevin xatirəsi anıldı və onun büstü önünə güllər qoyuldu.

Səfər çərçivəsində Pakistan İslam Respublikasının Prezidenti cənab Arif Alvi, Pakistan Milli Assambleyasının Sədri cənab Əsəd Qeysər, Pakistan Senatının Sədri cənab Məhəmməd Sadiq Sancrani ilə və hər iki qurumun dostluq qrupları ilə səmərəli görüşlərimiz oldu.

Görüşlərdə bildirildi ki, dost və qardaş ölkələr olan Pakistanla Azərbaycanın münasibətləri strateji müttəfiqlik səviyyəsindədir.

Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanla Pakistanın bir-birinə qarşılıqlı dəstəyi bizim əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir.

Azərbaycanla Pakistan arasında mədəni-humanitar münasibətlərin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi vurğulandı. Bildirildi ki, bu sahədə görülmüş dəyərli işlər sayəsində Mehriban xanım Əliyeva 2015-ci ildə Pakistanın ali mükafatı olan "Hilal-e Pakistan" ordeni ilə təltif edilmişdir.

Hörmətli həmkarlar, Azərbaycan-Pakistan qardaşlığının tarixində son 30 ildə Ermənistanı tanımamağı, bu ölkə ilə münasibət qurmamağı xüsusi bir yer tutur. 2020-ci il isə bu dostluq tarixində yeni parlaq səhifə təşkil etmişdir. Vətən müharibəsinin ilk günlərindən Pakistan qətiyyətli mövqe sərgiləyərək, Azərbaycanın haqq işini müdafiə etmiş, ölkəmizə siyasi və mənəvi dəstək göstərmişdir.

Mən bu 30 il ərzində dəstəyə görə Pakistan dövlətinə və parlamentinə Azərbaycan tərəfinin dərin minnətdarlığını bildirdim. Eyni zamanda, qeyd etdim ki, Xocalı faciəsi ilə əlaqədar Pakistanın parlamenti və müxtəlif qurumları tərəfindən qəbul olunmuş sənədlər böyük əhəmiyyət daşıyır.

Hörmətli həmkarlar, həm Pakistan dövlətinin başçısı, həm də parlamentin hər iki palatasının rəhbərləri Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən böyük sevinc və qürur duyduqlarını bildirdilər. Onlar söylədilər ki, Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişdir və bundan sonra da dəstəkləyəcəkdir.

Hörmətli həmkarlar, görüşlərdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri ətraflı müzakirə olundu, ikitərəfli siyasi, iqtisadi, ticarət, mədəni əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulandı.

Hörmətli həmkarlar, səfər zamanı hər bir görüşdə mən xüsusi qeyd etdim ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra Ermənistan Qarabağda başlanmış bərpa və quruculuq işlərinə mane olur, minalanmış ərazilərin xəritələrini vermir, sərhəddə təxribatlar törədir, ərazilərimizə terrorçuların keçməsinə şərait yaradır, müharibə başa çatdıqdan sonra Azərbaycan ərazisində həbs olunmuş təxribatçıları "hərbi əsirlər" kimi qələmə verməyə çalışır. Mən xahiş etdim ki, Ermənistanın düşmənçilik hərəkətlərinin qarşısını almaq üçün beynəlxalq təşkilatlara təsir göstərilsin.

Baxmayaraq ki, müharibə bir neçə ay əvvəl başa çatıb, amma ermənilərin minaladığı ərazilərin xəritələrini vermədiyi səbəbindən, hələ də hərbi qulluqçular və dinc sakinlər həlak olurlar.

Yeri gəlmişkən, hörmətli həmkarlar, iyunun 4-də Kəlbəcər rayonu ərazisində mülki şəxslərin, o cümlədən 2 jurnalistin mina partlayışı nəticəsində həlak olmasının Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut etdiyini mən son gün görüşlərimdə də qeyd etdim. Və mən yeri gəlmişkən, həlak olanlara Allahdan rəhmət diləyir, yaralananların tezliklə sağalmasını arzulayıram. Və onu da qeyd edim ki, Milli Məclis adından rəhmətə gedənlərin ailələrinə başsağlığı verilmişdir.

Hörmətli həmkarlar, Pakistan parlamentinin üzvü olan 7 həmkarımız, o cümlədən Pakistan Milli Assambleyasının Sədri cənab Əsəd Qeysər və Pakistan Senatının Sədri cənab Məhəmməd Sadiq Sancrani iki ölkə arasında parlamentlərarası və dövlətlərarası münasibətlərin inkişafına verdikləri töhfəyə görə Milli Məclisin Fəxri medalı ilə təltif edilmişlər. Mən böyük ehtiramla bu medalları dəyərli həmkarlarımıza təqdim etdim.

Hörmətli həmkarlar, Pakistan İslam Respublikasının Senatında və Milli Assambleyasında fəaliyyət göstərən Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşümüz də çox səmərəli oldu. Görüşdə belə bir ümumi fikir ifadə edildi ki, iki dost və qardaş ölkə arasında münasibətlər, o cümlədən parlamentlərarası əlaqələr daha da inkişaf etdirilməlidir", - deyə spiker bildirib.

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxdı
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
Son xəbərlər
Bütün xəbərlər »