Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ruhun təzahürləri
Ruhun təzahürləri

Ruh  incəsənətdə,  dində,  məişətdə  və gündəlik  həyatda   ən  çox  işlədilən  fəlsəfi  kateqoriyalardandır.  Ruhun  tarixi  də  çox  qədimdir.  Çoxallahlılıq  dövründə  də  Allahların  Ruhunu  çağırardılar.  Tarix  boyu  bütün  adlı-sanlı  filosoflar  Ruh  haqda  nəsə  deyiblər.  Ruh  həmişə  fəlsəfənin  əsas  məsələlərindən  biri  olub.  Birinci  növbədə  bilmək  lazımdır  ki,  yaddaşlardakı  baza  bilikləri  təfəkkürün  genişlənməsi  prosesində  mühüm  rol  oynayır  və  baza  bilikləri  artdıqca   təfəkkür  fəzası  da  böyüyür.  Yəni,  hər  bir  insan  Ruhdan  danışarkən  qarşısındakının  baza  biliklərinin  səviyyəsini-imkanlarını  bilməlidir  ki,  anlama prosesi  qənaətbəxş  olsun.  Texniki  bilikləri  olmayan,  humanitar  elmlər  sahələrinin  nümayəndələrinə  müasir  texnologiyaların  əldə  etdiyi  yenilikləri  elmi  əsaslarla  izah  etmək,  əlbəttə,  xeyli  cəsarət  və  hövsələ  tələb  edir.  Qoy  olsun!

Bilirik  ki,  cisimlərin-əşyaların  (və  ya  maddiyyatın)  sosial-ictimai  tarixi  və  təbiət  hadisələrinin  obyektiv  gerçək  dərki  bəşəriyyətin  əsas  vəzifəsi  və  ya  məsələsidir.

Bütün  elmlər  son  nəticədə  insanlığı  mütləq  gerçəkliyə  yaxınlaşdırmağa  xidmət  edir.  Bu  mənada  müxtəlif  ölçülü  həcmlərdə  baş  verən  hadisələri  mükəmməl  dərk  etmək  üçün  təfəkkür  fəzasının  rolu  danılmazdır.  Təfəkkür  fəzası  cisimləri  və  ya  cisimlər  sistemlərinin-toplumunu  bütün  mahiyyətiylə  dərk  etməyə,  onları  bütöv  görməyə  və  ya  duymağa  xidmət  edir.  Müstəvi  koordinat  sistemi  mütləq-həqiqi  gerçəklikdən  ən  azı  bir  ölçü  uzaqdır.  Həcmi  görüntü  üç  ölçülü  koordinat  sistemində  həqiqətə  daha  yaxındır.  Yazılanlara  və  deyilənlərə  görə,  ən  qədim  mənbələrdə  göstərilir  ki,  Musa  peyğəmbər  müqəddəs  Ruhu  üfürülən  hava  axını,  sonsuz  səhralarda  quraqlıq  və  ya  canlanma  yaradan  yel,  meh,  külək  kimi  dəyərləndirmişdir.  Sonralar  Ruh  daha  geniş  mənalar  kəsb  etmişdir:  nəfəs,  can,  mənəviyyat,  keyfiyyət  göstəricisi  kimi,  iy,  qoxu,  dəm,  kefli,  kefsiz,  Ruh  yüksəkliyi,  Ruhdan  düşmək,  hətta  cin,  şeytan,  iblis  və  s.

Bibliya  tərcümə  institunun  1993-cü  ildə  çap  etdirdiyi  “İncil” də  Ruh  haqda  yazılanları  olduğu  kimi  verirəm:  “Müqəddəs  Ruha “Yardımçı”  və  ya  “Təsəlli verici”  də  deyilir.  Onun  vəzifəsi  Allahı  insanlara  zahir  etmək,  İsa  Məsihi  şərəfləndirmək,  İsaya  iman  gətirənlərin  arasında  məskən  salıb  onları  qüdsləşdirməkdir:  Müqəddəs  Ruh  özü  Allahdır!”  Əziz  oxucular,  nəfəsinizi  dərin  və  özünüz  düşünün!

Qurani-Kərimin  17-ci,  İsra  surəsinin  85-ci  ayəsində  “(Ya  Məhəmməd)  Səndən  Ruh  (Ruhun  mahiyyəti  və  keyfiyyəti)  haqda  soruşsalar  De  ki;  Ruh  Rəbbimin  əmrindəndir  (Allahın  əmri ilə  yaradılmışdır)  Sizə  (bu  barədə)  yalnız  cüzi  bir  bilik  verilmişdir!”

İslamda  Ruh  toxunulmazdır.  Yəni,  Ruh  tam  Allahın  səltənətinə  aiddir.  Lakin,  Allahın  ən  sevimli  möcüzəsi  sayılan  ağıl,  düşüncə,  zəka,  təfəkkür,  dərrakə  Allah  tərəfindən  məhz  insanlara  verildiyindən  insanlar  Allahın  möcüzələrini  zaman-zaman  anlamağa  cəhd  göstərirlər.

Bütün  dini,  səmavi  kitablarda  Ruh  haqda  verilən  informasiyalardan  belə  bir  nəticə  çıxarmaq  olar  ki,  Ruh  maddi  varlıq  deyil.  Ruh  mənəvi  istəkdir,  hər  hansı  ali  canlının  təzahürünün,  gözləntilərinin  informasiya  sahəsinin  məcmusudur.  İnformasiya  sahəsi  dedikdə  istənilən obyekt  haqda  olan  şifahi,  yazılı  və  ya  elektron  informasiyaların  cəmi  başa  düşülür.  İnsan  beynində  səs  və  ya  video  informasiyalar  üçün  yaddaş  elementləri  mövcuddur.  İstənilən  obyekt  haqda  məlumatlar  yaddaş  bazalarına  yazılır  və  istənilən  vaxt  tələbə  uyğun  informasiyalar  idrakda  canlandırılır.  İllərlə  əvvəl  dünyasını  dəyişmiş  insanın  səsi  qulağımızda,  əksi  isə  gözümüzdə  aydınlaşır.  Güclü  insan  və  zəka  sahiblərinin  təfəkküründə  keyfiyyətli  sintez  və  analiz  getdiyindən  onların  Ruhu  da  uzun  illər  saxlanılır  və  nəsillərdən-nəsillərə  ötürülür.

Türk-İslam  mədəniyyətinin  bəşəriyyətə  bəxş  etdiyi  ən  nadir  simalardan,  söz-təfəkkür  ustadlarından  biri  sayılan  Mövlana  Cəlaləddin  Rumi  demişdir:  “Ölümünüzdən  sonra  məzarınızı  yerdə  axtarmayın!  Bizim  məzarımız  ariflərin  qəlbindədir”.  Ruh  mövcudluğu  arzu  olunan  ən  cəlbedici-xəyali-irrasional  istəkdir,  substansiya  deyil.

