Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sərhəddə erməni təxribatlarının səbəbləri və məqsədləri
Sərhəddə erməni təxribatlarının səbəbləri və məqsədləri

Ermənistanda 20 iyun parlament seçkiləri yaxınlaşdıqca bu ölkənin iqtidarlı-müxalifətli bütün siyasətçiləri öz təbliğatlarında xarici düşmən, sərhəd və torpaq məsələlərini qabardaraq ölkə vətəndaşlarını aldatmaqla məşğuldurlar. Artıq bir neçə həftədir ki, Ermənistan guya Azərbaycan hərbçilərinin ermənilərin hansısa ərazilərinə girdikləri ilə bağlı ölkə daxilində və xaricində dezinformasiyalar yaymağa davam edir.

Proseslər göstərir ki, indi erməni cəmiyyətinin, nəhayət ki, gələcəyini qurmaq şansı olduğu bir zamanda bu ölkənin siyasətçiləri hələ də müharibənin yaratdığı yeni reallıqla barışmaq istəmir, erməni xalqını saxta iddialar və ümidlərlə aldatmaq niyyəti güdür. Əks təqdirdə bir neçə ay əvvəl ordusunun darmadağın olduğu və hazırda dövlətçiliyi sual altında qalan xalqın müxtəlif siyasətbazları, yenə də dövlət səviyyəsində təxribatlarını, revanşist siyasətlərini davam etdirməzdilər.

Azərbaycanın postmüharibə dövründə xoşməramlı addımlarına baxmayaraq, son günlər siyasi, iqtisadi böhran məngənəsində boğulan Ermənistan siyasi dairələrində azərbaycanofobiya güclənib, eyni zamanda, revanşist hisslər geniş yayılıb. Əslində, erməni siyasətçilər yaxşı başa düşürlər ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin bu həddə çatmasında məhz bu ölkədə mövcud olan azərbaycanofobiya, təcavüzkar ideyalar səbəb olub. Deməli, erməni cəmiyyəti üçün indi ən prioritet məsələ milli ideologiyaya və fəlsəfi baxışa göz gəzdirmək olmalıdır.

Bəzi erməni siyasətçilərin Ermənistanın təxribatı ilə bağlı etirafları

Bununla belə, Ermənistanda bəzi qüvvələr son günlərdəki gərginliklərlə bağlı reallığı deməyə məcbur olublar. Məsələn, sabiq prezident Levon Ter-Petrosyan Ermənistanın postmüharibə dövründə Azərbaycanla bağlı apardığı siyasət haqqında danışarkən, yəqin ki, xarici işlər naziri Ara Ayvazyanı nəzərdə tutaraq qeyd edib ki, "Ermənistan Qarabağ müharibəsindən sonra yenə xarici dövlətlərə xoş görünmək üçün Türkiyə və Azərbaycana qarşı təhdid diliylə danışır". Burada Ter-Petrosyan özü etiraf edir ki, bu ölkənin XİN rəhbəri bölgədəki proseslərin hara getdiyini bilməsinə baxmayaraq, bilərəkdən təxribatlarından əl çəkmir və postmünaqişə dövründə sərsəm bəyanatlar verərək bəzi Qərb dairələrinin təlimatlarını yerinə yetirir.

"Mənim addımım" fraksiyasından olan deputatı Vahe Qalumyan isə Azərbaycanla sərhəd problemindən danışarkən etdiyi açıqlama ilə sərhəd məsələsində rəsmi Bakının haqlı olmasına eyham vurub. "Tavuş bölgəsində bizim nəzarətimizdə olan Azərbaycan torpaqları var", - deyə bildirən V. Qalumyana görə, Tavuşdakı Barxudarlu, Sofulu, Xeyrimli və Voskepar (Əskipara-Z.M.) adlı kəndlər 1976-cı il xəritələrinə görə Azərbaycan ərazisi kimi qeyd olunur.

Qeyd etmək yerinə düşər ki, bəzi erməni siyasətçilər kimi, vətəndaşların da əksəriyyəti artıq başa düşməyə başlayıb ki, müharibəyə qədər və postmüharibə dövründə elə əsl təxribatla məşğul olanlar Ermənistan hakimiyyətinin başında dayananlar idi.

Ermənistan ordusunun sərhəddəki təxribatları və bundan siyasi xal qazananlar

Təəssüflər olsun ki, son 3 gündə də sərhəd istiqamətində xoşagəlməz olaylarla qarşılaşmaqdayıq. Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin 26 may tarixində yaydığı məlumata görə, mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub. Cavab atəşi açılmayıb. İtki yoxdur”. Ermənistan Müdafiə Nazirliyi isə, hadisəni həmişəki kimi istəklərinə uyğun olaraq şərh edib, bildirib ki, Ermənistan - Azərbaycan sərhədindəki atışma nəticəsində müddətdən artıq hərbi xidmətdə olan 1989-cu il təvəllüdlü kiçik çavuş Gevorq Xurşudyan öldürülüb. Azərbaycan Müdafiə Nazirliyi isə ittihamları qəti şəkildə rədd edərək bəyan edib ki, qeyd olunan erməni hərbçi bədbəxt hadisə nəticəsində həlak olub və Azərbaycan tərəfinin bu insidentlə heç bir əlaqəsi yoxdur.

Erməni dversantlar

Əlbəttə, ordudakı hərc–mərcliyin nəticəsi olaraq erməni əsgərin həlak olmasını həmişə olduğu kimi Azərbaycanın üzərinə atmağa çalışan Ermənistan Müdafiə Nazirliyi əsgər analarının hadisələrə reaksiyasından çəkinir. Aylardır, İrəvanın mərkəzində çoxlu sayda əsgər valideyni övladlarının erməni siyasətçilərinin apardığı yarıtmaz Qarabağ siyasətinə və ordudakı özbaşınalığa görə hərbi qulluğa göndərilməsinə etirazlarını bildirir. Vəziyyət o həddə çatıb ki, bu gün Ermənistan gəncləri ordudan yayınmaq üçün bütün vasitələrə əl atırlar.

Mayın 27-si gecə saatlarında da erməni tərəfinin təxribatları davam edib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib. Düşmən Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib və onlar əsir götürülüb. Səhər saatlarında sərhəd yaxınlığında Ermənistan silahlı qüvvələrinin tanklar da daxil olmaqla bir neçə döyüş texnikasının cəmləşməsi müşahidə edilib. Tərəfimizdən görülən tədbirlər nəticəsində onların hərəkətinin qarşısı alınıb.

Ermənistan ordusunun son təxribatı maraqlı məqamı ortaya qoyur. Hazırda dağılmış erməni ordusu qarşısında Ermənistan Müdafiə Naziyi və Baş Qərargahı hər hansı hərbi məqsəd qoya bilərmi və bu, nə dərəcədə məntiqə uyğundur? Erməni tərəfi bu təxribatlarla onsuz da hərbi məqsədlərinə çatmayacaqlarını çox yaxşı bilir. Deməli, son günlər və bu gecə baş tutan təxribat hərbi deyil, siyasi məqsəd daşıyır.

Son zamanlar davam etməkdə olan sərhəd insidentləri haqqında danışarkən Ermənistanın daxilində bu təxribatlarda kimin hansı məqsəd güddüyü aydın sezilmiş olur. Azərbaycan və Ermənistan sərhədində vəziyyətin gərginləşməsində və bu vəziyyətdən siyasi divident əldə etməkdə aşağıdakı qruplar maraqlıdır. Bunlar hazırda yalan və populist bəyanatlarla reytinqi yüksələn (“Gallup” Gallup Beynəlxalq Tədqiqat Mərkəzinin apardığı sorğuya əsasən) Ombudsman Tatoyan, Üçtərəfli Bəyanata xələl gətirməkdə davam edən və bəzi Qərb dairələri ilə birlikdə danışıqları pozmağı hədəfləyən XİN rəhbəri Ayvazyan və siyasi müxalifətdir.

