Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qərblə Çin arasında gərilim böyüyür...
Qərblə Çin arasında gərilim böyüyür...

Bayden: Dünyada qaydaları ABŞ və Avropa müəyyən etməlidir, Çin yox!

Si Tsipin: "Müttəfiqlərimizin dairəsini genişləndirməyin vaxtı çatıb"

ABŞ özünə yeni prezident seçdikdən sonra birinci kürsüyə əyləşən qocaman siyasət adamı Co Bayden son illər ABŞ-ın qlobal miqyasda zəifləyən nüfuzunu bərpa etməyi özünün prioritetləri sırasına qoydu. Hərbi-siyasi doktrinaya əl gəzdirdi, Rusiyanı düşmən, artan iqtisadi güc olan Çini isə rəqib olaraq təsbit etdi, bu planda dünyada mövcud olan bütün avtoritar, diktatura rejimlərinə müharibə elan etdi və meydan oxumaqda davam etməkdədir. Ən son, bu yaxınlarda imzalanan anti-korrupsiya haqqında qanun isə korrupsiyalaşmış rejimlərə qarşı mübarizədə ABŞ-ın yeni administrasiyasının niyyətində nə dərəcədə ciddi olmasına şübhə yeri qoymur.

Baydenin ən son bəyanatı isə daha konkret idi. "Dünyada siyasi-iqtisadi oyun qaydalarını Çin yox, ABŞ və Avropa müəyyənləşdirməlidir" dedi. Kifayət qədər sərt ismarıcdır və bunun altında Şərq ölkəsinə qarşı yeni sanksiya və məhdudiyyətlərin yatdığı kimsəyə sirr deyil. Bütün bunlar Çinin artmaqda olan qlobal iqtisadi-siyasi nüfuzunun artıq Qərb dairələrini ciddi şəkildə narahat etməsindən xəbər verir. Daha dərin düşünsək, ABŞ London və Pekinin təkqütblü dünyanı çoxqütblü dünyaya dəyişmək planlarına qarşı qıcıqlanır və buna qarşı yeni-yeni planlar cızmaqdadır. Böyük Britaniya ilə Çinin münasibətlərinin strateji planda dərinləşməsi bəzi Avropa ölkələrinin ABŞ-ın qoyduğu geosiyasi dəsti xəttə yenidən baxmağa vadar edir və təbii ki, Qərb-Şərq (West-East (WE - yəni, BIZ)) meqalayihəsinin həmmüəllifi olan London onlarla birlikdə olmaq üçün qapını bir müddət açıq saxlamaqda davam edəcək. Bəzi Avropa ölkələrinin bu yeni gəlişməyə marağını artıran Böyük Britaniyanın bu planın qarant ölkəsi olmasıdırsa, digər bir vacib məsələ isə, Çinin səxavət kisəsini gen-bol açmasıdır. Ölkərə inkişaf etmək üçün böyük pullar gərəkdir, ABŞ isə bu planda biraz ləngdir və geri qalır.

Uzaq Şərqin ən böyük ölkəsi isə yeni düzən fonunda yeni çağırışlar etməkdə davam edir. Belə ki, Çin Xalq Respublikasının lideri Si Tsipin inqilab kimi xarakterizə olunacaq bəyanatlar verib. Kommunist Partiyasının plenar iclasında çıxış edən Si bəyan edib ki, artıq dünyada "Dostların dairəsini genişləndirməyin zəruriliyinin" vaxtı çatıb və bundan ötrü Çinin bir dövlət olaraq "Etibarlı xoş imicini" yaratmaq ideyasını irəli sürüb. Çin liderləri artıq başa düşməyə başlayıb ki, Co Bayden zarafat eləmir, aldığı yeni strateji qərarların onları gözləyən aqibəti fonunda ölkə qlobal miqyasda təklənə bilər və indidən Çinin yanında olacaq dövlətlərlə qurulacaq münasibətlərdə güzəştlər etməlidir.