Ruh,  bəşər  övladının  təfəkkür  sistemində  istənilən,  arzu  olunan  obyektin  canlandırılması,  təsviri,  sərgilənməsi  və  ya  inikasıdır. Ruha  inam,  Allaha  inamın  davamı  və  ya  göstəricisidir.  İnsan  zəkasını  nurlandıran  məhz  Allahın  Ruhudur.  Ruhu  anlamaq,  onun  varlığını  dərk  etmək  üçün  birinci  növbədə  Allahın  nurunu  dərk  etmək  vacibdir.

Qurani-Kərimin  Nur  surəsinin  35-ci  ayəsini  olduğu  kimi  verirəm:  “Göylərin,  yerin  nurudur  Allah!  Onun  nuru,  içində  çıraq  olan  bir  qəndildir  elə  bil.  Bir  şüşənin  içindədir  o  çıraq.  Şüşə  isə  inci  kimi  parlayan  bir  ulduzdur  elə  bil.  Nə  şərqdə,  nə  qərbdə  bitən  mübarək  zeytun  yağıyla  yanar  bu  çıraq.  Od  dəyməsə  də  bu  yağa,  hazırdır  aləmi  nurlandırmağa.  Nur  (od nuru),  Allahın  nuru  üstündə  nur!  İstədiyi  kimsəni  öz  nuruna  qovuşdurar  Allah.  İnsanlara  neçə-neçə  misallar  çəkər  Allah.  Hər  şeyi  bilir  Allah”.  Məsələnin  kökü  məhz  Allahın  nurunun  mənəvi  tərəfindədir.  Söhbət  istidən  və ya parıltıdan  getmir.  Qurani-Kərimin  Rus  variantında  nurla  işıq  eyniləşdirilir.  Yalnız  İslamda  iki  cür  işığı  fərqləndirirlər: işıq  mənbəyindən, məsələn, Günəşdən (oddan)  gələn  işıq,  Aydan  gələn  işıq  isə nur  adlandırılır.  Nur  əks  olunmuş  polyarizə  olunmuş  işıqdır.  Bu  işıq  parıltısızdır  və  göz  qamaşdıran  deyil.  Allahın  nuru  da  düşüncə  tərzini,  təfəkkürü  dərk  prosesini  və  idrakı  nizamlayır,  qəlbləri  rahatlamağa  xidmət  edir.  Beləliklə,  nur  üstündə  nur,  kainatdan  və Günəş  sistemindən  gələn  fon  (nur)  üstündə  Allahın  səmavi  kitablar  vasitəsilə  göndərdiyi  idrakımıza  işıq  salan  qəlblərimizin  iman  gücü  ilə  dərk  etdikləri,  bizi  mütləq  həqiqətə  doğru  yönəldən  ilahi  kəlamlarıdır.  Bugünkü  təsəvvürlərə  görə  şifahi  və  ya  yazılı  kəlamlar  isə  fikrin-təfəkkürün  maddiləşmiş  formasıdır.

“Ruh,  fəlsəfədə-psixi  fəaliyyətin  yüksək  forması  olan  ideal şuür,  təfəkkür,  zəka  anlayışlarının  eyniyyəti  kimi  işlədilən  termin;  maddi,  təbii  başlanğıcdan  fərqli  olaraq  qeyri- maddi  başlanğıcı  bildirən  fəlsəfi  anlayışdır.  Fəlsəfənin  əsas  məsələsi  baxımından  Ruh  materiyaya  qarşı  qoyulur.  Platon  və  Aristotel  Ruhu  nizamsız  materiyanı  formalaşdıran  xalis  ideal  qüvvə  kimi  başa  düşürdülər. Orta  əsr  teoloqları  Ruhu  Allah  ilə  eyniləşdirir, oun  maddi  varlığı  yaradan  varlıq,  şəxsiyyət  hesab  edirdilər.  Yeni  dövrdə  subyektiv  idealizm  mövqeyindən  çıxış  edən  filosoflar  fərdin  şüurunun  hər  hansı  ünsürünü  Ruhun  mahiyyəti  kimi  qələmə  verirlər.  Materialistlər  həmişə  Ruhu  materiyanın  xassəsi-halı  kimi  başa  düşürlər.  F.Engels  düşünən  Ruhu  materiyanın  ən  yüksək  məhsulu  sayırdı.  Dialektik  materializm  Ruhu  (fərdi  və  ictimai  şüuru)  maddi  amillərdən  törəmə  hesab  edərək  təbiət  ilə  yanaşı  maddi  ictimai  münasibətlərə  də  maddi  amillər  kimi  yanaşır.

Ruh  psixologiyada  insanın  daxili  aləmini-psixikasını  ifadə  edən  anlayışdır.  Dini  təsəvvürlərə  və  idealist  psixologiyaya  görə  Ruh  bədəndən  asılı  deyil,  müstəqildir.  Onu  yalnız  daxili  müşahidə  ilə  dərk  etmək  mümkündür.  Ruhun  canlı  cisim  forması  kimi  öyrənilməsinə  ilk  dəfə  Aristotel  elmi  yanaşmışdır.  Aristotelə  görə  Ruhun  üç  növü:  Qidalanan Ruh  ( bitki  Ruhu),  hiss  edən  və  ya  duyan  Ruh  (heyvan  Ruhu)  və  dərk  edən  Ruh  (insan  Ruhu)  var.  Dekart  Ruhla  bədənin  qarşılıqlı  münasibətini  psixo-fiziki  problem  çərçivəsində  həll  etməyə  çalışmış,  Q.Leybnis  Ruhun  duymaq  və  arzulamaq  xassələrini  qeyd  etmiş,  C.Lokk  Ruhi  hadisələri  (duymağı  və  ideyaları)  öyrənməyi  əsas  götürmüşdür.

XX  əsrin  ortalarından  eksperimental  psixologiyada  Ruh  anlayışı  tədricən  psixika  anlışıyla  əvəz  edilmişdir.”  АСЕ  8-ci  cild  səhifə  232.

Pifaqorun  eramızdan 500  il əvvəl  söylədiyi  iki  əlamətdar  fikri  fəlsəfə  tarixində  iz  buraxmışdır:  I – Ruhun  bir  canlıdan  digərinə  keçməsi,  II – hadisələrin  və  talelərin  təkrarı  və  dövranı.  Məşhur  neoplatonçu  Porfiriy  bu  barədə  belə  yazmışdır:  “Pifaqorun  fikrincə  Ruh  ölməzdir,  dünyada  baş  verən  bütün  hadisələr  fasilələrlə  yenidən  təkrarlanır”.  Ümumiyyətlə,  təzə  heç nə  baş  vermir.  Məhz  bu  fikrinə  görə  böyük  Heradot  Pifaqoru  yunanların  ən  müdriki  adlandırmışdır.  Bu  fikirlərin  mahiyyəti  ondan  ibarətdir  ki,  insanlıq  olduqca  Ruh  da  olacaq.  Ruhu  yaradan  məhz  insan  təfəkkürüdür.  Bu  günki  elm  hələ  Ruh  məsələsini  tam  həll  etməyə  imkan  verməsə  də  55  il  elektronika  ilə  məşğul  olan  bir  ixtisasçı  kimi  bəzi  fikirlərimi  söyləmək  istəyirəm: - Bütün  dini  cərəyanlarda  Ruh  duman  kimi,  tüstü  kimi,  aşkar  görüntüsü  olmayan  bir  möcüzəli  varlıq  kimi  təqdim  olunur.  Həmişə  və  hər  yerdə  Ruh  informasiya  daşıyıcısı  kimi,  ecazkar  ağlasığmaz  varlıq  kimi  təqdim  olunur.  Bizcə  Ruhun  varlığı  müsbət  fikir,  idrak,  zəka  daşıyıcısının  mövcudluğu  baxımından  gərəklidir.  Biz  bərkə  düşəndə  varlığı  ilə  bizim  həyatımızda  müsbət  rol  oynamış  getmişlərin  köməyini,  məsləhətini  və  ya  yaddaşımızda  saxlanılan  dəyərli  məsləhətlərini  əsirgəməyənləri  xatırlayırıq.  Ruhuna  duaçı  olduğumuz  şəxsin  səsi,  gülüşü,  mimikası  nümunəvi  estetik-etik  normaları  xəyalımızda,  yaddaşımızda  canlanır.  Biz  gözlərimizi  yumub  azarkeşi  olduğumuz  xanəndənin  səsini  olduğu  kimi  eşidirik.  Bu  proses  iki  Ruhun  təmasıdır.

Orta  məktəbin  fizika  kitablarında,  səs  və  ya  akustika  bəhsində  belə  bir  təcrübə  təqdim  olunur:  İki  eyni  ölçülü  içi  boş,  bir  tərəfi  açıq  ağacdan  düzəldilmiş  düzbucaqlı  prizmanın  (həcmi  rezonator)  birinin  üstündə  kamerton,  “U”  şəkilli  metaldan  səs  mənbəyi  var.  Çəkiclə  (başı  rezindən)  vurduqda  kamerton,  qutu  ilə birlikdə  səs  verir,  uğuldayır.  İkinci  qutunu  ağzı  açıq  tərəfi  ilə  birinci  qutuya  yaxınlaşdırdıqda  o  qutu  da  başlayır  uğuldamağa.  Birinci  kamertonlu  qutunu  uzaqlaşdırdıqda  belə  ikinci  qutu  bir  müddət  uğuldamaqda  davam  edir.  Qutular  fizikada  həcmi  səs  rezonatorları  adlanır.  Yəni,  eyni  ölçülü  iki  həcmi  rezonatorun  birində  yaranan  səs  rəqsləri  təmas  vaxtı  ikinci  rezonatora  keçir.

Bu  təcrübənin  ən  orijinal  variantını  keçən  əsrin  əvvəllərində  məşhur  İtaliya  müğənnisi  Enriko  Karuzo  nümayiş  etdirirdi.  O,  boş  şərab  bakalını  çırtma  vurub  səsləndirdikdən  sonra  müəyyən  məsafədən  həmin  səsi  olduğu  kimi  özü  səsləndirir  və  hər  iki  səs  rezonansa  gələndə  bakal  parça-parça  olub  qəlpələnirmiş.  Tamaşaçılar  dəhşətə  gəlirdilər.

Həcmi  olan  cismin  müəyyən  səs  dalğaları  ilə  münasibətdə  olması,  içi  boş  rezonatorların  rəqsi  saxlama  müddəti  (rezonatorun  keyfiyyətliliyi)  musiqi  alətlərində  istifadə  olunur.  İnsanlar ilkin  musiqi  alətlərini  yaradanda   təkamüllə  gəlib  rəqs  sistemlərinə  çıxmışlar.  Məşhur  Stradivari  özünün   skripkalarını  yaradanda  fəhmlə  yaradıb,  duyğu  ilə  təkmilləşdirib.  İndi  isə  hər  bir  alət  bir  rəqs  sistemi  kimi  qəbul  edilir.  Böyük  ölçülü  musiqi  alətləri  uzun  dalğalara,  kiçik  ölçülülər  isə  kiçik  dalğalara  cavab  verir  və  ya  kiçik  dalğalarla  münasibətdə  olur.  Orkestri  təşkil  edən  alətlər,  yaxşı  olar  ki,  bütün  səs  diapazonunu  tutsunlar.  Onda  çalınan  simfoniya  bütün  əzəməti  ilə  səslənəcək.  Duyğularımız  bizi  həqiqətə  bir  az  da  yaxınlaşdıracaq.

