Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov ermənilərə niyə kükrədi?!
Lavrov ermənilərə niyə kükrədi?!

Moskva və Yerevan fərqli dildə danışmağa başlayıb!

Paşinyanın gecə ikən sərhəd insidentini Fransa və ABŞ-da qaldırması Rusiyanı məmnun etməyib

"Bir dənə güllə atılmayıb, hər hansı qarşıdurma belə baş verməyib. Oturduq, sakit atmosferdə bu məsələni necə həll etməyin yolları ətrafında müzakirə apardıq. Bizdən məsələyə müdaxilə etməyi istədilər, bizim hərbçilərimiz də bu təşəbbüsə qoşuldular, razılıq əldə olundu. Rutin olmayan, ancaq sakit həll edilə biləcək bir məsələ ilə əlaqədar hisslərlə oynamaq, emosiyaları şişirtmək üçün hər hansı səbəb görmürəm", - deyə Rusiya Federasiyası (RF) XIN başçısı Sergey Lavrov bugünkü mətbuat konfransında bildirib.

Diplomat əlavə edib ki, Moskva rəsmi Bakı və Yerevana sərhədlərin demarkasiyası işində də kömək etməyə hazırdır.

Rusiya Federasiyası prezidenti Vladimir Putin də bugünlərdə açıqlama yayıb ki, Qarabağ məsələsinin həllində Rusiya-Azərbaycan-Ermənistan formatının (Üçtərəfli atəşkəs bəyannaməsi nəzərdə tutulur) alternativi yoxdur. Bu barədə RF dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat yayıb. Bu bəyanatdan da açıq hiss olunur ki, Putin administrasiyası Qərbin, ATƏT-in Minsk Qrupunun hansısa təşəbbüslərini problemə yaxın buraxmaq istəmir. Əslində, buna prezident Əliyevin Naxçıvanda olarkən Qarabağla bağlı verdiyi çox aydın mesajlar da səbəb olub. Əliyev bildirmişdi ki, Qarabağ məsələsi, status mövzusu qapanıb və bu barədə kimsə hansısa açıqlama versə, qətiyyətlə cavabı veriləcəkdir. Hətta xüsusi eyhamla sual etmişdi ki, "...başa düşmürəm, 10 noyabr üçtərəfli bəyannaməsi pozulubmu?" Şübhə yox ki, siyasətdə təsadüflər olmur və hər sözün, fikrin altında bəlli mesajlar gizlənir. Görünür, rəsmi Moskva da artıq anlayıb ki, Qarabağ məsələsində Azərbaycanı qıcıqlandıran addımlardan çəkinmək lazımdır, çünki bu, Rusiyanın bölgə ilə bağlı maraqları üçün də az təhlükə vəd etmir, elə ona görə də üçtərəfli əməkdaşlığın (üstəgəl Türkiyənin də bölgədə hərbi-siyasi mövcudluğu nəzərdən qaçmamalıdır) alternativini görmür.

Bütün bu baş verənlər bir daha sübut edir ki, rəsmi Moskva nə Fransanın, nə ABŞ-ın, ümumiyyətlə isə Qərbin Ermənistanın işlərində, bütövlükdə isə Dağlıq Qarabağla bağlı məsələlərdə hər hansı formada iştirakını arzuolunan hesab etmir. Doğrudur, bir müddət əvvələ qədər Putin Qarabağın gələcəyi barədə, ən çox da humanitar planda Qərb ölkələrilə məsləhətləşirdi, Fransa prezidenti Emmanuel Makronla telefon danışıqları buna misaldır. Ancaq prezident Əliyevin ən son sərt açıqlamaları və ardınca Azərbaycanın sərhədlərinin bərpası ilə bağlı atdığı hərbi-siyasi addımlar Moskvanı müəyyən qədər ambisiyalarından geri çəkilməyə vadar edib. Hətta ermənilərin son sərhəd insidentində üzvü olduğu hərbi ittifaq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciəti belə onlar üçün çıxış yolu ola bilmədi. Hər gün erməni mediasında Moskvanın təşəbbüsü ilə ərsəyə gələn bu alyansı göydən yerə vuran, regional təhlükəsizlik planında heç bir işə yaramadığı barədə çeşidli materiallar dərc edən yazılara rast gəlirik. Xüsusilə təşkilatın iki üzvü Qırğızıstanla Tacikistanın bu yaxınlarda silahlı toqquşmaya girməsi, hər iki tərəfdən xeyli insanın ölməsi və yaralanması, olayın bəzi dağıntılarla müşayiət olması KTMT-nin nüfuzuna kölgə salmışdı. Rusiya da baş verənlərin fərqindədi və hiss edir ki, artıq postsovet ərazisində də ona, qurduğu təşkilatlara olan etimad sıfıra düşməkdədir. Bu baxımdan Azərbaycanla münasibətlərin korlanmaması Putin administrasiyası üçün, onsuz da ovcunun içində olan Ermənistandan daha çox əhəmiyyət qazanmağa başlayıb. Rusiya xarici işlər nazirinin bu gün açıq konteksdə Yerevanı siyasi prosesləri yersiz hayküyə çevirməkdə qınaması, az qalsın onları danlaması da Rusiyanın daha arada qalmaq istəməməsindən irəli gələ bilər. Sergey Lavrov bu mənada eyham vura-vura danışmaqla, hansısa beynəlxalq siyasi qalmaqalın qaldırılmasına, emosiyaların şişirdilməsinə lüzum görmədiyini açıq bildirməklə, həm də Cənubi Qafqazda "baş hakim"in hələ Kreml olduğunu növbəti dəfə xatırladıb Paşinyan hökumətinə. Yəni, sadə desək, "...bir dərdin varsa, mütləq Moskvaya üz tutacaqsan" demək istəyib yoldaş Kələntəryan.

Sərhəd insidentində Paşinyanın gecə-gecə Makronla danışması və ondan siyasi dəstək istəməsi, üstəlik tələm-tələsik Rusiyanı fakt qarşısında qoymaq məqsədilə KTMT-yə müraciət etməsi, lüzum olmadığı halda Putindən hərbi yardım dilənməsi (Paşinyan yaxşı bilirdi ki, Rusiya buna getməyəcək) erməni baş nazirin Rusiyaya o qədər də bel bağlamadığına, daha çox onların işə yaramadığını daxili auditoriyaya isbat etməyə işarə idi və Putin administrasiyası da bunu bilməmiş deyil. Xatırladaq ki, bir neçə gün əvvəl Fransa bölgəyə fransız sülhməramlılarını göndərə biləcəyi barədə də Paşinyana təklif irəli sürmüşdü. Bu nüans da Moskvada az qıcıq doğurmayıb. Elə bu səbəbdəndir ki, Lavrov təkrar olaraq, Azərbaycanla demarkasiya və delimitasiya işlərində Moskvanın köməyini təklif edib. Fransa Cənubi Qafqazda sərhəd cızmır, biz olmadan sərhəd xətti müəyyənləşə bilməz mesajını verib Yerevana.

Məsələnin ən ilginc tərəfi isə budur ki, Lavrov Azərbaycan və Ermənistan arasında sərhəd problemində razılığın əldə olunduğunu bildirsə də (Hərçənd, bu razılığın nədən ibarət olduğunu açıqlamayıb), baş nazir Nikol Paşinyan və ətrafı israrla danışıqların heç bir nəticə vermədiyini, elə buna görə də müzakirələrin bir neçə gün sonra davam etdiriləcəyini vurğulayıb. Paşinyan əlavə edib ki, danışıqlarda guya şərt kimi keçən "Zəngəzur dəhlizi", ümumiyyətlə müzakirə predmeti deyil və olmayacaq. Bu isə, Rusiyanın da maraqlarına cavab verən ötən ilin 10 noyabrında imzalanmış Üçtərəfli Atəşkəs Bəyannaməsinin və prezidentlərin cari ilin 11 yanvar görüşünün nəticəsi olaraq meydana çıxan kommunikasiyaların açılması ilə bağlı razılaşmanın icra olunmasına əngəl olmaq deməkdir. Moskvanı bu nüans da az düşündürmür və onun geosiyasi maraqlarına hər dəfə bir pəl vurmağa cəhd edən erməni rəhbərlə işləyə bilməyəcəyinin fərqindədir.

Göründüyü qədər, Azərbaycanın bir həmləsi ilə Ermənistanın həm daxilində siyasi vəziyyət qarışıb, eyni zamanda Yerevanla rəsmi Moskva arasında münasibətlər içindən çıxılması qəliz görünən bir labirintə düşüb. Moskva bir söz deyir, Yerevan başqa. Paşinyan hərbi yardım istəyir, Lavrov buna demarkasiya işlərində kömək təklif etməklə cavab verir. Bir sözlə, Qərblə Rusiyanın maraq toqquşmasının altında əzilən Paşinyan hakimiyyəti qalmaqal vəd edən seçki prosesinə qədəm qoyub. Şübhə yox ki, Putin administrasiyası, açıq ya gizli, hər vəchlə çalışır ki, Paşinyan hakimiyyəti siyasi xal itirsin və Kremlə bağlı qüvvələr önə çıxaraq Ermənistanda iqtidara gəlsin. Moskvanın Paşinyana etimadının sıfırın altında olduğu artıq kimsədə şübhə doğurmur. Son sərhəd insidentində Rusiyadan istədiyi dəstəyi ala bilməyən Nikolun erməni cəmiyyətində hər gün nüfuzdan düşməsi artıq faktdır və bu, seçki zamanı özünü mütləq büruzə verəcək.

Fikir vermisinizsə, Qaragöl hadisəsi "erməni əsrləri" məsələsini də arxa plana atıb, halbuki bu mövzu da Paşinyanın gələcək fəaliyyətinə legitimlik qazandıracaq gündəmində olan bir nömrəli məsələ idi. Bakının "Sərhəd həmləsi" bu problemi də arxa plana atıb. Uzun illərdən sonra siyasətə dönən Robert Koçaryanın seçki marafonuna gözlənildiyindən də uğurlu başlaması və izdihamlı yürüş-mitinqlər keçirməyə müvəffəq olması isə baş naziri ciddi narahat etməyə bilməz. Elə bu səbəbdəndir ki, Azərbaycanla çıxan hər hansı hərbi-siyasi insidentin Ermənistanda özünə qarşı fərqli spekulyasiyalara səbəb olmasını həzm edə bilmir, buna kəskin reaksiya verir. Hətta o da mümkündür ki, Rusiyanın təzyiqi ilə seçki ərəfəsində və ya sonrasında seçkiyə qatılan bütün müxalif siyasi bloklar proqnozlaşdırdığı qədər səs ala bilməyən Paşinyana qarşı birləşsin. Təbii, bu, qərbyönümlü eks-baş nazir üçün ölümcül zərbə olardı..

Hər bir halda, Cənubi Qafqaz qaynar qazanı xatırladır və bölgəmizin yenidən barıt çəlləyinə dönmə ehtimalı az deyil. Buna görə, ölkə və xalq olaraq bütün mənalarda ayıq-sayıq olmağımızda fayda var.

Mirzə Rəşad Bakuvi Mirzə Rəşad Bakuvi
Son xəbərlər
Bütün xəbərlər »