Bununla da, yoldaş Si bizə açıq mesaj vermiş oldu ki, yeni dönəmdə Çin özünün xarici və diplomatik siyasətində köklü dəyişikliklər etmək üçün böyük açılım qərarı almağa yaxındır. Önəmli olan həm də budur ki, Çin lideri məlum açıqlamaları Qərblə münasibətlərinin pisləşməsi fonunda bəyan etməkdədir. Xatırladaq ki, bir sıra beynəlxalq təşkilatlar Göy İmperatorluğunu Sincandakı uyğurlar, qazaxlar və digər müsəlmanların həbsxanalarda, konslager tipli düşərgələrdə insanlığa zidd davranışlara, təzyiqlərə məruz qalmaları, o cümlədən Honq Konqda demokrat, azadlıqlar istəyən aktivistlərin fəaliyyətini boğmaqda günahlandırırlar. Ümumiyyətlə, Çinin öz maliyyə qüdrətini işə salmaqla "Bir Kəmər, Bir Yol" meqalayihəsi adı altında zəifləmiş ölkələri özündən asılı vəziyyətə salmaq siyasəti, rəsmi Londonun isə bu planın bir parçası olması Qərbi, konkret isə ABŞ-ı özündən çıxarmaqdadır.

Si Tsipin bəyan edib ki, Pekinin dünyanın yerdə qalan bütün ölkələri ilə münasibətlərində "açıq, etibarlı və balanslı" olması son dərəcə zəruridir.

Bu açıqlamar uzun illər qapalı qutu olan bir rejim üçün gerçək mənada fövqəladə inqilabi sayıla bilər və belə başa düşmək olar ki, Çin Qərbdən gələn təzyiqləri azaltmaq və ətrafında güclü bufer zona yaratmaq məqsədi ilə istər daxili siyasətində, istərsə də xaricə yönəlik həm siyasi, həm də iqtisadi əlaqələrində yumşalmalara getməkdə maraqlı görünür. Münasibətlərini yaxşılaşdırmaq istədiyi ölkələr arasında, əlbəttə ki, Avropa ölkələri də var. Azərbaycan isə bütün bu qlobal açılım sürəcinin ən önəmli həlqələrindən biri olmağa namizəd ölkələrdəndir. Son vaxtlar Çinin birinci şəxs səviyyəsində Azərbaycanla bağlı ciddi bəyanatlar verməsi və Bakı ilə Pekinin münasibətlərinin strateji tərəfdaşlığa qədər dərinləşməsi gözdən qaçmır. Bir məlumat da paylaşaq ki, hələ bir neçə il bundan qabaq Pekin Azərbaycanın əlvan metallurgiya sənayesinin inkişafı üçün 5 milyard ABŞ dolları investisiya ayırıb. Qarabağ probleminin birdəfəlik həllinin həm də bu sərmayə planının bir hissəsi olduğu məlumatlar arasındadır, çünki Çin bununla Azərbaycanın Qarabağda yerləşən zəngin əlvan metal filiz yataqlarına giriş əldə edəcəkdi. Çin məhz həm də bunu əsas tutaraq Cənubi Qafqazda strateji tərəfdaş kimi Azərbaycanı seçib. Pekin üçün daha bir açar ölkə isə Avropa qapısı hesab etdiyi qardaş Türkiyədir. Qarşılıqlı ticarət dövriyyəsini artırmaq istiqamətində siyasi təmasların çoxaldığı indiki dövrdə Ankaranın nail olmaq istədiyi əsas məsələ türk mallarının Çin bazarına girişini asanlaşdırmaqdır. Çində bununla bağlı ciddi rejim olsa da, Si Tsipinin son bəyanatı bu mövzunu da aktuallaşdıracaq. Məsələn, bir çox sənaye ölkələrinin mallarının Çin bazarlarına ayaq açması üçün məhdudiyyətlərin qaldırılması oxşar açılım addımlarından ola bilər. Qardaş Türkiyə ilə bu istiqamətdə danışıqların getdiyi və qarşılıqlı güzəştlərə dayanan iqtisadi proqramların olduğunu bilirik.

Göründüyü kimi, qlobal pamdemiyanın gətirdiyi iqtisadi çətinliklər böyük dövlətlər üçün bir-birilə münasibətlərdə yeni yol axtarışları, geosiyasi açılımlar, siyasi dəyişikliklərə getməyi qaçılmaz edir. Böyük dövlətlər pandemiyadan qabaq dövrü artıq keçmiş və qapanmış hesab edərək, pandemiyadan sonrakı zaman dilimində münasibətlərə yenidən baxmaq və yeni çağırışların gətirdiyi reallıqları nəzərə alaraq davam etməyin zəruriliyini başa düşürlər. Bütün bu baş verənlərin dünyanın gələcək siyasi-iqtisadi mənzərəsini necə dəyişəcəyi isə, ilin sonuna qədər bir-birilə qarşıdurma həddində olan dövlətlərin alacağı qərarlardan asılı olacaq.

Mirzə Rəşad Bakuvi Mirzə Rəşad Bakuvi

Müəllif: Mirzə Rəşad Bakuvi

Son xəbərlər
Bütün xəbərlər »