Ən  böyük  ölçülü  simli  alətlər,  ən  aşağı  kişi  səsinə  uyğun  Basso – aşağı  səsə  aid  alətlərdir: Məsələn,  kantrobas,  ən  aşağı  səsə  cavab  verən  alətdir.  Simli  alətlərin  ən  kiçiyi  skripka  ən  yüksək  tezlikli  registrli  alətdir. Simin  altındakı  həcmindən, yəni  rezonatorun  ölçüsündən  asılı  olaraq  simli  alətlərdə  səsin  tezliyi  və  tembri  dəyişir.   Bizim  eşitmə  orqanımız:  qulaq  seyvanı,  orta  qulaq  və  iç  qulaq  birlikdə  səs  rezonatoru  təşkil  edir.  İç  qulaq  reseptorlar  vasitəsilə  beyinlə  əlaqədədir.  Qulaq  pərdəsinin  rəqsləri  beynin  səs  rəqslərinə  cavab  verən  hissələrinə  çatanda  biz  eşidirik.  Hər  bir  insanın  səs  mənbəyi  tənəffüs sistemi,  ağız  və  burun  boşluqları  və  səs  tellərindən  ibarətdir.  Səs  tellərinin  ölçüləri  müxtəlif  insanların  səslərini  fərqli  edir.  Biz  tanışlarımızın  səsini  onların  səsindəki  obertonların  (yüksək  tezlikli  toplananların)  sayı  ilə  fərqləndiririk.  İnsan  beyninin  həcmi,  oradakı  labirintlərin  incə  quruluşu,  yaddaş  elementlərinin  sayı  informasiyanın  saxlanma  müddətinə  cavabdehdirlər.  Fiziki  elektronikada  məntiq  elementləri,  yaddaş  elementləri  geniş  tədqiq  olunur.  Süni  intellektin  yaradılmasında  elektronikanın  rolu  danılmazdır.  Keçən əsrin  60-70-ci  illərində  bu  elementlərin  ölçüləri  xeyli  böyük  idi.  Çünki  o  vaxt  əsasən  elektron  və  ion  (plazma)  cihazlarından  istifadə  olunurdu.  Ona  görə  o  vaxtın  elektron  hesablama  maşınları  (EHM)  xeyli  böyük  ölçülərə  malik  idilər.  Sonralar  yarımkeçirici  cihazların  tətbiqi  artdıqca  EHM-in  ölçüləri  kiçilməyə  başladı.  İndi  mikro  elektronikanın  hesabına  kompüterlər,  mobil  telefonlar və s.  həm  çox  kiçikdirlər , həm  də  böyük  imkanlara  malikdirlər.  Son  zamanlar  istifadə  olunan  molekulyar  eletronikanın  imkanlarını  anlatmaq  məqsədilə  bir  misal  çəkmək  istəyirəm:  Sizin  yazdığınız  hər  bir  cümlənin  sonunda  qoyduğunuz  nöqtədə  250  milyard  atom  var.  Demək, hələ  qabaqda  bizi  daha  böyük  sürprizlər  gözləyir.  Belə  çıxır  ki,  Ruh  hər  bir  insanın  idrakının  məhsulu  olan  deyimlərinin  yaratdığı  səs  rəqslərinin  məcmusudur.  Biz  bütün  ömrümüz  boyu  müsbət  əməllərlə  Ruhumuzu  inşa  edirik,  formalaşdırırıq  və  yeri  gəldikcə  yaxınlarımıza,  tələbələrimizə  ötürürük.  Beynin  isə  yaddaşı  əlbəttə,  ağacdan  hazırlanmış  rezonatorun  yaddaşından  olduqca  çoxdur,  çünki  beyin  materiyanın  (hələlik  bizim  üçün  gizli  qalan)  ən  ali  formasıdır.

Ruh  canlıların  yaddaşında  qaldığından  ölməzdir.  İnsanlığın  yaşı  sonsuzdur.  Məhz  elə  bu  səbəbdən  informasiya  bir  canlıdan  digərinə  keçir,  bütün  hadisələr  təkrarlanır  və  dünyada  təzə  heç nə  baş  vermir, Pifaqor  demişkən.

Səmavi  kitablar  nazil  olan  zamanlarda  həcmi  rezonatorlardan  söhbət  gedə  bilməzdi.  Onda  bütün  elmlər  rüşeym  halında  bəzi  alimlərin  təfəkküründə  yenicə  yaranırdı.  Müxtəlif  həcmlər,   onların  ölçüləri,  münasibətdə  olduqları  dalğalar:  optik,  səs,  hüceyrə  ölçülü  həcmi  rezonatorların  gerçək  fəaliyyəti  anlaşıla  bilməzdi.  Yaradan  bilər,  lakin  onları  insanlara  çatdıra  bilməzdi.  Deyilənlər  hamısı  hökm  şəklində  təqdim  olunurdu.  Yəni,  belədir,  vəssalam!  Başqa  cür  ola  da  bilməz!

Canlı  aləmin  inkişafı,  hüceyrənin  bölünməsi  prosesinin  anlanılması  üçün  min  illər  tələb  olunurdu.  Fiziologiyada  hüceyrənin  səthinin-həcminə  nisbətinin     (r – hüceyrənin  radiusudur)  nisbəti  ilə  təyin  olunması  bölünməni  səciyyələndirən  ən  vacib  parametrdir.  Çünki  yaşam,  hüceyrənin  bölünməsi  ilə bağlıdır.  Hüceyrələr  müstəqil  obyektlər  kimi  təsəvvür  edildikdə  nisbəti  başa  düşüləndir:  yəni  səth  artdıqda  toqquşmaların  ehtimalının  sayı  artacaq,  enerji  mübadiləsi  hesabına  hüceyrə  bölünəcək.  Digər  tərəfdən  əgər  həcm  böyüyürsə  hüceyrənin  mütəhərrikliyi  azalır.  Toqquşmaların  sayı  azalır,  bölünmə  ehtimalı  da  azalır.  Nəticədə   nisbəti  hüceyrənin  radiusu  ilə  tərs  mütənasib  olur. Yaranışın  hamısı  təbiət  qanunları  ilə  baş  verir. Qurani-Kərimdə  60-dan  çox  ayədə  sudan  bəhs  edilir.  Fəzilətlərinə görə Suyun  13 müstəsna  məziyyətləri  fərqləndirilir:  1- Allahın (s.s.) Yer  üzünü  suyla  diriltməsi. 2 – İnsanların  bir  damla  sudan  yaradılması. 3. Allahın (s.s.)  göydən  su  endirməsi  və  s. Bütün  bunlar  ən  əsas  məziyyətlər  olub  yaranışın  mahiyyətinin  təbiətdən  gəldiyini  sübut  edir.  Qurani-Kərim  nazil  olandan  1200  il  sonra,  əvvəlcə  1771-ci ildə  İngiltərəli  alim  Henri  Kavendiş  təcrübi  olaraq  göstərdi ki,  su  yanar  havada (hidrogenlə oksigenin  qarışığında)  alınır. Belə ki,  təcrübə  borusunun  divarları  iç  tərəfdən  tərləmişdi.  1783-cü ildə  müasir  kimyanın  yaradıcılarından  biri,  Fransalı  alim  Antuan  Loran  Lavuazye  yenə  hidrogen  və  oksigendən  2,5  qram  su  aldı.  Bu  dəfə su   bu  qazların  qarışığında  elektrik  boşalması  zamanı  alınmışdı.  Yəni,  suyun  alınması  üçün  həcmdə  müsbət  hidrogen  ionları  ilə  mənfi  oksigen  ionları  olmalıdır  ki,  birləşib  su  yaratsınlar. Buradan nəticə çıxarmaq olar ki, yağışın yağması üçün şimşək və ildırımım olması vacibdir. Bunlarsız yerə bir damla su düşməz. Doğrudan da, Dünya  qanunlara  söykənir.  Qanunlar  düzgün  başa  düşüləndə  və  düzgün  işlədiləndə  mövcudat  olduğu  kimi,  yəni  mütləq  qanunlardan  doğan  mütləq  həqiqətlər  kimi  dərk  olunur.  Təbiət  qanunlarını  anlamayanların  Allah  haqda  fikir  söyləmələri  cəfəngiyatdan  başqa  bir  şey  deyil!  Elmlərə  söykənmədən  yaranış  barədə  fikir  söyləmək  olmaz.  Sözlə,  söhbətlə  Allahı  vəsf  etmək  olmaz.  Hər  hansı  müqəddəsin  Ruhu  dedikdə  ona  aid  olan  müsbət  nə  varsa  hamısının  məcmusu  başa  düşülür.  “Qoy  peyğəmbərimizin  Ruhu  sənə  yar  olsun!” -dedikdə,  peyğəmbərimizin  gücü,  qüvvəsi,  ağlı,  zəkası,  cəsarəti,  hünəri,  dəyanəti  sənə  kömək  olsun  deməkdir.  Ağır  vəziyyətə  düşən  insanlar  qəlbən  inandıqlarının  Ruhunu  çağırırlar.  Təsəlli  tapırlar,  qüvvə  yığırlar,  cəsarətlənirlər.  Yəni  bütün  bunlar  varsa,  qoy  olsun,  nəyi  pisdir  ki?  Qəlbində  Allahın  sevgisi  olan  hər  kəsin  cəsarətli  olması  ümumi  işin  xeyrinədir.  Söhbətin  bu  yerində  oxucuların  eynini  açmaq  məqsədilə  bir  ədəbi  fənd  məncə  yerinə  düşər.  Nöşün  ki,  biz  fənd-fərəcəyə  öyrəşmiş  adamlarıq:  birisi,  birisinə  arxasını  çevirib  pul  sayanda,  o  biri  deyir  “nədi  O?”,  o  da  deyir-  “nədo balasıdır,  fikir  vermə”.  Yəni  heç  bir  şey.  Nəyi  deyirəm,  Şuşaya  atılan  İskəndər  raketini.  Dünya  konvensiyalarına  görə  bu  boyda  həngamələr  uşaq-muşaq  əlinə  verilən  şey  deyil,  nüvə  başlığı  qoysan  Azərbaycanın  yarısını  aparar.  Ən  maraqlısı  da  odur  ki,  raketin  Yerdən  qalxması  da,  atılan  Yerə  düşməsi  də  bir  neçə  ölkənin  süni  peykləri  tərəfindən  qeydə  alınıb.  Biz  isə  fikir  verməmişik,  demişik  “Zərər  yoxdur”.  İndi  neçə   aydır  ki,  raketin  yekə-yekə  hissələrini  gəzdirib  hamıya  göstərirlər,  nə  olduğunu  bilən  yoxdur.  Bu  yerdə  Molla Nəsrəddinin  bir  lətifəsi  yadıma  düşdü: - deyilənə  görə,  Mollagilin  kəndində-obasında  hər  cürə  heyvanat  olurmuş,  təkcə  qurbağadan  başqa.  Günlərin  birində  kəndin  uşaqları  bir  qurbağa  tapıb  gətirirlər  və  kimə  göstərirlərsə  tanıyan  olmur.  Qərara  alırlar  ki,  gedib  Mollaya  göstərsinlər.  Molla  qurbağaya  çox  baxır,  o  yana  çevirir,  bu  yana  çevirir  və   heç  bir  şey  anlamayanda  özünü  toplayıb:  “Mən  belə  başa  düşürəm ki,  bu  ya  ana  bülbüldür  tükünü  töküb,  ya  da  bala  bülbüldür  hələ tük  çıxartmayıb.”  deyir.  Bizə  atılan  da  elə  “nədo”  balası  kimi  bir  şeydir.  Nə uda  bilirik,  nə  qaytara.

