Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Saleh Məmmədovun himayə etdiyi adamlar dövlət əmlakını talan edir” - Rəsmi cavab
Saleh Məmmədov

Redaksiyamıza Göyçay rayonu Çərəkə kənd sakini Kərimov Samir Adil oğlu tərəfindən şikayət məktubu daxil olub. Məktubda bildirilir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun himayə etdiyi, Göyçayda yerləşən "ATF" MMC və 17 saylı Yol İstismar İdarəsinin rəhbəri dövlət əmlakını və vəsaitini talan edir.

“Belə ki, "ATF" MMC Göyçay rayonunda asfalt yollarının tikintisi ilə məşğul olur. Bu şirkəti Azad, Təbriz və Faxrəddin Muradov qardaşları yaradıblar. Şirkətin adı da onların adlarının baş həriflərinin birləşməsindən ibarətdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun himayəsi altında yaranmış bu şirkət nəinki Göyçayda həttda Azərbaycanın müxtəlif yerlərində - İsmayıllının Basqal, Ucarın Yuxarı Şilyan, Bərgüşad, Bağman kəndlərində, Göranboyda, Tərtərdə, Balakəndə hazırda yol tikintisi işləri görürlər. Yol tikintisi üçün ayrılan milyonlarla manatı rahat şəkildə talan etmək üçün Saleh Məmmədovun saxta tender oyunlarını demək olar ki, ancaq "ATF" MMC şirkəti udur. Hətta iş o yerə çatıb ki, Göyçayda yerləşən 17 saylı Yol İstismar İdarəsinin müdiri Rəşad Kərimovu işdən çıxardıb yerinə "ATF" MMC-nin təsisçilərindən olan Təbriz Muradovun oğlu Tehranı ora müdir təyin ediblər. Bundan sonra dövlətin idarəsi olan 17 saylı Yol İstismarı İdarəsinin bütün texnikaları "ATF" MMC-nin tenderdə udub apardığı yol tikintisi işlərinə qanunsuz olaraq cəlb edilib. Bu əməlin başında Saleh Məmmədov dayanıb”,- deyə şikayətçi bildirir.

Kərimov Samir Adil oğlunun sözlərinə görə, o, 03 dekabr 2013-cü il tarixdən 17 saylı Yol İstismarı İdarəsində sürücü vəzifəsində işləyib və 2020-ci il tarixdə isə qanunsuz olaraq Əmək Məcəlləsinin 70 -ci maddəsinin "Ç" bəndi ilə onu işdən uzaqlaşdırıblar.

“İşimdə heç vaxt nöqsana yol verməmişəm, verilən tapşırıqları layiqincə yerinə yetirmişəm. "ATF" MMC-nin İsmayıllı rayonunun Basqal kəndində apardığı yol tikintisi işlərinə cəlb edilsəm də, yüksək qan təzyiqinə görə orada işləyə bilmədiyim üçün Tehran Muradov 31 avqust 2020-ci il tarixdə qanunsuz olaraq məni işdən çıxarıb. Ancaq əmək məcəlləsinin tələblərinə görə, mənə son haqq-hesab pulu ödənilməli olsa da, indiyə qədər verilməyib. Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun himayəsi altında 17 saylı Yol İstismarı İdarəsinin müdiri Tehran Muradov həyata keçirir. Mənim son haqq-hesab pulumun ödənilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət ərizəsi ilə müraciət etdim. Bundan sonra nazirlik mənə cavab verib bildirdi ki, sizə qarşı qanunsuzluq edilib, qanuna müvafiq qaydada tədbir görüləcək. Ancaq heç bir tədbir görülmədi. Çünki Muradovlar nəslinin gücü qanunlardan üstün tutulur”.

Şikayətçinin sözlərinə görə, 17 saylı Yol İstismarı İdarəsində texnikalar xarab olanda onu sürücü öz vəsaiti hesabına təmir etdirir. Dövlətin bunun üçün ayırdığı vəsaiti isə Tehran Muradov talan edir.

“Hansı qanuna əsasən dövlətin idarəsi olan 17 saylı Yİİ-nin texnikaları "ATF" MMC-nin apardığı yol tikintisi işlərinə cəlb edilib? Hansı yüksək göstəricilərə görə, bir çox yerlərdə yol tikinti işlərinin tenderini ancaq "ATF" MMC udur və layihənin icrasını həyata keçirir ? Ağdaş, Ucar, İsmayıllı, Göyçay, Yevlax, Balakən, Zaqatala, Şəki və s. rayonlarda "ATF" MMC tərəfindən çəkilmiş yollar tez bir zamanda bərbad vəziyyətə düşübr. Belə nümunələr çoxlu saydadır ki, şikayətim yerində araşdırılan zaman göstərəcəyəm. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun himayə etdiyi Göyçayda yerləşən "ATF" MMC-nin rəhbərliyi Muradov qardaşları işçilərin əməyini istismar edir, onların pulunu kəsirlər, gün ərzində 15-16 saat işlədilirlər. Hətta şənbə və bazar günləri də işçilər işə cəlb edilirlər. Mənim kimi etiraz edənlər isə qanunsuz işdən çıxarılır və hətta son-haqq hesab pulu ödənilmir. Qeyd edim ki, qum-çınqıl yataqlarında aparılan qanunsuz istismar işlərinə görə “ATF” MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov müxtəlif maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək saxlanıldı və rəhbərlikdə onu qardaşı Azad əvəzlədi. "ATF" MMC nin təsisçiləri olan Muradov qardaşları Azərbaycan Respublikasının dövlət büdcəsini talan etməklə milyonlara sahib olublar. Onlara məxsus Bakı şəhərində, Göyçay, İsmayıllı, Qəbələ və digər rayonlarda Yanacaq Doldurma Məntəqələri, ticarət obyektləri, şadlıq evləri və villalar var. Bütün bunlar isə Saleh Məmmədovun himayəsi altında edilib”.

