Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın məkrli planı: Kreml niyə Türk Şurasına üzv olmaq istəyir...
Kreml, Moskva, Rusiya

“Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi, dövlətlərin bir-birini qarşılıqlı tanıması, bütün bunları özündə ehtiva edən müqavilənin imzalanması məsələsi o qədər gərgin durumlar yaradır ki, cəmiyyət olaraq başımız tamamilə qarışır. Yəqin məhz buna görədir ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun təmsil etdiyi ölkənin Türk Şurasına qoşulmaq istəyi ilə bağlı bəyanatı diqqəti çox da zəbt etmədi”.

Bu fikirləri bizimyol.info-ya Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü səsləndirib.

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

Ekspert qeyd edib ki, Rusiya daxilində çoxsaylı türk xalqlarının yaşamasını, muxtariyyətlərının mövcudluğunu nəzərə alsaq, Rusiyanın üzvlüyünü hətta vacib də saya bilərik.

“Bununla yanaşı, Rusiyanın istər Qarabağ məsələsinə, istər son 220 ildə Ermənistanla əlbir olub xalqımıza vurduğu zərbəyə görə yaranan etimadsızlıq bu mövzunu gündəmdə tutmağa imkan vermədi. 2009-cu ildə əsası qoyulan Türk Şurasında ilkin dönəmlərdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan var idi. Bu quruma Özbəkistan və Türkmənistan kimi dünya miqyasında türk dövlətləri kimi tanınan ölkələr belə qoşulmamışdı. Bu da qurumun gələcək perspektivinə Azərbaycan daxilində və xaricində ağız büzənlərin sayını artırmışdı. Üstəlik, Qarabağ torpaqlarının işğalda olması, Türk Şurasının konkret addımlar ata bilməməsi onu bir çox məqamlarda istehza hədəfinə də çevirirdi.

Lakin Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstanın siyasi rəhbərliyi qərarlılıq göstərdilər, addım atdılar və təşkilatı gücləndirdilər. Daha sonrakı dönəmdə Özbəkistanın qoşulması, gözlənilmədən Avropa dövləti olan Macarıstanın müşahidəçi statusu alması qurumun imkanlarını və ona olan inamı artırdı. Türkmənistanın marağının artması, Ukrayna, Cənubi Koreya kimi dövlətlərin üzvlük üçün cəhdlər göstərməsi Türk Şurasını daha da gücləndirməkdədir. Lakin heç kim Rusiyanın belə qısa müddətdə Türk Şurasına üzvlük üçün istəyini açıqlayacağını gözləmirdi. On illiklər boyunca türk xalqlarına olmazın faciələr yaşatmış, bu gün də maraqları türk dövlətləri ilə kəsişməyən Rusiyanın bu istəyi qəribədir.

Lakin siyasətdə əbədi heç nə yoxdur. Dövlət marağı tələb edərsə, dünən düşmən olanlar bu gün dost, hətta strateji müttəfiq də ola bilərlər. Rusiyanın Türk Şurasına üzvlüyündə birinci istəyi bu qurum vasitəsilə regional maraqlarını təmin etmək, Qərbdən və Çindən gələn, görünən-görünməyən siyasi, hərbi, iqtisadi basqılara qarşı dəstək ala bilmək ola bilər. Bundan başqa Rusiya zəngin təbii sərvətlərə və digər imkanlara malik olan Türk Şurası üzvlərinin vasitəsilə özünün iqtisadi imkanlarını genişləndirməyi hədəfləyə bilər. Böyüməkdə və güclənməkdə olan, yeni bir güc kimi görünən Türk Şurasına üzvlük Rusiyanı bu gücün imkanlarından yararlanmağa, imkan düşərsə, onu yönləndirməyə də imkan verə bilər. Türk Şurasına üzv olan Rusiya öz daxilindəki türk xalqlarının başqa güclər tərəfindən mərkəzdənqaçmaya yönləndirilməsinin qarşısını almağı düşünə bilər. Rusiyanın bundan başqa da görünən və görünməyən məqsədlərinin olması mümkündür.

Türk Şurası üzvləri Rusiyaya ilkin dönəmdə müşahidəçi, daha sonra tamhüquqlu üzv olmasına imkan yarada bilərlər. Nəticədə müstəqil türk dövlətləri ilə muxtar türk qurumları arasında əlaqələr daha da genişlənə bilər. Rusiya böyük xammal imkanlarına, geniş bazara, hərbi, siyasi gücə malik olan dövlətdir. Rusiyanın MDB üzvü olan türk dövlətlərinə böyük təsiri var. Onun Türk Konseyində təmsilçiliyi qurum daxilində inteqrasiyanı gücləndirə bilər. Şimal qonşusundan qorxaraq ehtiyatlı davranan türk dövlətlərinin daha da aktivləşməsinə, təşkilatın güclənməsinə və nəticədə Şuranın nüfuzunu artmasına səbəb ola bilər. Bu istəyin və çalışmaların nə dərəcədə reallaşacağı isə tərəflərin birgə çalışmalarından asılı olacaq”,- deyə o bildirib.

İlhamə

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Paşinyan: Azərbaycan və Rusiya ilə birlikdə Kəlbəcər-Sotk sərhədindəki problemin yekun həllinə yaxınlaşırıq
››› 15 erməni Ermənistana təhvil verilib
››› Şəkərli diabet və skleroz xəstələrinin reyestri yaradılacaq
Son xəbərlər
Bütün xəbərlər »