Beyin

Enriko  Karuzonun  dünyaya  səs  salmış  təcrübəsində  iş  görən  səs  dalğaları  və  səs  rəqsləri  idi.  Bizim  eşitmə  orqanımız,  qulaqlarımız  müəyyən  diapazonda  (16 Hs-dən  - 2000 Hs-ə  kimi)  yerləşən  səs  rəqslərini  eşidir.  Görmə  orqanımız,  gözlərimiz  isə  çox  dar  bir  zolaqda  (0,4 ÷  0,8  mkm)    elektromaqnit  dalğalarını  görür.  Elektromaqnit  dalğalarının  şkalası  isə  çox  genişdir.  Bizim  orqanizmimizdə  ən  çox  iş  görən  dalğalar  boyumuz  boyda  və  ondan  kiçik  ölçülü  dalğalardır.  Mobil  telefonlarımız  isə  0.1mm -1m diapazonunda olan  dalğalarla  işləyir. EM  dalğaları  vasitəsilə  qızdırmaq,  yandırmaq,  kəsmək  və  s.  mümkündür.  Səs  dalğalarının  yayılması  üçün  mühit  tələb  olunur.  Vakuumda  səs  dalğaları  yayılmır.  Demək,  kainatda  səs  dalğalarının  yayılmasından  söz  gedə  bilməz.  EM  dalğaları  isə  elektrik  və  maqnit  toplananları  bir-birinə  perpendikulyar  olmaqla  istənilən  yerdə yayıla  bilir.  Bu  dalğaların  ən  güclü  mənbəyi  günəşdir.  Biz  kosmik  fəzadakı  sonsuz  sayda  obyektləri  onların  şüalandırdığı  və ya  əks  etdirdikləri  EM  dalğaları  (işıq)  rəqsləri  vasitəsilə  görürük.  Bütün  növ  EM  dalğaları  informasiya daşıyıcılarıdır.  Canlı  orqanizmlərdə  gedən  proseslərin  hamısı  EM  dalğalarının  iştirakı  ilə  baş  verir.  Müxtəlif  dini  cərəyanların  ayrı-ayrı  möcüzələri  vahid  qüvvəyə  bağlamaları  da  məhz  EM  dalğalarının  sonsuz  əməllərinin  nəticəsidir.  İnformasiya  daşıyarkən  modullaşan  da,  interferensiya  edən  də,  dispersiyaya  uğrayan da  elə  hər  yerə  nüfuz  edən  də  EM  dalğalarıdır.

Uzun  illərdir Kraniologiya  (kranion – kəllə (qafa), qafa  tası  deməkdir).  Antropologiyada  müxtəlif  millətlərin  və  irqlərin  kranioskopik  cihazlar  vasitəsilə  qafa  tasının  ayrı-ayrı  hissələrinin  ölçüləri  və  formalarının  variasiyalarını  tədqiq  edən  elm  sahəsi  kimi  fəaliyyət  göstərir.  Bir  tərəfdən  qafa  tasının  müxtəlif  variasiyalarının  olması  Yer  kürəsinin  müxtəlif  dövrlərdə  müxtəlif  tərkibli  EM – dalğaları  şüalanmalarına  məruz  qalmasının  göstəricisidirsə, digər  tərəfdən  qavrama  prosesində  kəllə  çanağının  həcmi  rezonator  kimi  rolunun olmasıdır. Qafa  tasının  həcmi  rezonatorun  rezonans  tezliyinin  qiymətinə,  ayrı-ayrı  hissələrin  ölçülərinin  variasiyası  isə  yüksək  hormoniyaların  registrinə  təsir  göstərməlidir.

EM  dalğalarının  insan  orqanizmində  yarada  biləcəyi  sirli  və  möcüzəli  fəaliyyətini  ilk  dəfə  dərk  edən  də  XIX  əsrin  sonunda, XX əsrin əvvəllərində  San- Fransiskolu  həkim  Albert  Abrams  olmuşdur. Çünki  məhz  həmin  illərdə  Nikola  Tesla  Dünyada  ilk  dəfə  (1889-1891-ci  illərdə)  yüksək  tezliklər  texnikasının  əsasını  qoyurdu.  Çox  fazlı  elektrik  maşınları,  Tesla  transformatorları,  yüksək  tezlikli  boşalmalar,  enerjinin  və  siqnalların  məsafəyə  naqilsiz  ötürülməsi  və  s.  həyata keçirilirdi. Abrams atasından  qalan  var-dövləti  götürüb  zəmanəsinin  ən  qabaqcıl  texnologiyaları  əsasında  yaradılan  tibbi  istiqamətlərə  yiyələnmək  üçün  Almaniyanın  Qeytelberq  şəhərinə  üz  tutmuşdur.  Yuxarıda  diqqətinizə  çatdırdığım  Karuzonun  şərab  bakalı  ilə  göstərdiyi  foksu da  elə  həmin  illərdə  görmüş  və  bu hadisəni  canlı  orqanizmlərə  tətbiq  etməklə  yeni  müalicə  üsulları  yaratmaq  haqda  fikirləşmişdi.  ABŞ-a  qayıdan  Abrams  Stenford  universitetindəki  tibb  mərkəzində  çalışır.  O,  həm  güclü  diaqnostik,  həm  də  mahir  perkussionist  (ayrı-ayrı  orqanları  barmaqları  ilə  tıqqıldadıb,  sağlam  və  xəstə  orqanların  verdikləri  səsin  fərqinə  görə  diaqnoz  qoymaq)  imiş.  Günlərin  birində  rentgen  qurğusu  qoşulu  olduqda  O,  hiss edir  ki,  sanki  rentgen  şüalanması  zamanı  barmaqlardan  gələn  səs  boğulmuş  halda  olur.  Abrams  xəstəni  çevirib  işini  davam  etdirdikdə  məlum  olur  ki,  xəstə  şərq-qərb  istiqamətində  uzandıqda  effekt  təkrarlanır.  Məlum  olur  ki,  Yerin  geomaqnit  sahəsi  ilə  insanın  elektromaqnit  sahəsi  arasında  əlaqə  mövcuddur.  Sonralar  O,  söndürülmüş  rentgen  qurğusu  ilə  xərçəngi  olan  xəstələrdə  də  həmin  effekti  görmüşdü.  Yəni,  sinir  toxumaları  rentgen  qurğusu  işlədikdə  də,  zədələnmiş  olduqda  da  eyni  qaydada  yığılırlar.  Abrams  öz  təcrübələri  ilə  müəyyən  etmişdi  ki,  xəstə  toxumaların  “Elektron reaksiyaları”  adlandırılan  effekt  xərçəng  və  vərəmdən  tutmuş  ta  malyariya  və  streptokoklu  xəstəliklərə  kimi  sağlam  insanın  orqanizminin  hər  yerində  üzə  çıxa  bilir.  Bu  o  deməkdir  ki,  xəstəlik  qəfəs  səviyyəsində  deyil,  başqa  səviyyədə  də  üzə  çıxa  bilər.  Məsələn,  molekulyar  səviyyədə.  Abrams  deyirdi  ki,  müəyyən  vibrasiyalar  vasitəsilə  belə molekulyar  meylləri  aradan  qaldırmaq  və  ya qarşısını  almaq  mümkün  olacaq.  Yəni,  istənilən  xəstəliyin  qarşısını  almaq  mümkündür.

Sonralar  Abrams  müəyyən  etdi  ki,  xəstə toxumanın  şüalanmasını  elektrik  yükləri  kimi  naqil  vasitəsilə  məsafəyə  də  göndərmək  olar. Lakin  sağlam  bədənin  eyni  yeri  yalnız  bir  xəstəliyə  deyil,  müxtəlif  xəstəliklərə  reaksiya  verə  bilər.  Onda  Abrams  qarşısına  məqsəd  qoyur  ki,  elə  bir  cihaz  düzəltsin  ki,  toxumadan  gələn  müxtəlif  xəstəliklərin  törətdiyi  dalğaları  tuta  bilsin.  Beləliklə  O,  “Refleksofon”  adlandırdığı  cihazı  yaradır.  Cihaz  həkimin  barmaqları  ilə  yaradılan  səslərin  yüksəkliklərini  verə  bilirdi.  Belə  olduqda  daha  həkimin  xəstəni  barmaqlarla  müayinə  etməsinə  ehtiyac  qalmırdı.  Xəstəliyin  şiddəti  isə  cihazın  şkalasından  götürülürdü.  Abramsın  metodikası  o  dövrün  təbabətinin  fəlsəfəsini  xeyli  qabaqlamış  oldu.  Az  sonra  Abrams  artıq  bir  damla  qanla  xəstəliyin  nəinki  diaqnozunu  qoyur,  hətta  xəstəliyin  mərhələsini  də  təyin edirdi.  Abrams  qarşısına  məqsəd  qoymuşdu  ki,  elə  bir  generator  düzəltsin  ki,  onun  dalğaları  ilə  müalicə  edən  dərmanların  təsir  effektlərini  alsın,  yəni  orqanizmin  xəstə  yerinə  dalğalar  göndərib  müalicə  etsin.  Bütün  bu  işlər  Amerikanın  Tibb  Assosiyasiyasını  çox  narahat  edirdi. Amerikanın  həkimlər  ordusu  Abramsla  açıq-aşkar  düşmənçilik edirdilər.

1924-cü  ildə  Abrams  vəfat  edən  kimi  bütün  tibb  jurnalları  onu  şarlatanlıqda  təqsirləndirirlər.  Abramsın  kəşfi  ondan  ibarət  idi  ki,  istənilən  materiyanın  şüalandırdığı  dalğaları  məsafədən  insanların  refleksindən  detektor (ayırıcı)  kimi  istifadə  etməklə qəbul  etmək  olur.  Yəni  məsafədən  müalicə  və  diaqnoz  qoymaq  mümkündür.  Abramsın  ardıcılları  radio  həvəskarları  Çikaqo  şəhərində  yaşayan  doktor  Q.V.Viggelsvort,  elektronika  sahəsində  mühəndis  işləyən  qardaşı  ilə  birlikdə  əvvəllər  Osilloklastı  bəyənməyib  tənqid  edənlər  sonradan  “Abramsın  qutusu”na  azacıq  əl  gəzdirib  xeyli  müvəffəqiyyət  qazanır  və  qurğuya  dəyişən-tutumlu  kondensator  əlavə  edib  adını  Patoklast  (xəstəlik  dağıdan)  qoyurlar.  Sonralar  Patoklastdan  istifadə  edənlər  birləşib  “Patoklastlar  Assosiasiyası”  yaradırlar.

