Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İş adamı: “AZAL prezidentinin sifarişilə həbs olunmuşam”
İş adamı: “AZAL prezidentinin sifarişilə həbs olunmuşam”

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov həbsinə görə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovu ittiham edir. İş adamı iddia edir ki, şirkətin tam əlindən alınması üçün ona müxtəlif üsullarla təzyiq göstərilib.

Bizimyol.info xəbər verir ki, İlqar İsmayılov bu barədə iyunun 7-də məhkəmədə ifadə verərkən danışıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyilə baxılır.

İş adamının vəkili İlhamə Həsənova bildirib ki, müvəkkili 2013-2016-cı illər ərzində özünə məxsus olan şirkətdən – “İdeal Kompani”dən 680 min manat vəsaiti mənimsəməkdə ittiham edilir. Halbuki, İlqar İsmayılov həmin dövrdə şirkətin xəzinəsinə 10 milyon manatdan artıq vəsait mədaxil edib. Vəkil həmin mədaxil qəbzlərinin sübutlar siyahısına daxil edilməsi, məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsini istəyib. Amma hakimlər ona “yox” deyib.

İlqar İsmayılov İlqar İsmayılov

Bu cür yanaşma müdafiə tərəfini qane etməyib. Vəkillər Əli Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyasına etiraz verib. Müdafiə tərəfi hesab edir ki, bu məhkəmə tərkibi işin obyektiv, hərtərəfli araşdırılmasında maraqlı deyil. Amma etiraz da baxılmamış saxlanılıb.

Daha sonra İlqar İsmayılov ifadə verib. Özünü qətiyyən təqsirli bilmədiyini vurğulayan iş adamı bildirib ki, “İdeal”ı 1999-cu ildə təsis edib. 2011-ci ilə qədər şirkətin tək sahibi olub. 2011-ci ilin noyabrında AZAL rəhbəri Cahangir Əsgərov və xanımı Zərifə Həmzəyeva bu şirkətin yarısını almaq istədiklərini bildirib. Şirkətin səhmlərinin 50 faizini Zərifə Həmzəyevanın “Gazelli” şirkətinə satıb.

Daha sonra Zərifə Həmzəyevanın rəhbərlik etdiyi başqa bir qurum - “Premium Bank” ona kredit təklif edib: “Çox sonra başa düşdüm ki, sən demə, şirkətdə qalan payımı əlimdən almaq üçün tələ imiş bu kredit. Kredit götürdüm, sonra müqavilə şərtlərini dəyişdilər, özü də məndən xəbərsiz. Uzun sürən təzyiqlərdən sonra məcbur olub qalan 50 faizin yarısını da onlara satdım. Yenə əl çəkmədilər”.

İlqar İsmayılovun sözlərinə görə, qalan 25 faizi də əlindən almaq üçün onu 2017-ci ildə saxta ittihamla həbs etdiriblər. 3 aydan çox həbsdə qaldıqdan sonra “Premium Bank” rəhbərliyi həbsdə onun yanına gəlib: “Vəkillə mənim yanıma gəldilər, Penitensiar Xidmətdən mənim sorğuma bu barədə rəsmi cavab verilib. Əlimdə bunu təsdiqləyən sənəd var. Mən notarial qaydada etibarnamə verdim. “İdeal”dakı qalan 25 faizlik payımı da əlimdən alandan sonra məni buraxdılar. Daha sonra barəmdəki cinayət işinə xitam verdilər”.

İlqar İsmayılov vurğulayıb ki, başına gələnlərlə bağlı məhkəmələrə üz tutduğu üçün Cahangir Əsgərovun sifariş əsasında yenidən həbs edilib: “Mənə ittiham verilib ki, şirkətin 680 min manatını mənimsəmişəm. Mən öz pulumu necə mənimsəyə bilərəm? Həmin dövrdə ondan 10 dəfə artıq məbləğdə şirkətə vəsait mədaxil etmişəm. Əlimdə bunu təsdiqləyən qəbzlər də var. Məhkəməyə təqdim edirəm. Amma nədənsə qəbul eləmək istəmirsiz....”

İş adamının işi üzrə növbəti məhkəmə prosesi iyunun 21-də keçiriləcək.

İlqar İsmayılovun 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər
Bütün xəbərlər »