Şikayətçi son olaraq bildirib ki, Muradov qardaşları etdikləri qanunsuzluqlara görə, şikayət edəcəyi təqdirdə onu şərlətdirib tutduracaqları ilə hədələyirlər.

“Prezident İlham Əliyevin tapşırığı əsasında respublikada korrupsiyaya qarşı mübarizə genişləndiyi vaxtda Saleh Məmmədovun himayəsi altında "ATF" MMC-nin rəhbərliyi və 17 saylı Yİİ-nin rəhbəri Tehran Muradov bu əməllərini daha da genişləndirib. Mən mətbuat vasitəsilə Cənab Prezident İlham Əliyevdən, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevdən, Baş Prokuror cənab Kamran Əliyevdən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbovdan, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevdən və Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi cənab Fuad Heydərovdan xahiş edirəm dövlət vəsaitini talan edən, insanların əmək hüquqlarını pozan, istismar edən bu vəzifəli şəxslərin barəsində ciddi tədbirlər görəsiniz”.

Məsələ ilə bağlı "ATF" MMC ilə əlaqə saxladıq. Telefona cavab verən Baş mühasib köməkçisi Təranə Abdullayeva bu məsələ ilə bağlı cavab verə bilməyəcəyini bildirərək dəstəyi üzümüzə bağladı. Dəfələrlə əlaqə saxlamağa çalışsaq da, xanım zənglərimizi məşğula aldı.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Bizimyol.info-ya verdiyi açıqlaması zamanı bildirdi ki, Göyçay rayon sakini Kərimov Samir Adil oğlunun müxtəlif media resurslarının elektron poçtlarına ünvaladığı müraciətdə qeyd edilən xüsusatlar əsassız və həqiqətə uyğun deyildir.

“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan cəmiyyətlərin, o cümlədən Göyçay rayonunda yerləşən “17 №-li Yol İstismar” MMC-nin fəaliyyəti vaxtaşırı yoxlanılır və fəaliyyətin qanunvericiliyə uyğun həyata keçirilməsinə nəzarət edilir. Müraciətdə adı göstərilən “ATF” Məhdud Məsuliyyətli Cəmiyyəti isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tabe qurum olmadığından həmin cəmiyyətin rəhbərliyinin fəaliyyəti ilə bağlı xüsusatların araşdırılması səlahiyyətlərimizə aid deyil. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin avtomobil yolu təsərrüfatı sahəsində müvafiq infrastrukturun inkişafı ilə bağlı işləri yerinə yetirən qurumdur. Agentliyin bu sahədə fəaliyyətinə, həmçinin aparılan satınalma proseduruna aidiyyəti orqanlar tərəfindən dövlət nəzarəti həyata keçirilir və bu günə qədər bununla bağlı hər hansı bir qanunazidd əməllərə yol verilməsi faktı müəyyən edilməmişdir. Lakin daxil olmuş müraciətdə yol tikintisi sahəsində hər hansı bir mütəxəssis rəyinə əsaslanmadan avtomobil yollarının çəkilişində, tikinti işlərinin həyata keçirilməsi üçün müəssisələrin müəyyən edilməsində, həmçinin təmir işləri ilə əlaqədar maliyyə vəsaitinin təyinatı üzrə xərclənməsində  qanun pozuntusuna yol verildiyi barədə əsassız ittihamlar qeyd edilmişdir. Bundan başqa qeyd edirik ki, vətəndaş Kərimov Samir Adil oğlu əmək hüquqlarının pozulduğu barədə rəsmi qaydada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etməmişdir”.

Anar Nəcəflinin sözlərinə görə, sözügedən məsələ ilə bağlı Agentliyə müraciət daxil olsaydı, həmin müraciətə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müfaqi olaraq baxılaraq, nəticəsi barədə vətəndaşa məlumat verilməklə hüquqları izah olunardı.

“Bununla belə nəzərinizə çatdırırıq ki, “17 №-li Yol İstismar” MMC-də sürücü işləmiş  Kərimov Samir Adil oğlunun barəsində əmək və icra intizamını dəfələrlə pozduğuna, həmçinin üzrsüz səbəbdən işə çıxmadığına görə əmək qanunvericiliyinin tələblərinə uyğun tərtib edilmiş sənədlər əsasında intizam tənbehi tədbirlərinin görüldüyü, lakin vətəndaşın bunlardan nəticə çıxarmayaraq əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozulması hallarını davam etdirdiyinə görə cəmiyyətin müvafiq əmri ilə əmək müqaviləsinə xitam verilmişdir.

Kərimov Samir Adil oğlunun işlədiyi müddətdə əmək məzuniyyətindən tam olaraq istifadə etdiyindən və əməkhaqqısı vaxtlı-vaxtında ödənildiyindən vətəndaş qarşısında “17 №-li Yol İstismar” MMC-nin maliyyə öhdəliyi qalmamışdır”,- deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Umayra Tağıyeva qadınlara müraciət edib
Son xəbərlər
Bütün xəbərlər »