Keçən  əsrin  30-cu  illərində  Patoklastın  bir  neçə  müxtəlif  təkmilləşdirilmiş  variantlarını  hazırlayırlar.

Oksfordlu  mühəndis  Corc de la Varr  və  həyat  yoldaşı  osteopat  (sümük  potologiyası  üzrə  mütəxəssis)  Maryori  düşüncə  rezonatoru  adlandırdıqları  bir  neçə  tibbi  cihazlar  ixtira  etmişdilər.  Həmin  cihazların  vasitəsilə de la Varr  öz  laboratoriyasında  (1969-cu  ildə  vəfat  edənə  qədər)  canlı və cansız cisimlərin  şüalandırdığı  zəif  sahələrin  xassələrini  tədqiq  edirdi.  Onun  fikrincə  bütün  canlılar  müntəzəm  olaraq  müxtəlif  tezlikli  EM  dalğaları  şüalandırırlar.  Bunu  sadə  elementlərdən,  molekullardan  tutmuş  həyatın  ibtidai  və  ali  formalarına  da  aid  etmək  olar.

De  la  Varr  öz  təcrübələri  əsasında  çox  böyük  kəşf  etmişdi:  istənilən  bitkidən  qoparılmış  yarpağın  şüalanması  bitkininki  ilə  eynidir.  Beləliklə,  qanın  analizi,  hətta  fotoşəkil  insana necə  bağlıdırsa  eləcə də insanın  şüalandırdığı  dalğalar orqanizmə  bağlıdır. De la Varr  müəyyən etmişdi  ki,  böyük  məsafədən  fotoşəkil  və  ya  bir  damla  qan  vasitəsilə  diaqnoz  qoymaq  olar.  De  la  Varr  yazırdı:  “belə  çıxır  ki,  materiyanın  hər  bir  molekulası  özünəməxsus  rəqslər  generasiya edib radioötürücü kimi işləyə bilir.” Beləliklə, molekullar qrupu qruplaşmış şüalanma yaradır. Demək, bitkidən və ya insandan şüalandırılan sahə məxsusidir, fərdidir. Hər bir insan və ya bitki öz dalğasında da qəbul edir.

Keçən əsrin əvvəllərində,  Albert Abramsın  başına  gələnləri  oxuduqca  Sovet  dövründə  fakultəmizdə  baş  verən  hadisələr  yadıma  düşür.  1960-1990-cı  illərdə  bizim  Fizika  fakultəmizin “Fiziki Elektronika”  kafedramızda  rəhmətlik,  sevimli müəllimimiz,  professor  Əfəndiyev  Qafar  müəllim  plazma  fizikası  sahəsində  özünün  yaratdığı  elmi  istiqamətdə  diplomçuları,  aspirantları  ilə  birlikdə  bütün İttifaqda  tanınan  işlər  aparırdı.    Yazıq  deyirdi ki,  hər  gün  axşam  növbəsinin  dərsləri  qurtaranda  evdən  gəlib  (evləri  BDU-ya yaxın  idi)  otaqlardakı  şüşə  qurğuları  yoxlayıb  gedirəm.  Səhər  gəlib  görürəm  ki,  bir  neçə  qurğuda şüşələr  çatlayıb  ya  da  qırılıb  tökülüb.  O  qurğuların  yenidən  bərpasına  xeyli  pul,  əsəb  və  vaxt  tələb  olunurdu. Qafar müəllim  üç  elmi-tədqiqat  otağına  taxta  qapıların  üstündən  dəmir  qapılar  da  saldırmışdı.  Yəni  bütün  dünyada,  xüsusilə  də  elm  və  təbabət  sahəsində  gizli  və  dağıdıcı  rəqabət həmişə  olub,  yeniliyə  xor  baxmaq  insanlığın  ən  çirkin  xislətidir.

Oxucular  deyəcəklər,  bəs  Sovetlərdən  sonra?  Sovetlərdən  sonra  bütün  vəzifələr  tanışlıqla  paylandığından  elmi  işlər də  ərşə  çəkildi.  Aparıcı  insanlar  gözdən  düşdülər,  küsdülər  və  yavaş-yavaş  elmi  də  özləri  ilə  aparıb  getdilər.  Mənim  məhz  bu  yazım  göstərir  ki,  həmin  incidilmiş  və  küsdürülmüş  alimlərin  ruhu  mövcuddur.  Yoxsa  bu  yazı  olmazdı.

Altı  min  il  tarixi olan  Şərq  təbabətindəki  canlı  obyektlərin  ətrafında  yaranan  sahə (aura)  müəyyən  mənada  ruha  yaxınlaşmağa  imkan  yaradır.  Şərq  təbabəti  biliciləri,  Çin  və  Tibet  lamaları  insanların  ətrafında  yaranan  auraya  təsir  edərək  müəyyən  müsbət  nəticələr  əldə  edirlər.  Bu  istiqamətdə  ən dəyərli  təcrübələri  1984-cü  ildə  Rusiya  Təbiət  Elmləri  və  Nyu-York  akademiyasının  üzvü  Pyotr  Petroviç  Qoryayev  (Moskva  Dövlət  Universitetinin  Biologiya  fakultəsində)  aparmışdı.  O,  DNT  turşusunun  ətrafında  mövcud  olan  Fantom  (Phantasma  Yunan  dilində  xəyal  deməkdir)  adlandırdığı  rəqslərin  mövcudluğunu isbat  etmişdi.  İçərisində  nümunə  olan  küvet (şüşə  borunun)  bir  tərəfdən  lazerin  çıxışı  ilə,  digər  tərəfdən  spektroqrafın  girişi  ilə  əlaqələndirilir.  Lazer  şüaları  nümunədən  keçib  spektrometrə  düşür.  Nümunə  sağlam  dananın  mədəaltı  vəzindən  götürülmüşdü.  Şüanı  təşkil  edən  dalğalar  ölçülərinə  uyğun  gələn  DNT  turşusu  hüceyrələri  ilə  təmasda  olub  çıxışda  modullaşmış  rəqslər  yaradırlar.  Günün  sonunda  nümunə  küvetdən  götürülür.  Səhərisi  gün  nümunəsiz  küvetin  çıxışında  yenə  dünənki  rəqslər  müşahidə  olunur.  Həmin  rəqslər  küvet  həcmində  qalır.  Gündən-günə  amplitudası  kiçilən  rəqslər  40 gündən  sonra  yox  olur.  Qoryayevin  təcrübəsi  müsəlmanların  vəfat  etmişlərə  40  saxlamalarının  səbəbini  aydınlaşdırır.  Yəni  dünyasını  dəyişənlərin   ruhu  hələ  40  gün  evdə  qalır.

