Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnformasiya müharibəsində yeni silah
İnformasiya müharibəsində yeni silah

Prezident İlham Əliyevin hər çıxışı, verdiyi hər bəyanat özlüyündə mühüm hadisədir. Bu da təbiidir. Çünki o, öz regionunun iqtisadi, siyasi baxımdan açar dövlətinin başçısıdır.

Eyni zamanda 44 günkük Vətən Müharibəsindəki qələbələrdən sonra həm də təhlükəsizlik baxımından əsas dövlət oldu. Artıq elə vəziyyət yaranıb ki, Ermənistan arxasındakı bəzi yarımgizli, gizli, açıq güclərlə birlikdə bölgənin təhlükəsizliyinə necə təhdiddirsə (yaxud elə idisə), Azərbaycan da əksinə özü təklikdə və ya müttəfiqləri, dostları ilə birlikdə regionun təhlükəsizliyini təmin edən əsas qüvvədir. O üzdən Prezident Əliyevin dediyi hər bir fikir tək öz ölkəsinin deyil, bütövlükdə bölgənin maraqlarını ifadə edir və anında dünya gündəminə oturur. Bu baxımdan, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" mövzusunda videokonfrans formatında müzakirələr də istisna olmadı.

Əvvəla, tədbirin adından da göründüyü kimi, Prezident Əliyev təkcə öz ölkəsinin deyil, bütövlükdə bölgənin inkişaf strategiyasını formalaşdırır. Həm də bunu regiona aid olan və olmayan tərəfdaşlarla birlikdə həyata keçirir. İlham Əliyev öz çıxışında da bu strategiyanın aydın konturlarını bir daha geniş və dəqiq ifadə etdi. Onun tezislərinin ölkənin, bölgənin və bütün dünyanın gündəminə oturmasının ən başlıca səbəblərindən biri budur; müharibədə əldə etdiyi qələbənin nəticələrini dost və tərəfdaş ölkələrlə paylaşır. Biz görürük ki, qarşı tərəfdə - Ermənistanda siyasi qüvvələr noyabr kapitulyasiyasının məsuliyyətini belə bölüşə bilmir; hər kəs bir-birinin üzərinə atır. Ancaq Azərbaycan Prezident İlham Əliyevin simasında əks nümunə göstərir: qələbəni belə paylaşa bilir. Nəinki öz ölkəsinin, bütün bölgənin məsuliyyət yükünü daşıya bilir. Bu, çox vacib bir reallıqdır.

Azərbaycan tərəfinin, ölkə prezidentinin çıxışlarında ifadə olunan ikinci mühüm strateji vizyon gələcəkdən daha çox danışmasıdır. Nizami Gəncəvi Mərkəzinin konfransı ilə paralel olaraq Ermənistanda da müzakirələr vardı; baş nazir əvəzinin Ermənistan parlamentindəki çıxışını və bu çıxışa reaksiyaları nəzərdə tuturuq. Nikol Paşinyan dedi ki, onun ölkəsində bəzi qüvvələr yeni müharibə istəyirlər. Müqayisə edək: Azərbaycanda gələcəkdəki sülhdən daha çox danışıldığı, bölgənin təhlükəsizlik arxitekturası qurulduğu halda Ermənistanda yeni müharibə çağırışları, yeni işğalçılıq xəyalları var. Bir yanda İlham Əliyevin ifadə etdiyi konstruktiv mövqe, o biri yanda - qarşı tərəfdə destruktiv mövqe. Əlbəttə ki, dünyanın ən böyük və ən nüfuzlu "beyin mərkəz"lərindən, strateji planlaşdırma mərkəzlərindən biri olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu fərqi bir daha gördü və dünya mediasına və ictimai fikrinə servis etdi. Yəni İlham Əliyevin ifadə etdiyi mövqe haqlı və produktiv olduğuna görə də qəbul edilir. Məlumdur ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzində dünyanın xeyli ölkəsinin keçmiş prezidentləri, keçmiş baş nazirləri, keçmiş nazirləri, aparıcı strateqlər təmsil olunur. "Keçmiş" sözü fikrinizi çaşdırmasın; demokratik ölkələrdə keçmiş prezident və ya keçmiş baş nazir, eləcə də, keçmişdə yüksək dövlət vəzifəsi tutmuş başqa məmurlar postlarından getsələr də, öz ölkələrinin, dünyanın siyasətində yenə də aparıcı fikir, söz sahibləri, rəy liderləri, məsləhətçilər, ekspertlər olaraq qalmaqda davam edirlər. Çünki təkcə vəzifə başında olub qərar verəndə deyil, sonrasında da öz ölkələri və dünya düzəni üçün məsuliyyəti daşımaqdan çəkinmirlər, kənar durmurlar. Bir çox hallarda ölkələrin içində, yaxud ölkələr arasında baş verən ciddi konflikt situasiyaları həll etmək üçün "sabiq"lərin təcrübəsindən və siyasi-diplomat potensialından hökumətlər istifadə edir. Yəni "sabiq"lər vəzifədən getdikdən sonra da qərarların qəbul olunmasında ya birbaşa iştirak, ya da təsir edə bilir. Prezident İlham Əliyev bu gücə ölkəsinin və bölgəsinin maraqları baxımından tam məqamında və düzgün apelyasiya edə, öz fikirlərini həm dünya siyasətinin gündəminə, həm beynəlxalq ictimai rəyə ötürə bilir. Bu, çox mühüm bir amildir, şəxsi bacarıqdır.

