Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Uşağın kürəyinə banka qoyduq deyə dövlət əlimizdən almaq istədi”
Uşaq - ailə

5 il öncə Hollandiyada yaşayan azərbaycanlı dostlarımız qonaq gəlmişdilər. Ordakı həyatalarından danışarkən evin kişisi dedi ki, az qala uşağı əlimizdən almışdılar. “Balaca qızım soyuqlamışdı deyə anası belinə banka qoyub, məktəbdə müəlliməsi uşağın belindəki banka izlərini görüb, elə bilib ki, uşağa evdə əziyyət veririk. Polisi, sosial qurumları tökdülər evimizə. Bir təhər başa saldıq ki, bu işgəncə deyil. Hollandiyada uşaq bircə dəfə ata-anasından şikayət edirsə, onu valideynlərindən alıb dövlətin nəzarətinə verirlər”. Bizdə valideynlərin davranış tərzindən əziyyət çəkən minlərlə uşaq var ki, kimsə haraylarını eşitmir.

Yer üzündə var olan hər bir canlının yaşam missiyası artmaq, nəslini davam etdirməkdir. İnsana bu missiyanı Tanrı sevgi ilə qoşa verib ki, yükü çiyinlərinə ağır gəlməsin. Azərbaycan xalqı üçün övlad bir başqa anlam daşıyır. Ailə quran cütlüklərin qanunmuş kimi mütləq şəkildə övladları olmalı, ailəni uşaq səsi doldurmalıdır. O övladı da yetkinlik yaşına çatana qədər yox, ömrü boyu qoruyub, müdafiə etmək kimi bir borcla yüklənir Azərbaycan valideynləri. Uşaq məktəbə getməli, oxumalı, savad və ya peşə sahibi olmalı, evləndirilməli, onun üçün ev-eşik qurulmalıdır. Qız gələcəyin anası, oğul düşmən çəpəri deyib uşaqlara gələcək vəzifələrini kodlayırıq.

Bütün bunlar çox gözəldir. Sadəcə, kiçik bir nüans olmasa. Həyatın qaçhaqovunda lampadan çıxan cin kimi balaca vəliəhdin gələcəyi naminə ora-bura qaçıb, canını oda-közə vurarkən, ona sevgi verməyi unudururq, etdiyimiz əmək də bir minnət borcuna çevrilir.

Bir uşaq üçün bu dünyada rəngli oyuncaqlardan, bəzək-düzəkli evlərdən önəmlisi valideynləri, bacı-qardaşları tərəfindən sevilməkdir. Soyuq, kinli, acıdilli bir valideynin tərbiyəsi altında böyüyən kiçik insan bəlkə nə zamansa bir vəzifə, bir elm, məqam sahibi olacaq, amma böyük insan olacaqmı? Uşaq ailənin güzgüsüdür və uşaq vaxtı gördüklərimiz, yetişdirilmə tərzimiz gələcək taleyimizi bəlirləyir. Bir uşağa verilən yanlış tərbiyə yüzlərlə ailəyə mənfi təsir göstərir, gələcəyin böyük adamı hələ balacaykən ətəyinə yığdığı xarakter parçaları ilə başqa ailələrin uşaqlarına təsir göstərməyi bacarır çünki.

Azərbaycan ailələrinin ən böyük nöqsanı böyüklərinin yanında övladlarına sevgi göstərməyin ayıb kimi təqdim edilməsi olub. Nə yaxşı ki, bu ənənə aradan qalxmaqdadır. Amma 40 il öncəyə qədər məhz elə bu soyuq divarların hörülməsi ailə fərdlərini bir-birlərinə qarşı kar-kor edirdi.

“Uşaq döyülə-döyülə böyüyər, döyülməyən düyüdən aş olmaz, uşaqdı nə qanır, sərt tərbiyə görməsə, pozular” deyərək sevgisini uşağına göstərməkdən qorxan ailələr var. Bu tərbiyə altında böyüyən uşaq da zamanla öz ailəsinə eyni şəkildə davranacaq, şiddətə meyilli sevgisiz bir varlığa çevriləcək. “Dünyanı sevgi xilas edəcək” demişdi bir müdrik adam . Bir kişi ilə bir qadının sevgisini deməmişdi o müdrik. Sevgi içində yetişdirilib, özündən sonra gələn insanlara da bu sevgini ötürən varlıqlardan - bizlərdən, insanlardan, insan yetişdirənlərdən bəhs etmişdi.

Bu gün övladlarımıza hər kəsin arzusunda olduğu o təmtərağı verə bilmiriksə, üzülməməliyik, sevgi ilə saçını tumarlamağımız, zaman ayırmağımız, onun önəmli olduğunu hiss etdirməyimiz yetər. Nə zamansa xatırlayıb gülümsünə bilməsi üçün hər gün uşaqlara kiçik fürsətlər verin. Bu havayıdır. Dünyanın ən önəmli, ən əvəzolunmaz, ən qymətli varlığını Allah ədalətlə hamımıza verib. Onun adı sevgidir.

1950-ci ildə BMT Baş Assambleyası 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verib və iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Bu bayramla yanaşı BMT-nin Baş Assambleyası tərəfindən 1954-cü il 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. 2009-cu il "Uşaq ili" elan olunmuşdu.

İlhamə Rəsulova

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Paşinyan: Azərbaycan və Rusiya ilə birlikdə Kəlbəcər-Sotk sərhədindəki problemin yekun həllinə yaxınlaşırıq
››› 15 erməni Ermənistana təhvil verilib
››› Şəkərli diabet və skleroz xəstələrinin reyestri yaradılacaq
Son xəbərlər
Bütün xəbərlər »