1986-cı ildə Nobel  mükafatı  almış,  molekulyar  şüaların  kəsişmə  nöqtəsində  gedən  kimyəvi  reaksiyaların  sürətini  tədqiq  edən  çinli  alim Yuan Li  bir az  da  qabağa  gedib  demişdi: “Mənə  istədiyim  cihazı  verin,  sizə  sonuncu  Tutanxamonun  dəfn  mərasimində  (3500 il  əvvəl)  baş  kahinin  son  sözlərini  deyim”. Söhbət  ondan  gedir  ki,  fironları  dəfn  edərkən  onların  cənazəsi  qoyulmuş  Sarkofaqın  ətrafında  12 kahin  dualar  oxuya-oxuya  fırlanırlar  və  hər  bir  dövrdən  sonra  axırdan  bir  kahin  sıranı  tərk  edir.  Axıra  qalan  baş  kahin  duanın  son  kəlmələrini  deyib  Sarkofaqın  qapağını  örtür. Bəs,  Li  nə  istəyirdi? O,  deyirdi  ki, “Duanın  sözlərinin  rəqsləri  divarlardakı  atom  və  molekullara  keçir  və  o  kiçik  həcmi  rezonatorlarda  rəqslər  saxlanmalıdırlar.  Mənə  qüvvətləndirmə  əmsalı  çox  böyük  olan  qüvvətləndirici  verin”.  Bu,  Ruhun  saxlanma  müddətinin  sonsuzluğuna  işarədir.

2020-ci ilin  sonunda  ruhun  məhz  müəmmalı  olmasını  istəyənlərin  hər  cürə  dözülməz  təpkisinə  dözməyən  Qoryayev  78  yaşında  ürək  tutmasından  vəfat  etdi. (bəziləri  deyir,  öldürüldü)   Bir  neçə  ölkə  tərəfindən  elmi  nəticələri  Nobel  mükafatına  təqdim  edilmiş  akademik  P.P.Qoryayevin  əziz  xatirəsi  onu  sevənlərin  qəlbində  hələ  uzun  müddət  qalacaqdır. Ruhu  şad  olsun!  Amin!

Oxuculara  bildirirəm  ki,  Youtube-da  Dünya  səviyyəli,  baxılan  və  sevilən  Ukraynalı  bloger  Dmitriy  Qordonun  professor  P.P.  Qoryayevlə  və  St-Peterburq  universitetinin  dilçilik  kafedrasının  müdiri  prof.  Tatyana  Vladimirovna  Çerniqovskaya  ilə  müsahibələri  var.  Hər  iki  müsahibədə  bizim  fikrimizlə  həmahəng  olmaqla  bərabər  həm də  çox  müasir  elmi  səviyyədə  söhbətlər  gedir.  Müasir  Psixolinqvistika  və  Neyrolinqvistika  sahələrinin  görkəmli  nümayəndəsi  professor  Çerniqovskaya  deyir  ki,  indi  inteqral  fəaliyyəti  bütöv  anlanılmamış  beyni  tam  öyrənmək  üçün  yeni  metodologiya  tələb  olunur.  Hər  bir  neyron  hüceyrəsinin  ətrafında  Günəş  sistemində  olduğu  kimi  onlarla  nano  ölçülü  peyklər  fırlanır.  Beynin  yaddaşında  qalan  da  elə  peyklərin  həmin  andakı  vəziyyətləridir.  Nano  texnologiyanın  inkişafı  gələcəkdə  insan  beynində  baş  verən,  indi  dərk  edə bilmədiyimiz  prosesləri  üzə  çıxaracaq.  Qoryayev  ruhun  və  ya  maddənin birinciliyini  özünəməxsus  tərzdə həll edir:  O  deyir: təfəkkürdəki    fikir  danışıq  prosesində  sözə  çevrilir.  Söz,  səs  dalğalardır-maddidir,  və  ya  yazılır.  Yazı  da  təfəkkürdəki  fikrin-düşüncənin  maddiləşməsidir.  Demokritin “söz  əməlin  kölgəsidir”  ifadəsi  təsdiqini  tapır.  Yəni  ilkin,  idrakdakı  düşüncə- ruh  birincidir,  eşitdiyimiz,  oxuduğumuz  isə  ikinci.

De  la  Varr,  insan  təfəkkürü  ilə  bitkilərə  göstərilən  təsiri  özünün  ən  güclü  təcrübəsi  hesab  edirdi.  Bu  o  deməkdir  ki,  insan  təfəkkürü  hüceyrə  qəfəsinin  yaranmasına  təsir  göstərə  bilir.  O,  bu  fikri  Britaniyanın  ən  görkəmli  fiziklərindən  birinə  deyib,  həm  də  əlavə  edir  ki,  fikri  düzgün  yönəltməklə  kainat  enerjisinə  də  çıxmaq  olar.  Onun  bu  fikrinə fizik  çox  kəskin  cavab  verir:  “Mən  sizə  inanmıram, Mister de  la Varr deyir.  Əgər  siz  düşüncənizlə  bitkinin  atomlarına  təsir  edə bilirsinizsə  onda  biz  gərək  materiya haqda  biliklərimizə  əl  gəzdirək.”  “Əlbəttə,- deyir de la  Varr , - hətta müasir  biliklərin  hamısını  silkələmək  lazımdır.  Həmin  enerji  riyazi  formullara  necə  daxil  olacaq. Enerjinin saxlanma  qanunu  necə  ifadə  olunacaq?”  Doğrudan  da çox  çətin  məsələdir.

Bəli,  Albert  Abramsın  da,  de  la  Varın  da,  P.P.Qoryayevin  də  çoxlu  paxıllığını  çəkənlər,  işlərinə  mane  olanlar  və  düşmənçilik  edənlər  olub.  Hamısı  da  həkimlər.  Hippokrat  andı  içən  həkimlər.  Pula-paraya sitayiş  edən,  yarımştat  Əzrailə  qulluq  göstərən  həkimlər. Pandemiya  vaxtı həkimlərin  iç  üzü çıxdı  üzə. Milli  gəlirin  qeyri-bərabər  bölünməsinin  ən  parlaq  nümunələri, ayda  200 AZN-ə  qulluq  edən  həkimlər, indi  özünüzü  pulun  gətirəcəyi  müsibətlərdən  qoruyun.  El  arasında  gəzən  söhbətlərə  görə  indi  “ev,  bağ,  maşın  satan  millət,  alan  isə  yalnız  həkimlərdir.”  Nə  etmək  olar,  müqəddəs  Ruh  buna da  bir  əncam  çəkər!  İnşallah!

Nemət Məmmədli Nemət Məmmədli,

Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü

Son xəbərlər
Bütün xəbərlər »