Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Barışıq edib hadisəni unutdurmaq yox, problemin kökünü tapmaq lazımdır”
Başkeçid (Dmanisi), Gürcüstan

Əslən Borçalıdan olan və hazırda Türkiyədə Çağ Universitetində dərs deyən politoloq, professor Xaləddin İbrahimli 2 gün öncə Gürcüstanda soydaşlarımızla svanlar arasında baş verən hadisələrə münasibət bildirib.

Professor qeyd edib ki, kiçik bir ərazidə fərqli mədəniyyətlər və maraqlar toqquşur, bu kimi münaqişələrin olması gözləniləndir.

Xaləddin İbrahimli Xaləddin İbrahimli

“Borçalıda yaşayan soydaşlarımız kənarda yaşayanlara bu barədə danışmağı yasaq edirlər. Deyirlər, gedin yaşadığınız ölkənin dərdlərini dilə gətirin. Əksinə, harda yaşamasından asılı olmayaraq hamımız onlara dəstək durmalı, həmrəylik göstərməliyik. “Qarışmayın” təlimatı Tiflisdən gəlmişdi. Niyə öz başımıza kələfi həmişə özümüz hörürük? Hadisələrə yalnız diaspora komitələri cavab verdi, sabah eyni hal Təbrizdə olsa, yenə diaspora reaksiya göstərəcək. Halbuki nə Gürcüstanda yaşayan, nə İranda yaşayan  azərbaycanlılar  diaspora deyillər, yerli xalqlardırlar. Sanki münasibətləri pozan bizik və döyüləndə mal kimi sakit dayanmalıyıq, döyən də yorulanda çıxıb getməlidir? Biz düşmən yox, dost qazananlardanıq. Evimizə hücum etdilər, biz hücum etmədik, o zaman niyə Borçalıdan bəzi axmaqlar Çavçavadzedən, Dumbadzedən misal gətirərək soydaşlarımızı dostluğu pozmamağa çağırdı? Qaraçöpdən Qarabulağa qədər hamımız yanınızdayıq”,- deyə professor Türkiyədən Başkeçid camaatına öz həmrəyliyini ifadə edib.

Bizimyol.info xəbər portalının baş redaktoru, Əməkdar Jurnalist Bahəddin Həzi Xaləddin İbrahimlinin fikirlərinə münasibət bildirib:

Bahəddin Həziyev

“Professor Xaləddin İbrahimlinin Borçalıda baş verənlərlə bağlı statusunu oxudum. Əslində əsl doğrular budur. Sadəcə, burda düşünürəm, sırf formal- hüquqi qiymət vermək baxımından məsələyə yanaşılsaydı, yəqin daha da böyüyər və uzanardı bu münaqişə. Elə adi dükan söhbəti olmadığı üçün tez yatırmağa çalışdılar. Bu, birinci məsələdir. İkincisi odur ki, haqlı-haqsız dava olub, qanunlar pozulub. Sırf hüquqi tərəfdən yanaşılsa, davada iştirak edənlərin hamısını cəzalandırmaq lazım gələcəkdi. Bu da eyni nəticəyə gətirəcəkdi. Hə, o başqa məsələ ki, hər bir barışığın da şərtləri və təminatları olur. Belə insident Borçalıda birinci dəfə deyil, sonuncu olacağına qarantiya varmı?!

Formal tərəfdən baxanda, tərəflərin barışmağlnda qəbahət görünmür; "barışıq sazişi" deyilən anlayış, prosedur qanunda da var; bu, hüquqa zidd deyil. Ancaq barışığın özü də ədalətli olmalı, təkcə baş vermiş münaqişəni tez söndürməyə deyil, problemin kökünü araşdırıb səbəblərini aradan qaldırmağa kömək etməlidir. Bir mənzildə elektrik naqillərindəki qısaqapanmadan lokal yanğın baş verib, onu söndürdünsə, bitmədi. O yanğına səbəb ola nasazlığı tapıb aradan qaldırmaq lazımdır. Çünki səbəb qaldıqca yenə yanğın təhlükəsi var. Və kim deyə bilər ki, növbəti yanğın bütün evi yandırmayacaq?! Bu səbəbdən məsələ diqqətlə və hərtərəfli araşdırılmalı, obyektiv qiymət və adekvat reaksiya verilməli, problemin kökünə gedilməli və qalıcı bir barış ortamı yaradılmalıdır.

Borçalıdan olan və başqa ölkələrdə yaşayan türklərin, o sıradan, ziyalıların fikir bildirməsinə gəlincə, bunu qadağan etmək düzgün də deyil, mümkün də deyil. Münaqişəni daha da alovlandırmağa deyil, problemin qalıcı həllinə yönəlmiş istənilən fikir, təklif nəinki dışlanmalı, əksinə, öyrənilərək istifadə olunmalıdır. Söhbət iki dost milləti, iki yaxın qonşu dövləti bir-biri ilə toqquşdurmaq istəyən güclərin təxribatından gedirsə, burda hamının yaradıcı fikir gücündən və konstruktiv hərəkət enerjisindən yararlanmaqla problemi aradan qaldırmaq olar. Bizim ən böyük çatışmazlıqlarımızdan biri həmişə bu olub ki, cəmiyyətin enerjisini yaradıcı yönləndirməyə deyil, daha çox problemlərin həllindən kənar tutmağa, hətta bacardıqca, parçalayıb zəiflətməyə çalışmışıq. Bir çox sıxıntılar da burdan yaranır. Elə şeylər var, dövlət adından edə bilmərik, ancaq cəmiyyət adından da etmək istəmirik. Buna görə də bir çox hallarda problemlərin həllinə gec qalırıq. Ancaq sosial şəbəkə saytları yeni bir reallıq yaratmaqdadır; problemi gizləmək də çətinləşir, cəmiyyətin də reaksiyası ifadə edilə bilir. Bu, dövrümüzün, məncə, müsbət reallığıdır”.

İlhamə

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Haqları pozulan əlillərə kompensasiya verilsin - Deputat
››› Sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxdı
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
Son xəbərlər
Bütün xəbərlər »