Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Biz düşmənin qorxduğu yerdən başlamalıyıq..."
"Biz düşmənin qorxduğu yerdən başlamalıyıq..."

Ermənilər Rusiya səfirinə müraciət etdilər: “Türkiyə monitorinq mərkəzindən çıxarılsın”

Müxtəlif təşkilatlarda birləşən, vaxtilə Azərbaycanda yaşamış ermənilər, əsasən də Hadrut azad olunandan sonra oranı tərk edənlər Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinə müraciət ediblər. Müraciətin məzmununa keçməzdən əvvəl qeyd edək ki, bu təşkilatların adı maraq doğurdu və düşmənimizin nə qədər hiyləgər, xislətlərinin nə qədər məkrli, xarakterlərinin namərd olduğu bir daha təsdiq olundu. Əlbəttə, yalnız bu məktuba görə düşmənlərimizin mahiyyətini bilmirik, əsrlərdir ki, Cənubi Qafqazın baş ağrısına çevrilmiş bir toplumun Azərbaycan və Türkiyə türklərinə, onların dövlətlərinə, torpaqlarına xaincə saldırdıqları bizlərə çoxdan bəllidir, amma yenə də...

“Azərbaycan SSR-dən olan qaçqınların qurultayı”, “Azərbaycan SSR ermənilərinin birliyi”, “Kəlbəcərə qayıdış” və sairə.

Rusiya səfirinə yazılmış müraciətə qayıdaq. Burada iki məqam diqqətimizi çəkdi.

Hadrutu tərk etmiş ermənilər geri dönmələri üçün ittiham və şərtlər irəli sürürlər. İttiham bizə qarşıdır:

”Azərbaycan hökuməti, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 7-ci maddəsinə əsasən, erməni qaçqınlarının və köçkünlərin Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında, yaşayış yerlərinə qayıtmasının qarşısını alır”.

Bizim azad etdiyimiz Hadrut Azərbaycan torpağıdır və ermənilər Azərbaycan Respublikasının vətəndaşlığını və Azərbaycan Konstitusiyasının tələblərinə əməl edəcəklərini nə vaxt qəbul etsələr.., heç bir problem yoxdur. Axı həmin maddədə azərbaycanlı qaçqınların da keçmiş Dağlıq Qarabağa qayıtması nəzərdə tutulub. Ermənilər burda fantastik şərt irəli sürürlər: “Azərbaycanlı qaçqınlarının Artsax Respublikasına (Dağlıq Qarabağa) qayıtması yalnız 1987-1992 və 2020-ci illərdə Azərbaycandan və onun nəzarəti altına alınan ərazilərdən didərgin düşmüş erməni qaçqınlarının qayıtması üçün hüquqi və sosial şərtlər təmin edildikdən sonra mümkündür, əks halda bu ermənilərə qarşı etnik ayrı-seçkilik hesab olunur”.

Yəni, vaxtilə Azərbaycan ərazisində yaşamış ermənilər qayıtdığı halda, biz misal üçün Xocalıya qayıda bilərik. Ermənistanda yaşamış 200 mindən çox azərbaycanlı nəzərə alınmır, amma Azərbaycandan gedən ermənilər qayıtdığı halda bizim qaçqınlar Şuşanın kəndlərinə, Xocalıya, Ağdərəyə, Xocavəndə qayıda bilərmişlər. Əsl ayrı-seçkilik elə budur.

Yəqin, səfirə müraciət edənlər elə zənn edirlər ki, Makronu aldatdıqları kimi, Rusiya səfirini də aldada bilərlər. Daha demirlər ki, onları İrandan, Türkiyədən köçürüb Azərbaycan torpaqlarında yerləşdirən elə Rusiyadır və belə erməni gedişlərinin çox şahidi olduqlarından, bu nömrə keçmir.

Erməni müraciətində Türkiyəni yad etməsəydi, təəccüblü olardı. Müraciətdə ermənilərin daha bir şərti Türkiyə ilə bağlıdır. “Türkiyənin həm keçmişdə, həm də indiki dövrdə münaqişəyə qarışmasının Artsax və Ermənistan üçün bir təhdid olduğunu və regional güc tarazlığına da təsir göstərə biləcəyini nəzərə alaraq, Türkiyə Minsk qrupundan xaric edilməlidir. Türk hərbçiləri Artsax Respublikasının sərhədləri yaxınlığında yerləşən Monitorinq Mərkəzinin tərkibindən çıxarılmalıdır”.

Monitorinq Mərkəzinin indiyə kimi real fəaliyyətini əks etdirən konkret faktlara rast gəlməsək də, Türkiyənin mərkəzdə təmsilçiliyi erməniləri əsəbləşdirir, sıxır və onu da unutmayaq ki, ermənilər Rusiyanın da ürəyindən keçənləri dilə gətiriblər.

O təsəvvür yaranmasın ki, Ermənistanda hansısa dərədə azmış bir erməni söz deyəndə, biz də onun əsirinə çevrilirik, ya da deyiləni bir təhlükə kimi görüb həyəcanlanırıq. Ermənilərin nə yazdıqlarına, istənilən müraciətlərinə fikir verməyək, boş verin getsin də demək olardı və yəqin ki, deyənlər də var. Amma, düşmənin Rusiyaya və dünya birliyinə etdiyi müraciətləri Ermənistan rəsmilərinin siyasətinin tərkib hissəsi kimi dəyərləndirməliyik. Cəmiyyət adından mövqe bildirilir, sonra da “çox əzabkeş erməni xalqı”na bəşəriyyətin yazığı gəlir, onların “dərdinə” şərik olurlar. Qaragöl hadisəsində Nikol Paşinyanın zəng etmədiyi yer qalmadı, üstümüzə informasiya təzyiqi, bəyanatlar, tələblər gəlmədimi? Bu məsələ də onun anologiyasıdır.

Düşmən məğlub olub, “dəvədən yıxılıb, amma höt-hötünü yerə qoymur”. Altı ay yarım az müddət deyil. Araik Xocalıda Hadrut ermənilərinə evlər tikməyi planlaşdırdığını elan edib, çünki biz Xocalıya qayıdışla bağlı rəsmi mövqe bildirməmişik. Gərək Azərbaycan XİN separatçı rejimin başçısının Xocalı ilə əlaqədar dediklərindən sonra bunu təxribat kimi dəyərləndirib, tezliklə azərbaycanlı qaçqınların Xankəndi və ətrafına qayıdacağını bildirəydi. Bu müraciətdən həm də, bir nəticə çıxarmalıyıq. Deməli, düşmənin ən qorxduğu, çəkindiyi məsələ azərbaycanlı qaçqınların keçmiş Dağlıq Qarabağa qayıtmasıdır. Biz də elə buradan başlamalıyıq.(moderator)

Ilham Ismayıl İlham İsmayıl
Son xəbərlər
Bütün xəbərlər »