Bütün bunlarla yanaşı bir fərqli reallıq daha var; Prezident İlham Əliyev 44 günlük müharibə zamanı informasiya müharibəsinin yeni bir formatını, yeni bir texnologiyanı yaratmışdı və onu davam etdirir. Əgər Azərbaycan müharibənin hərbi fazasında ən müasir silahlardan istifadə edərək qələbə qazana bilmişdisə, bunun ən başlıca səbəblərindən biri də informasiya müharibəsində ən müasir "informasiya silahı" tətbiq etməsi olmuşdu. İlham Əliyev müharibə dövründə dünyanın 26 aparıcı media orqanına müsahibə verdi. Onlardan 18-i televiziya kanalı, 5-i informasiya agentliyi, 3-ü qəzet idi. Hər bir müsahibə dünya ictimai fikrində bir hadisə oldu. Çünki prezident Əliyev həm haqlı idi, həm də dünyanın anladığı dildə danışırdı (sözün hər iki mənasında). Ancaq təkcə media ilə ünsiyyət informasiya müharibəsini udmaq üçün bəs etməzdi. Baxmayaraq ki, fevralın 26-da Prezident mətbuat konfransı da keçirmiş, 4 saat ərzində 35 media qurumunun 50-dən çox sualına cavab vermişdi. Bu, fenomenal bir nəticə idi. Ancaq Prezidentə sual vermək istəyən təkcə jurnalistlər deyil; poitoloqlar, siyasi araşdırmaçılar, siyasət və təhlükəsizlik məsələləri üzrə ekspertlər də mühüm qüvvədir. Aprelin 11-də ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz üçün yeni baxış - müharibə sonrası inkişaf və əməkdaşlıq” mövzusunda dəyirmi masada dünyanın 15 ölkəsindən aparıcı beyin mərkəzlərinin nümayəndələrinin suallarına da Prezident dəqiq və əhatəli cavablar vermişdi.

Bütün bu faktları və mülahizələri ümumiləşdirəndə belə bir mənzərə formalaşır: əvvəla, Prezident İlham Əliyev bölgədə gedən proseslər, ümumən bölgənin gələcəyi üçün məsələlərdə dünya ictimai fikri üçün (mediası və beyin mərkəzləri də daxil) ilkin və ən etibarlı məlumat mənbəsidir. İkincisi, sadaladığımız müsahibələr, çıxışlar da göstərdi ki, İlham Əliyevin cavablandıra bilmədiyi və cavablandıra bilməyəcəyi suallar yoxdur. Bu, bir tərəfdən, Azərbaycanın haqlı (haqlı olduğu üçün güclü) mövqeyindən qaynaqlanırsa, o biri tərəfdən, ölkə rəhbərinin şəxsi intellektual potensialı, siyasi-diplomatik bacarıqları, bilik və məlumat baqajı ilə bağlıdır (Onun özü, faktik olaraq, informasiya cəbhəsində yeni, ən müasir silaha çevrilib). Hazırda bu baxımdan İlham Əliyev ən azı region ölkələrinin liderləri arasında ən azı birinci üçlükdədir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »