Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elmar Vəliyev anlaqlıdırmı: Məhkəmə istintaqı təzələndi
Elmar Vəliyev

Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin anlaqlı olub-olmadığını müəyyən etmək üçün onunla bağlı məhkəmə tibbi ekspertizası təyin edilib. Mayın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin işi üzrə məhkəmə prosesində bu barədə qərar verilib.

Bizimyol.info xəbər verir ki, bu iş üzrə məhkəmə prosesi bir ildən çoxdur ki, davam edir. Proses artıq başa çatmaq üzrədir – məhkəmə istintaqı yekunlaşıb, prokuror Yunis Səfərova ömürlük, digər təqsirləndirilən şəxslərə isə 18 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası istəyib. Vəkillərin də əksəriyyəti müdafiə çıxışı edib. Mayın 25-də təqsirləndirilən Cəfər Zalovun vəkili İlqar Rüstəmov hüquqlarını müdafiə etdiyi şəxsin günahsız olduğunu vurğulamaqla yanaşı, məhkəmənin gedişindən də narazılığını dilə gətirib. O, məhkəmə istintaqının təzələnməsi haqda vəsatət qaldırıb. Vəkil bildirib ki, Elmar Vəliyev zərərçəkmiş qismində tanınsa da, nə istintaq, nə də məhkəmə dövründə ətraflı dindirilib. Onun hadisə, təqsirləndirilən şəxslər haqda ifadəsi alınmayıb. Bu isə hökm vermək üçün çox əhəmiyyətli məsələdir.

Yunis Səfərov Yunis Səfərov

İstintaq zamanı Elmar Vəliyev səhhətində problemlər olması əsas gətirilərək dindirilməyib. Amma onun durumunun müəyyənləşdirilməsi üçün tibbi ekspertiza təyin edilməyib. Məhkəmə də Elmar Vəliyevin nümayəndəsinin təqdim etdiyi arayışa əsaslanaraq, onunla kifayətlənib.

Digər vəkillər və təqsirləndirilən şəxslər də bu vəsatəti müdafiə edib. Onlar da məhkəmə istintaqının təzələnməsi və Elmar Vəliyevlə bağlı məhkəmə tibbi ekspertizasının təyin edilməsi barədə vəsatət qaldırıblar.

Prokurorlar da vəsatətə etiraz etməyib.

Müşavirədən sonra Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası sabiq icra başçısına qarşı sui-qəsdlə bağlı məhkəmə istintaqının təzələnməsinə və Elmar Vəliyevin anlaqlı olub-olmadığının müəyyənləşdirilməsi üçün onun tibbi ekspertizadan keçirilməsinə qərar verib.

Ekspertizanın nəticəsi məlum olana qədər məhkəmə prosesi təxirə salınıb.

2018-ci ilin iyulunda Elmar Vəliyevi öldürməyə cəhd edən Yunis Səfərov məhkəmədə ifadə verərkən sabiq icra başçısını əhaliyə qarşı davranışlarına görə öldürmək istədiyini bildirib. Hərəkətindən peşman olmadığını vurğulayan Yunis Səfərov onunla birlikdə mühakimə olunan digər təqsirləndirilən şəxslərin günahsız olduğunu deyib və onların azadlığa buraxılmasını istəyib. O, terror törətmək, dövlət çevrilişinə cəhd etməsi haqda ittihamda yazılanları da təkzib edib.

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Umayra Tağıyeva qadınlara müraciət edib
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Yayda şən istirahətin ən ucuz yolu: Turla səyahət - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »