Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Məni və qızımı təhqir etdi, sonra pul təklif etdi" - Şəhid anası
Şəhid cənazəsi

Redaksiyamıza şəhid Nəbiyev Zaur Ələddin oğlunun anası Lamiyə xanım tərəfindən şikayət məktubu daxil olub. Lamiyə xanım şikayət məktubunda bildirir ki, Şəmkir rayon İcra başçısının birinci müavini olmuş Qüdrət Əliyev onlara qarşı təhqiramiz ifadələr işlədib və daha sonra bunu ört-basdır etmək üçün onlara pul təklif edib.

“Mən şəhid Nəbiyev Zaur Ələddin oğlunun anasıyam. 18 yaşında oğul torpağa vermişəm. Oğlumun ölümündən sonra məni Şəmkir rayon İcra Hakimiyyətinin nümayəndələri İcra başçısının birinci müavini kimi işləmiş Qüdrət Əliyevin qəbuluna çağırdılar. Getmək istəmirdim. Dəfələrlə zəng etdilər ki, gəlin. Axır getdim görüm, nə istəyirlər. İçəri girəndə Qüdrət Əliyev şalvarını çəkə-çəkə, yüksək səslə danışmağa başladı. Məndən soruşdu ki, nədir probleminiz? Bildirdim ki, heç bir problemim yoxdur. 18 yaşında itirdiyim balamdan geriyə heç nə qalmayıb. İstərdim oğlumun adını Şəmkirdə hansısa bir küçəyə verəsiniz ki, onun adı yaşasın və bir ana kimi ürəyim rahat olsun. Heç olmasa, bir bulaq çəkilsin, mən özüm onun bütün xərclərini ödəyərəm”.

Şəhid anasının sözlərinə görə, qəbul zamanı Qüdrət Əliyev ona və qızına qarşı təhqiramiz ifadələr işlədib.

“Mənə dedi ki, evinizin vəziyyətini görürəm. Çox acınacaqlı vəziyyətdədir. Sizə lap yazığım gəlir və az qalıram deyəm ki, gəlin bizim evdə yaşayın. Uzun söhbətdən sonra qızımdan soruşdu ki, sən işləyirsən? Qızım bildirdi ki, xeyr işləmirəm. Amma hərbdə işləmək istəyirəm ki, qardaşımın qanını alım. Qüdrət Əliyev bunun qarşısında qızıma söylədi ki, "sənin qardaşın nə iş görə bildi ki, sən də gedib nə iş görəsən, Kəlbəcərdə Azərbaycanlı qadınların gündə birini əsir götürürlər. Səni də əsir kimi apara bilərlər". Bunun ardınca qızıma dedi ki, orada hərbçi oğlanlar qızlara sataşır. Bu sözlərin qarşısında biz sakitcə oturduq. Söhbətin sonunda isə qızımla mənə dedi ki, siz ərə gedin bütün problemləriniz həll olunsun. Sizcə, bunlar təhqir deyilmi? Məni oraya hansı məqsədlə çağırdığı hələ də mənə məlum deyil”.

Lamiyə xanımın sözlərinə görə, daha sonra Qüdrət Əliyev bu məsələni ört-basdır etmək üçün öz nümayəndələrini göndərərək onlara pul təklif edib. “Nümayəndələrini göndərdi bizim üstümüzə. Bildirdi ki, külli miqdarda pul verir. Bunun qarşılığında isə çəkiliş göndərəcək və mən kameralar qarşısında deyəcəm ki, səhv salmışam. Məni qəbul edən əslində Qüdrət Əliyev yox, Alimpaşa Məmmədov olub.

Bu insanlar o qədər rüşvət alıb ki, elə bilir ki, məni də pulla satın ala biləcək. Bu cür oğul şəhid verən anaya sizcə pul lazımdı? Mənə niyə imkan vermirlər ki, balamın yasını tutum. Bunlar dərk eləmir ki, hər gün min dəfə ölüb dirilirən ana ölümdən qorxmaz.

Mən qəbuldan sonra bilmişəm ki, əslində o, bizi qəbul etməzdən 1 həftə öncə işdən azad olunaraq Təhsil Şöbəsinə müdir keçib. Bunu bildiyi halda bizi qəbul edib və bu formada təhqirlər səsləndirib. Mənim tək istəyim var ki, Qüdrət Əliyev şəhid anasını və bacısını təhqir etdiyi üçün üzr istəsin”.

Leyla Mirzə

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxdı
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
Son xəbərlər
Bütün xəbərlər »