Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cəsur döyüşçü: "Qubadlıda ayaqlarımın basdırıldığı məkanı ziyarət edəcəyəm" - Videoreportaj
Cəsur döyüşçü: "Qubadlıda ayaqlarımın basdırıldığı məkanı ziyarət edəcəyəm" - Videoreportaj

Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı müharibənin zəfərlə bitməsində payı olanlardan biri də əsgər Alxasov Camal İlqar oğludur.

Əslən Quba rayonundan olan C.Alxasov 2001-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib. 2019-cu ildə Sumqayıtda 34 saylı orta məktəbi bitirib. Həmin ilin aprel ayında həqiqi hərbi xidmətə çağrılıb. O dövrdə cəbhə bölgəsi sayılan ərazidə yerləşən N saylı hərbi hissədə xidmət edib. Müharibədə iki ayağını itirib. Vətən müharibəsi qazisidir.

Döyüş yolunu "Report"la bölüşən C.Alxasov deyib ki, müharibə başlayanda ilk olaraq Füzuli istiqamətində gedən döyüşlərə qatılıb.

Qazi bildirib ki, müharibə dövründə sürücü kimi xidmət edib və hərbçilərimizə silah-sursat, yemək daşıyıb: "Yəni ordunun təminatına baxırdıq. Füzuli, Cəbrayıl, Qubadlı istiqamətlərində təminat daşımışam. Oktyabrın 31-də maşınımızın Qubadlıda alınmış erməni postunda qaldığı deyildi. Komandir bizə həmin maşını çıxarmağı tapşırdı. Post uğrunda səhər qızğın döyüşlər olmuşdu və post ermənilərdən alınmışdı. Yalnız bir təpə qalmışdı. Biz ora getdik. 3 nəfər idik, maşını təmir etməyə başladıq. Yarım saat olardı ki, həmin alınmayan təpədən ermənilər bizi mərmi yağışına tutdu. Birinci mərmi maşının qabağına düşdü. Onda gözümdən və əlimdən yüngül yaralandım. Həmin vaxtı biz postun içərisinə doğru qaçdıq. Daha 2 mərmi atıldı. Bu zaman heç nə olmadı. Uşaqlar artıq postun zirzəmisinə düşmüşdülər. Posta 10 metr qalmış dördüncü mərmi atıldı və arxamda yerə düşdü. Artıq dalğa məni göyə qaldırıb tulladı. Həmin vaxt qəlpə kəsən ayaqlarımın göydə fırlandığını gördüm. İki dəfə qışqırdım, yoldaşlarım məni sürüyüb posta saldılar. 3 saat orada qaldım. Çoxlu qan itirdiyimdən gözlərim tutulmuşdu. Bəxtim gətirdi ki, ayağımın şah damarını qəlpə yandırmışdı. Ermənilər dayanmadan həmin əraziyə mərmi atırdı və maşınlar gəlib bizi götürə bilmirdi”.

Cəsur döyüşçü: "Qubadlıda ayaqlarımın basdırıldığı məkanı ziyarət edəcəyəm" - Videoreportaj

Qazimiz deyib ki, düşmən 30 il ərzində çox çətin yarıla bilən beton bunkerlər inşa etmişdi: "Onlar elə bilirdilər ki, bu bunkerlər onlara kömək edəcək, amma rəşadətli Ordumuz tərəfindən o bunkerlər darmadağın edildi. Bunkerlər çox çətin yarıla bilən beton sədlərdən ibarət idi, bəzən qalınlığı divarların 1-2 m qədər çatdırdı. Bundan əlavə, düşmən bizim üçün sürpriz minalar hazırlamışdılar. Komandirimiz bizə dəfələrlə tapşırıq verdi ki, adi stəkana belə əl vurmayın. Çünki döyüş yoldaşım bu sürpriz bombanın qurbanına çevirilmişdi".

C.Alxasov qeyd edib ki, protezlə tam təmin olunandan sonra ilk ziyarət etdiyi yer Qubadlıda ayağının basdırıldığı məkan olacaq: "Heç kim sağ qalacağıma inanmırdı. Çox çətin və riskli əməliyyatı Roman Çobanov adlı həkim etdi. İlk olaraq Ehtiram müəllimin, daha sonra Roman həkimin sayəsində mən bu gün sizinlə söhbət edirəm. Əməliyyatdan ayılanda dəhşətli ağrılar hiss edirdim. Ayaqlarımdan birini baldırdan yuxarı, digərini isə bir az aşağı kəsdilər. Buna səbəb isə ayağımın zərbədən təmiz parçalanması idi. Bir neçə santimetr sümük saxlaya bildilər ki, gələcəkdə protez düzəldiləndə istifadə edim. Bir onu bildim ki, dedilər ki, təcili Bakıya çatdırılmasam, yaşama şansım az olacaq. Bakıya isə çatmağım, hansı vəziyyətdə çatacağım sual altında idi. Çox riskli olsa da, itirəcəyim heç nə qalmamışdı. Ehtiram məni Fəxri həkimlə birgə ambulansla Bakıya gətirib çatdırdı".

Cəsur döyüşçü: "Qubadlıda ayaqlarımın basdırıldığı məkanı ziyarət edəcəyəm" - Videoreportaj

Qazimiz dövlətin ona olan diqqət və qayğısından da söz açıb: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənə yüksək texnologiyalı protezlə təmin edilməsi işlərinə başlanıb. Yaxınlarda qardaş Türkiyədə yerləşən Gülhanə xəstəxanasında müayinə olunacam. Eyni zamanda, mənə 1-ci qrup əlillik verilib. Daha sonra mühərrikli təkərli oturacaqla və kiçik biznes fəaliyyətimi qurmağım üçün özünəməşğulluq proqramı çərçivəsində lazımi avadanlıqlarla təmin edilmişəm. Qazilərə göstərilən xidmətə görə dövlətimizə, Ali Baş Komandana təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamları ilə C.Alxasov “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Son xəbərlər
Bütün xəbərlər »