Robert Koçaryanın çirkin oyunu

Burada eks-prezident Robert Koçaryan üzərində xüsusilə dayanmaq lazımdır. Unutmaq olmaz ki, Qaragöl olayında və digər sərhədyanı ərazilərdə baş verənlərlə bağlı mövzusunu ilk dəfə qabardan, məsələlər ətrafında siyasi hakimiyyətə təzyiq göstərən məhz Koçaryana yaxın media orqanları oldu. Robert Koçaryan Zəngəzur, sərhəd məsələlərində sərhədyanı ərazilərdə yaşayan ermənilər arasında qorxu xofu yaratmaqla seçkilərdə səs qazanmaq üçün ən məkrli planlarını işə salmaqdadır. Hazırda ordudakı bəzi komandirlərin və həmin bölgələrdəki erməni icma nümayəndələrinin Koçaryana yaxın şəxslər olması bu proseslərin həm Azərbaycana, həm də seçkiqabağı təbliğat çərçivəsində siyasi hakimiyyətə qarşı təxribat olmasını istisna etmək olmaz. Son günlər sərhəddə Ermənistan ordusunun bəzi qruplarının atəşkəsi pozması Koçaryana yaxınlığı ilə seçilən komandirlərin əməli ola bilər.

Sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinin labüdlüyünü və bunun Üçtərəfli Bəyanatın davamını təşkil etdiyini, qarantının isə, Rusiya olduğunu çox yaxşı başa düşən Koçaryan Moskvanın hiddətini qazanmamaq üçün mövzu ətrafında seçkiyə qədər Paşinyana təzyiqi birbaşa deyil, müxalifətin idarə etdiyi media, teleqram kanalları, regionlardakı icma başçıları vasitəsilə edir.

Hakim komanda və Paşinyanın hədəfləri

Öz növbəsində, Ermənistan Baş naziri Nikol Paşinyan da sərhəddə davam etməkdə olan erməni hərbçilərinin təxribatları fonunda “geosiyasi oyun” oynamaqdadır. Sorosun yetirməsi olan və gec-tez Rusiyanı Ermənistandan çıxarmağı hədəfləyən qüvvələr “Mənim addım”ım hərəkatının ayrı-ayrı üzvləri və Ermənistandakı bəzi siyasi dairələr guya azərbaycanlıların Ermənistanın sərhədini keçdiyini bildirərək bu “təhdidlər” qarşısında tək qaldıqlarını və KTMT-nin onlara yardım etmədiyini vurğulamaqla yeganə çıxış yolunun Qərbdə olduğu fikrini ictimaiyyətə aşılamaqdadırlar. Mayın 26-da çıxış edən Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətini sərt şəkildə tənqid edib. O bildirib ki, “bu təşkilat “hələ də Azərbaycan qüvvələrinin əvvəlki mövqelərə geri çəkilməsinin zəruriliyi barədə qəti mövqe bildirməyib”. Əlavə edib ki, KTMT-nin Azərbaycanla sərhəddəki problemə dair addımlarının surəti Ermənistanı qane etmir. Əgər bu təşkilat sərhəddəki problemi həll etməsə, Ermənistan BMT Təhlükəsizlik Şurasına müraciət edəcək.

Aşkar şəkildə Rusiyaya qarşı olan bu bəyanatda maraqlı məqamlardan biri odur ki, Paşinyan bu ölkənin XİN rəhbəri Ara Ayvazyanın ardınca Fransa prezidenti Makronun bir müddət əvvəl səsləndirdiyi fikirləri təkrarlayıb və Azərbaycan-Ermənistan məsələsini məhz BMT TŞ tribunalına çıxarmağın tərəfdarı olduğunu dilə gətirib.

Xülasə

Yuxarıda sadalananlar onu deməyə əsas verir ki, Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca Azərbaycanla bağlı təxribatların daha da güclənəcəyi proqnozlaşdırılandır. Ermənistan müxalifətinin əsas hədəfi nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək və şəxsi maraqlarını bundan sonra da erməni xalqının faciəsi üzərində həyata keçirməkdir. Ermənistan iqtidarı da eyni düşüncə ilə hakimiyyətdə qalmağı qarşısına məqsəd qoyub.

Lakin onlar unutmamalıdırlar ki, apardıqları siyasət çox təhlükəlidir və Azərbaycanın “Dəmir yumruğu” yerindədir.

Ermənistanın daxilində və xaricdə hansısa qüvvələrin istəklərindən asılı olmayaraq, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi həllini tapacaq, “Zəngəzur dəhlizi” açılacaq.

Zaur Məmmədov Prezident yanında İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov
Son xəbərlər
Bütün xəbərlər »