Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan necə siyasi dividend qazanır?
Rəcəb Tayyib Ərdoğan
"Qüds bizimdir" şüarı ilə başlayan siyasi hərəkətliliyin pərdəarxasına sözardı...

Bütün bu hay-küyləri nəzərə almayıb soyuq başla təhlil edəndə bir daha əmin olursan ki, məsələnin incə və həssas tərəfi olan humanizmi bir kənara qoysaq, qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti sayın Rəcəp Tayyib Ərdoğan Fələstin-İsrail münaqişəsi fonunda ortaya qoyduğu aktivlikdən həm daxildə, həm də ölkədən kənarda babat siyasi dividendlər qazanmaqdadır. Bu dividend əsasən iki meydanda özünü göstərməkdədir.

1. Müsəlman dünyasında - Hər şeydən əvvəl qeyd edək ki, Türkiyə İslamın doğulduğu yer deyil, iki müqəddəs məkanın qoruyucusu da deyil və mübahisəsiz, hüquqi planda bir səlahiyyət sahibi də deyil. Müqəddəs Ayasofiya - bu, daha çox daxili siyasi tələbat üçün ortaya atılmış yaxşı bir hekayədir və təbii, burada da müəyyən "azadlıqlar" yox deyil. Fəqət "Qüds bizimdir!" şüarı altında Qüds uğrunda savaş - bu, artıq məsələnin və potensial statusun tamamilə fərqli bir səviyyəsidir. Nəzərə alaq ki, Ərdoğan son illər dünya siyasətinə gəlmiş-getmiş ən peşəkar siyasi oratordur və onun özündə daşıdığı bacarıqlar, siyasət adamına xas keyfiyyətlər kütlələri coşdurmaq üçün kifayət edir. Ərdoğan bu üstünlüyündən məharətlə istifadə edə bilir.

2. Dünyada və regional müstəvidə - "Al-aksa"da çıxan olaylar Ərdoğan üçün sanki bir siqnal oldu, çoxdandır müsəlman dünyasından dışlanıbmış kimi bir ağır psixoloji atmosferdən çıxmaq üçün olaylara müdaxiləni fürsət bildi. Aktiv telefon diplomatiyası aparmaq son vaxtlar, xüsusilə qlobal pandemiyanın gətirdiyi məhdudiyyətlərdən sonra dəb olub və Ərdoğan da bu mənada başqalarından geri qalmır. Belə ki, prezident Ərdoğan xarici dövlətlərin başçılarından (Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla) tutmuş Papa Fransiskə qədər, haradasa 20-dən çox liderə zəng etdi, Fələstin və İsrail arasında yenidən alovlanmış müharibənin bir an olsun dayandırılması üçün Tel-Əvivə təzyiq edilməsinin vacibliyini və Qüdsün bütün müsəlmanların qırmızı xətti olduğunu bildirdi. Buradan çıxan siyasi nəticə budur ki, türk lider Türkiyəyə İslam dünyasının ruporu statusunu verməyə çalışır. Hətta İslam dünyası bununla tam razılaşmasa da və öz rəyinə, xəttinə, məqsəd və məramına sahib olsa da, Ərdoğan nədənsə bu yükü məhz Türkiyənin çəkməsində maraqlıdır. İstisna edilmir ki, burda da şəxsi siyasi qazancları bütün çılpaqlığı ilə ön plandadı. Xatırladaq ki, İslam dünyasının lider ölkəsi olmaq uğrunda Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də öz ağırlıqlarını zaman-zaman hiss etdirirlər. Türkiyə ilə bu iki ölkənin mehriban düşmən olduğu kimsədə şübhə doğurmur.

Eyni zamanda, Türkiyə Ərdoğanın timsalında İslam Əməkdaşlıq Təşkilatını (İƏT) mövqe "boşluğunda" və problemin çözümündən ötrü praktiki olaraq heç bir addımın atılmaması yönündə də tənqidlərə məruz qoymaqdadır. Əlbəttə, sözügedən təşkilat bundan o qədər də məmnun deyil. Şübhə yox ki, İƏT-in dişsizliyi Ərdoğana mövzu ətrafında daha çox spekulyativ əl-qol açmaq imkanı və müsəlman dünyasında xal qazandırır. Bununla belə, İƏT də öz növbəsində öz sıralarında Türkiyəyə hansısa xüsusi rol vermir və musiqi dililə desək, rəsmi Ankara İƏT-in ansamblında baş skripkaçı deyil.

Elə ona görə də, istər Səudiyyə Ərəbistanı, istərsə də BƏƏ olsun, hər iki ölkənin öz maraqları var, ancaq bütün hallarda İƏT üçün hazırda əsas hədəf İran İslam Respublikasıdır. Bu təşkilatda düşünürlər ki, İsrail ilə münasibətləri hər zaman "normallaşdırmaq" olar və hər bir halda "ayaq yeri" var. Təbii ki, burada ABŞ-ın rolu xüsusi vurğulanmalıdır. Açıq desək, türklər Ərəbistan yarımadası və ətrafını hələ yüz il əvvəl ingilislərə uduzub.

Praktiki addımlara gəldikdə isə, açıq şəkildə aydındır ki, İsrailin qarşısını almaq üçün Türkiyənin "beynəlxalq birliyin" münaqişəyə birbaşa müdaxilə etməsi çağırışları içi boş tapança ilə tətiyi çəkməyə bənzəyir, çünki, vəlvələdən ya zəlzələdən, supergüc ABŞ xəbərdarlıq etmədiyi halda, bu yöndə atılan bütün addımların heç bir faydası olmur. Ən son BMT-də məhz Vaşinqtonun vetosu sayəsində İsraili durdurmaqla bağlı hər hansı qərar qəbul etmək mümkün olmadı. Hətta dünyanın ikinci ən böyük iqtisadiyyatına sahib və artan qlobal güc olan Çin Xalq Respublikasının bununla bağlı iradı özünü çox gözlətməsə də, bir işə yaramadı.

Uzun sözün qısası, Türkiyənin bu mənada səfərbərlik potensialı çox yüksək deyil və mümkün risklər əleyhinədir..

Bu gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun TBMM-də millət vəkillərinin İsrail-Fələstin münaqişəsi barədə sərt suallarına verdiyi ilginc cavablar bir daha düşünməyə əsas verir ki, Ərdoğan "Qüds bizimdir!" şüarı ilə yaratdığı regional hərəkətliliklə bölgədə Türkiyənin real güc olması barədə rəy formalaşdırmağa çalışır: "Regionda və xaricində Türkiyəsiz oyun qurulmayacağını həm masada, həm də meydanda göstərdik. Yeri gəldiyində oyunu pozacağıq, yeri gələndə oyun quracağıq". Arada yaranmış siyasi soyuqluq fonunda rəsmi Ankaranın Tel-Əvivlə iqtisadi, ticarət əlaqələrinə davam etməsi barədə sərt suallarına cavabında Çavuşoğlu deyib ki, İsraillə iqtisadi əlaqələrin ölkələrarası siyasi böhrana aidiyyatı yoxdur: "Hər pis münasibətdə olduğunuz ölkə ilə iqtisadi əlaqələri kəsmək normal mövqedir? Məntiqlidir? Siz ticarəti dövlətlər arasında aparılan alış-veriş olaraq görürsünüz? Biz Misirlə, BƏƏ ilə də problemlər yaşadıq, amma heç biri ilə ticari əlaqələri azaltmadıq. Mən niyə bir şirkəti, yüzminlərlə işçimi hər hansı ölkə ilə əlaqəm pozuldu deyə cəzalandırım?! Bu, məntiqlidir?!”.

Uzun sözün qısası, siyasət hay-küylə, eyforik əhval-ruhiyyə ilə, qoyma-harayla, "Sakarya!" şeiri ilə, "...marş irəli, Azərbaycan əsgəri" şüarlarıyla aparılmır. Aysberqin görünməyən tərəfləri çoxdur.

Mirzə Rəşad Bakuvi Mirzə Rəşad Bakuvi

Mirzə Rəşad BAKUVI

Paylaş »
››› Almaniyadan deportasiya olunan azərbaycanlılar Bakıya gəlib çıxmadı
››› Rusiya hökuməti Şuşa Bəyannaməsinə münasibət bildirib
››› Van Dammın oğlu azərbaycanlı qızla evləndi - Foto
››› Travmatologiya xəstəxanasında Qarabağ qazisini döyüblər - Video
››› “Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı
››› “Putinin əl-qol açmasının səbəbi Qərbin maymaq liderləridir”
››› Ter-Petrosyan: “Əliyevlə dil tapmaq lazımdır”
Son xəbərlər
Bütün xəbərlər »