Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib
Milli Məclis

Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin onlayn formatda iclası keçirilib.

Bizimyol.info xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, komitə sədri Bəxtiyar Əliyev “Milli Məclisin 2021-ci ilin yaz sessiyası dövründə Elm və təhsil komitəsində görülən işlərin hesabatı”nı təqdim edib. Bildirib ki, yaz sessiyasında komitənin 8 iclası keçirilib, 15 məsələyə baxılıb, iş planında nəzərdə tutulan məsələlər həllini tapıb. Yalnız “Ali təhsil haqqında” qanun layihəsi üzərində iş davam edir və sənəd yaxın vaxtlarda yeni redaktədə komitənin müzakirəsinə çıxarılacaq.

Deputatlara məlumat verilib ki, hesabat dövründə keçirilən iclaslarda vətəndaşların konstitusion hüquqlarının qorunması, sosial vəziyyətinin yaxşılaşdırılması, təhsil imkanlarının genişləndirilməsi, həssas qruplara dövlət qayğısının gücləndirilməsi kimi məsələlər diqqət mərkəzində olub. Komitə üzvləri qanunvericilik fəaliyyəti ilə yanaşı, seçicilərlə görüşlərdə qaldırılan problemlərin həllinə də xüsusi önəm veriblər. Yaz sessiyası ərzində komitəyə daxil olan 93 müraciətə baxılıb və müvafiq tədbirlər görülüb. Pandemiya şəraitinə baxmayaraq, komitə üzvləri beynəlxalq parlament təşkilatları çərçivəsində, həmçinin parlamentlərarası əlaqələr üzrə işçi qrupları səviyyəsində keçirilən tədbirlərdə də fəal iştirak ediblər.

Onlayn iclasda aparılan fikir mübadiləsində Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı, deputatlar Anar İsgəndərov, Aqiyə Naxçıvanlı, Ceyhun Məmmədov, Etibar Əliyev, İsa Həbibbəyli hesabatı məqbul sayıblar.

Sonra iclasda “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Onkoloji yardım haqqında”, “Sosial xidmət haqqında”, “Mədəniyyət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Məşğulluq haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə olunub.

Komitə sədri bildirib ki, qanun layihəsi bütövlükdə vətəndaşların daha keyfiyyətli xidmətlərlə təmin olunmasına, dövlətin əlillərə qayğısının daha da gücləndirilməsinə yönəlib.

İclasda qanun layihəsini təqdim edən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, nəzərdə tutulan dəyişikliklər əsasən əlilliyin təyinində faiz indikatorunun tətbiqini, bu sahəyə dair qabaqcıl beynəlxalq təcrübənin və standartların milli qanunvericilikdə təsbit olunmasını ehtiva edir.

Müzakirə zamanı deputatlar Kamilə Əliyeva, Pərvin Kərimzadə, Etibar Əliyev, Ceyhun Məmmədov, Müşfiq Məmmədli, Şahin Seyidzadə rəy və təkliflərini bildiriblər. Yekunda sözügedən qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Onlayn iclasda, həmçinin Elm və təhsil komitəsinin üzvləri Ülviyyə Ağayeva, Tamam Cəfərova, Eldar Quliyev, Fatma Yıldırım və digər rəsmi şəxslər iştirak ediblər.

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› “Paşinyan Azərbaycanla sülh sazişi imzalayacaq” - Ermənistan mediası
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
Son xəbərlər
Bütün xəbərlər »