Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskvanın Tretyakov Qalereyasının direktoru: “Tahir Salahovun həyatdan getməsi xeyli insan üçün böyük kədərdir”
Moskvanın Tretyakov Qalereyasının direktoru: “Tahir Salahovun həyatdan getməsi xeyli insan üçün böyük kədərdir”

“SSRİ Rəssamlar İttifaqının üç dönəm birinci katibi olmuş Tahir Salahov Sovetlər İttifaqının ən nüfuzlu şəxslərindən biri idi. Salahov bizim ölkənin rəssamlığı üçün çox işlər görüb. Gənc rəssamların yetişməsində əvəzolunmaz rol oynayıb. Tahir Salahovun gördüyü işlər onun yaradıcılığının miqyası ilə məhdudlaşmır. Ona görə də, onun həyatdan getməsi çoxlu sayda insan üçün böyük kədərdir”.

Bunu APA-ya Rusiyanın Dövlət Tretyakov Qalereyasının direktoru Zelfira Trequlova bildirib.

Görkəmli Azərbaycan rəssamı ilə ilk tanışlığından danışan Z. Trequlova Tahir Salahovun adını birinci dəfə hələ yeniyetmə dövründə eşitdiyini söyləyib:

“50-60-cı illərdə “mülayimləşmə (ottepel) dövrünün təsviri sənətinə dair kitabdan onun adını oxumuşdum. Həmin kitabda Tahir Salahovun məşhur “Qara Qarayevin portreti” əsəri təsvir olunmuşdu. Hansı ki, indi bu əsər Tretyakov Qalereyasında qorunub saxlanılır. Mən daha sonra Tahir Salahovu 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində televiziyada Mərkəzi Rəssamlar Evində böyük sərgilərin açılışında görmüşdüm. Mərkəzi Rəssamlar Evini Tahir Salahov SSRİ Rəssamlar İttifaqı üçün tikdirmişdi. İndi Mərkəzi Rəssamlar Evi Tretyakov Qalereyasının tərkibindədir. Yaxşı xatırlayıram ki, Robert Rauşenberqin Moskvada sərgisi keçirilirdi. O zaman inanmaq olmurdu ki, Rauşenberq Moskvadadır. Həmin sərginin açılışında Rauşenberqin yanında Tahir Salahov dayanmışdı, hansı ki, həmin sərgini o təşkil etmişdi. Tahir Salahov Rauşenberqin ardınca Moskvada dünyanın aparıcı muzeylərinin döyünən ürəyi olan Ceyms Rozenqvist, Frensis Bekon, Rufino Tamayo kimi rəssamların sərgilərini təşkil etmişdi. Tahir Salahov 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində təkcə bu rəssamları sərgilərini keçirməyə razı salmamışdı, həm də onların özünü Sovetlər İttifaqına, Moskvaya gəlməyə razı salmışdı. Məhz həmin sərgilər bizim və bizdən sonra gələn nəslin dünyagörüşünü formalaşdırmışdı. İndi Rusiyada Tahir Salahovun o zaman təşkil etdiyi sərgilərin keçirilməsini heç təsəvvür edə bilmərik.

Tahir Salahovla Yekaterina Mədəniyyət Fondunun onun Moskvada ilk sərgisini təşkil edən zaman tanış olmuşdum. Bu, 2015-ci il idi. Mən həmin il Tretyakov Qalereyasına direktor təyin olundum və həyata keçirdiyim ideyalardan biri Tahir Salahovun bizim qalereyada möhtəşəm sərgisini keçirmək oldu. Məhz bu sərgi mənim Tahir Salahovla tanışlığımı bir başqa cür etdi, tanışlığımız qarşılıqlı simpatiyaya çevrildi. Kənar şəxslərin əhatəsində söhbət Tretyakov Qalereyasındakı sərgidən düşəndə Tahir Salahov bu sərginin mənim ideyam olduğunu söyləyirdi. 230 şedevr əsərin daxil olduğu 1000 il ərzində rus təsviri-sənəti sərgisinin kuratoru kimi mən Tahir Salahovun “Qara Qarayevin portreyi” əsərini daxil etməyə bilməzdim. Çox yaxşı xatırlayıram ki, həyatda olan kifayət qədər rəssam öz işlərinin 230 şedevr əsərin nümayiş olunduğu “Rus təsviri sənətinin 1000 illik inkişafı sərgisi”nə düşməsi üçün inzibati resurslardan istifadə etmişdilər”.

Z.Trequlovanın sözlərinə görə, gələn il Avropada Tahir Salahovun böyük sərgisini təşkil etmək fikrindədirlər:

“Biz Tahir Salahovun Tretyakov Qalereyasında sərgisini keçirəndən sonra düşündük ki, onun işlərini Avropada nümayiş etdirək. Biz Venesiya Universiteti ilə razılaşdıq ki, Foskari sarayında 2021-ci ildə Venesiya Bienalı çərçivsəində Tahir Salahovun böyük sərgisini təşkil edək. Pandemiyaya görə bu sərgi 2022-ci ilə keçirildi. Biz Tahir Salahovla bundan qabaq üç dəfə görüşəndə bu sərgi haqqında danışdıq. Yaxşı başa düşürdüm ki, onun 92 yaşı var. Nəyə görəsə əmin idim ki, biz bu sərgini açacağıq. Əgər o, gələ bilməsə, biz ona “Zoom” vasitəsi ilə sərginin açılışını göstərəcəkdik. İndi isə, əlimizdən gələni edəcəyik ki, bu layihəni həyata keçirək və dahi rəssam Tahir Salahovun xatirəsinə həsr edək”.

Trequlova Tretyakov Qalereyasının daimi ekspozisiyası üçün “Qara Qarayev portreti” ilə yanaşı Tahir Salahovun digər əsərlərindən ibarət yeni versiyanı hazırladıqlarını da qeyd edib:

“Yəqin ki, indi Tahir Salahovun əsərlərindən ibarət genişləndirilmiş daimi ekspozisiyanın yaradılması haqqında fikirləşəcəyik”.

Son xəbərlər
Bütün xəbərlər »