Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qlobal güclərin təbrikləri: açıq-gizli mesajlar
Qlobal güclərin təbrikləri: açıq-gizli mesajlar
Hər bir insan kimi dövlətlərin də həyatında əziz saydığı, mühüm tarixi günlər var. Ki, dövlətlər də elə insanlardan, insanlar üçün formalaşan təsisatdır. Və tarixi günlər həm də özünə hesabat məqamı və başqalarının da dəyərləndirmələrini alma fürsətidir. Bu baxımdan qarşıdan gələn 28 May - Respublika günü də istisna deyil.

Artıq Prezident İlham Əliyevin adına təbriklər gəlməkdədir. Bu təbrik mesajları özlüyündə formal bir prosedur və ya növbət(ç)i jest də deyil. Təbrik məktublarının məzmununu incələdikcə, ən azı iki mühüm nəticə göz önündə canlanır:

Birincisi, Azərbaycan dövlətinin dünyanın siyasi xəritəsində, geosiyasətində tutduğu yeri, oynadığı rolu ifadə edirsə, ikincisi, həmin dövlətin rəhbərinin şəxsi nüfuzunu, dünya siyasətində çəkisini, bütövlükdə siyasi və insani profilini və təbii ki, apardığı siyasətin effektivlik dərəcəsini sərgiləyir. Və biz bir neçə təbrik məktubunun təhlili üzərindən bu nəticələrə diqqət yetirək.

ABŞ-dan başlayaq. Prezident Cozef Baydenin Prezident İlham Əliyevə məktubunda Azərbaycanın rəhbərinin timsalında Azərbaycan dövləti (və ümumən xalqı ilə) təhlükəsizlik, enerji və demokratik idarəetmə sahəsində birgə işləməyi, birgə səyləri davam etdirəcəyini bildirir. Bu üç faktor, üç sfera bir-biri ilə qarşılıqlı asılılıqdadır. Yəni Prezident Bayden onu ifadə edir ki, Azərbaycan ABŞ və Avropa da daxil olmaqla bütün dünya miqyasında təhlükəsizliyə, enerji təchizatına və demokratikləşməyə öz töhfələrini verir. Prezident Bayden bununla Azərbaycan Prezidentinin apardığı siyasətin beynəlxalq miqyasda da, öz xalqı üçün də doğru və səmərəli olduğunu vurğulamış olur. Baydenin məktubunda bir neçə fakt var ki, bunu onun sələfləri də vurğulamışdılar. Məsələn, ABŞ Prezidenti NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizəyə 20 illik dəstəyini qeyd edib. Burda əslində sanki yeni bir şey yoxdur. Ancaq "20 illik dəstək" ifadəsi çox şeyi ifadə edir. Azərbaycan müstəqilliyinin 30-cu ilindədir və müstəqil olduqdan 10 ildən az bir müddət sonra beynəlxalq antiterror koalisyasında öz yerini tutub və sonrakı iki onillikdə bu siyasətinə sadiq qala bilib.

"Qala bilmək" ifadəsini təsadüfən işlətmədik. Siyasətdə doğru və səmərəli siyasətə 20 illik və daha çox onilliklər sadiqlik dövlət müdrikliyinin və siyasi mətanətin göstəricisidir. Həm də bu coğrafiyada bunu edə bilmək ayrıca bir dəyanət isbatıdır. Ötən 28 maydan bu günə qədər baş vermiş (daha doğrusu, Azərbaycanın nail olduğu) iki qlobal əhəmiyyətli nəticə də Prezident Baydenin məktubunda xüsusi vurğulanıb. Bunlardan biri Cənub Qaz Dəhlizinin işə salınması, ikincisi, Xəzərdə Türkmənistanla Azərbaycan arasında əvvəllər mübahisəli olmuş yatağın birgə işlənməsinə dair bu iki Xəzəryanı dövlət arasında memorandumun imzalanmasıdır. Hər iki nəticənin əldə olunmasında Azərbaycanın apardığı siyasət başlıxa faktor olub. Azərbaycan Prezidenti təkcə Xəzər hövzəsini və Cənubi Qafqazı Avropa ilə əlaqələndirən siyasətin memarı və təşkilatçısı olmaqla qalmadı, həm də Mərkəzi Asiyadan da Qərbə mühüm enerji və logistika körpüsünün təməlini ata bildi. ABŞ-ın bunu yüksək qiymətləndirdiyi Prezident Baydenin məktubunda öz ifadəsini tapıb. Siyasətçilər adətən bir-biri haqqında nəzakətən xoş sözlər deyirlər.Ancaq Baydenin vurğuladığı məqamlara təkcə siyasi və ya şəxsi nəzakət ifadəsi kimi baxmaq doğru deyil (ki, o da var). Burda Azərbaycan rəhbəri kimi İlham Əliyevin qərarları və əldə etdiyi mühüm nəticələr konkret faktlarla yüksək qiymətləndirilib. Yaxud Almaniya Federativ Respublikasının federal Prezidenti Frank-Valter fon Ştaynmayerin məktubuna baxsaq, orda Azərbaycanın COVİD-19 pandemiyası ilə mübarizədə Azərbaycanın səylərinə xüsusi toxunulub. Əgər əlavə şərhə ehtiyac olsaydı, biz bu səylərin konkret yardımların maliyyə məbləğlərində, konkret siyasi qərarlarda və praktik addımlarda ifadəsinə yer verərdik və geniş və dolğun data analizini təqdim edərdik (ki, əslində bu haqda dəfələrlə deyilib də, yazılıb da). Ancaq biz burda ABŞ-ın, eləcə də, Avropa İttifaqında əsas söz sahibi Almaniyanın verdiyi qiymətlərlə yanaşı bu iki güc mərkəzinə rəqib olan, onları özünə rəqib görən, onların da rəqib kimi gördüyü Çinin dəyərləndirməsinə baxaq. Çin Sədri Si Cipen “Bir kəmər, bir yol” müştərək layihəsi üzrə əməkdaşlığın dərinləşməkdə davam etməsini, COVID-19 pandemiyasına qarşı birgə mübarizədə əldə olunan nəzərəçarpacaq nəticələri xüsusi qeyd edib. Bunu vurğulamaq istərdik ki, əslində ABŞ-ın bölgədəki strategiyasına Çin, Çinin "Bir kəmər-bir yol" layihəsinə isə ABŞ mənfi münasibətdə (əks mövqedə) dayanıb. Ancaq Azərbaycan hər iki strateji vektorda öz yerini alıb və öz siyasətini aparır, hər iki cinahın da təqdirini alır. Kiməsə sıradan bir olay kimi görünə bilər. Ancaq bu kimi faktlar Azərbaycanın qlobal siyasətdəki yerini və Azərbaycan Prezidentinin müsbət şəxsi və siyasi profilini göz önündə canlandırır. Bunlar təkzibolunmaz faktlardır və Azərbaycanın doğru yolda, doğru yöndə olduğunu isbatlayır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »