Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın Türk Şurasına üzv olmaq arzusu, yaxud "ayının min oyunu"...
Rusiyanın Türk Şurasına üzv olmaq arzusu, yaxud "ayının min oyunu"...

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, “Rusiya türkdilli ölkələrlə daha sıx əməkdaşlıq etmək istəyir. Rusiya Türk Şurasına qoşulmağa hazırdır. Başa düşürük, bu birlik türkdilli ölkələr üçün yaradılıb, amma bizim də içimizdə tatar, altay, çuvaş, başqırd, yakut kimi türk xalqları var. Razılıq olsa, qatılmağımızda bir problem olmamalıdır”.

Lavrov bu təklifi 2019-cu ilin iyul ayında da səsləndirmişdi. Bu dəfə Lavrov “Yeni Bilik” forumunda Rusiyanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) qoşulma ehtimalını nəzərdən keçirməyə hazır olduğunu bəyan edib.

Lavrov TDƏŞ-in dövlətlərarası bir təşkilat olduğunu xatırladaraq üzvlük üçün dominant əhalinin türk olmasının tələb olunmasına baxmayaraq, Rusiyanın quruma qoşulması üçün heç bir problem görmədiyini vurğulayıb. Yəni istəsəniz də, istəməsəniz də, biz də varıq mesajını verib.

Bir çox politoloqlar Rusiyanın bu təkliflə türkün gücünü etiraf etmiş olduğunu dilə gətirirlər. Əslində isə bu daha çox türkləri nəzarətdən kənarda saxlamamaq cəhdinə, onların arasında olub, yeni nifaqlar yaratmaq istəyinə daha çox bənzəyir.

Bu günə qədər Rusiya öz ərazisində yaşayan 35 milyondan çox türkün öz soyunu unutması üçün çalışıb, Rusiyadakı siyasi elita Türk Birliyinin qurulmasına qarşı çıxışlar edib, gizli-gizli müxtəlif tədbirlərin görüldüyü də istisna deyil. Lavrovun birdən-birə türklərin birliyinə göstərdiyi bu “sevgi” müstəqilliyini qurmuş türk respublikaları ilə Türkiyənin isti münasibətlərinin yaranmasından doğur.

Türk Şurasına daxil olan dövlətlərin zəngin yeraltı təbii sərvətləri də Rusiyanın maraq dairəsindədir və Türkiyənin bu ölkələrlə yaxınlaşması tərəfləri olduqca gücləndirə bilər. Məlum məsələdir ki, Rusiya "dostum" dediyi ölkələrdən istədiyini tərəfdaşlıq yox, qol gücünə, dava ilə almağa alışıb. Lavrov yaxşı anlayır ki, son günlər tez-tez mətbuat vasitəsilə adı çəkilən Turan Ordusu bir xəyal deyil, Türk Şurasının güclənməsi ilə çox güclü bir Turan Ordusu yaranıb, NATO-nun alternativinə, rəqibinə, hətta dünyanın vahid gücünə çevrilə bilər və bu KTMT kimi adı olub, özü olmayan qurumu, rəsmi Moskvanın Qərbə qarşı planladığı böyük Avrasiya İqtisadi Birliyi ideyasını yarımçıq qoya bilər. Qısası Lavroun Türk Şurasına girmək istəyi sadəcə, bu günə qədər irəli sürdüyü strategiyanın – yəni hər yerdə var olmaq siyasətinin, olduğu yerdə də nifaq çıxarıb qaynar nöqtələr yaratmaq, bu nöqtələrdən də təzyiq aləti kimi istifadə etmək planının parçasıdır. Necə deyərlər, "ayının min oyunu var, bir armudun başında"...

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »