Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yalıncığın fürsət düşən kimi üzə çıxan yalançı nəvələri
Bakı şəhəri

3 gündür özünü qazi elan eləmiş, lakin əslində dələduzluqla məşğul olmuş bir nəfər mediamızın gündəmini o qədər zəbt etdi ki, iki şəhid media nümayəndəmizin yasını unutdurdu. İş o həddə çatdı ki, o saxta qaziyə görə bir neçə media agentliyi bir-birinə girdi, əməkdaşlar üz-üzə durdu.

Saxta əlil yenə dincəlməyib üzü-üzümüzə “sizə ayıb olsun” deyəcək qədər fəndgir tərpəndi. Və təəssüf ki, cəmiyyətdə elnurlar çoxdur. Yaxından tanıdığım bir məcburi köçkün gəlib Bakıya yerləşəndə ağsaq idi, deyirdi vaxtilə özünə məxsus mal-qaranı otaranda it qapıb onu. Üstündən çox keçmədi ki, "minaya düşmüşəm, yaralanmışam" şousu yaratdı, hökumətdən əlil kimi müavinət aldı və bu gün də davam edir. Üstəlik, bununla qalmayıb ətrafındakılara da yolu yöntəmi öyrətdi və bir kəndin adamının hamısının əlində ya dəlilik kağızı var, ya da müharibə əlili sənədi.

Bu, faktdır, sadəcə rayon və kəndin adını çəkib ikitirəlik yaratmaq niyyətim yoxdur. (Belə-belə faktlara görə bu gün doğru yalançıya qarışıb, ƏƏSMN saxta əlillərin ləğvi naminə qurunun oduna yaşı da yandırır).

Bu günlərdə övladına fədakarlıq edən bir süpürgəçi xanımı da eləcə müqəddəsləşdirdik az qala. Amma tanıyanlar yaxşı bilir ki, məsələnin iç üzündə nələr var. Onun barəsində də köməyə ehtiyacı olan o balaca qıza görə susmalı olduq. Amma bu kimi gərəksiz şöhrəti sabah əlində Elnur kimi silaha çevirib onun da üzümüzə tüpürməyəcəyini kim bilir? (Ki, bu da onun etmədiyi iş deyil - şantajla çox ev yıxıb).

Şahbazla Dilqəmi qəhrəmanlaşdırdıq, gəlib çıxan kimi bir-birlərini satqınlıqla ittiham etdilər.

Oğrular həmişə elə bağırmağı öyrəniblər ki, doğrunun bağrı yarılsın. Günah gərəksiz adamları bütləşdirən bizlərdədirmi?

Şəhid ailəsinin üzvü Behbudov Cəlal Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən hər hansı bir işlə təmin olunmadığından şikayət edib. İcra hakimiyyəti onu 4 dəfə qəbul edib. Lakin adam verilən işlərdən məmnun qalmayıb.

İcra hakimiyyətinə sual veririk ki, doğrudanmı bir fəhlə işi yoxdur işlə təmin edəsiniz? Cavab olaraq bildirildi ki, pandemiya ilə əlaqədar əksər müəssisələrin işində passivlik müşahidə edilir. Lakin aprelin 23-də icra başçısı tərəfindən onlayn qaydada qəbul edilib və yenidən işlə təmin olunmasına köməklik göstərilməsini xahiş edib.

“Ona Biləsuvar şəhərinin Heydər Əliyev küçəsində yerləşən çörək və şirniyyat bişirmə müəssisəsində 300-350 manatlıq fəhlə işi təklif etdik, razılaşmadı. Sonra rayonumuzun ərazisindəki "Azərsun” şirkətinə müraciət etdik ki, şəhid ailəsinin üzvünə kömək etsin. Ordan dedilər ki, ona dair iş var. Mövsümi iş və Biləsuvar rayonu Bəhrəmtəpə magistral avtomobil yolunun Nəsimi kəndinin ərazisində yerləşən heyvandarlıq fermasında malabaxan işi, maaşı da 450 manat. Lakin şəhid ailəsinin üzvü yenə imtina edib. Bildirib ki, sizdən yuxarılara şikayət edəcəyəm. Rayon yerində 450 manatlıq iş əlində peşəsi, sənəti, diplomu olmayan birisi üçün normal iş təklifidir. Amma adam statusundan istifadə edib narazılıq edir.

Hər təbəqədən qəribə insanlara rast gəlirik. 3 gündür jurnalist həmkarlarımız düşmən terrorunun qurbanı olub. Bu, bizim əlimizdə dünyaya haray salmaq üçün mühüm bir səbəbdir. İdeologiyasından asılı olmayaraq hamımız üçün. Çünki öldürülən azərbaycanlıdır. Xaricdən qabağına yal tökülən bir qrup satqın isə deyir ki, “ yox, onlara görə bəsdir yazdınız, həbsdəki müxakifətçilərin azad edilməsindən yazın, bu jurnalistlər dövlətə işləyiblər”. Düşmənə işləsələr, daha yaxşı olardı? Bizim içimizdəki bu cür düşüncə sahibləri nə zaman yarandı, kimlərin qanını, genini daşıyırlar?

Bu sualın qarşısında yadıma bir zamanlar efirdə danışan bir oğrunun özünə haqq qazandırmağı düşdü. Demişdi ki, “Dədə Qorqud vaxtından yaxşı kişilərin hamısı döyüşlərdə həlak olub, nə Koroğlunun, nə Nəbinin, nə Beyrəyin övladı qalmayıb ki, soyu davam edə. Pis adamlar hamısı Yalıncığın nəslindən törəyənlərdi. Görünür, mən də Yalıncığın nəvəsiyəm”.

Nə çox nəvəsi varmış Yalıncığın , İlahi. Yağışdan sonra göbələklər bitir, fürsətlərdən sonra yalançılar.

İlhamə

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
››› Putin 56 nəfərə general rütbəsi verib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Paşinyan: Azərbaycan və Rusiya ilə birlikdə Kəlbəcər-Sotk sərhədindəki problemin yekun həllinə yaxınlaşırıq
Son xəbərlər
Bütün xəbərlər »