Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sülhməramlılar öhdəliklərini yerinə yetirmir
Rusiya sülhməramlıları Qarabağda

Ermənilərin üçtərəfli bəyannamənin şərtlərini icra etməməsinə göz yuman sülhməramlılarla vidalaşmağın vaxtı çatıb

Bölgədə hərbi-siyasi vəziyyət ürəkaçan deyil. Çünki 44 günlük müharibənin dayanmasına səbəb olan üçtərəfli bəyannamədə üzərinə öhdəliklər götürən Ermənistan onları icra etməkdən hər vəchlə boyun qaçırır. Buna bir az da, bölgəyə sülhyaratma missiya kimi daxil olmuş Rusiya ordusunun sülhməramlı kontingentinin gəlişindən sonra ermənilərin azacıq da olsa nəfəs dərmələri, daha sonra ürəklənib yenidən baş qaldıra biləcəklərinə dair ümidlənmələri səbəb verib. 2020-ci il, 10 noyabr tarixindən keçən altı ay ərzində rus sülhməramlılarının da üzərlərinə götürdükləri öhdəliklərin icrasına barmaqarası baxmaları, təbii olaraq, Azərbaycan dövlətini və cəmiyyətini də narahat etməkdədir.

Bu gün ölkəmizdə bu fikir hakimdir ki, rus sülhməramlıları ya öz işlərinin öhdəsindən gələ bilmir, ya da Moskvanın bölgəmizlə bağlı gizli məkrli planlarından dolayı, bir az da müəyyən geosiyasi səbəblərdən gəlmək istəmirlər. Eyni zamanda ermənilər də üçtərəfli atəşkəs bəyannaməsinin bəndlərinin icrası bir yana, heç bu sənədə məhəl belə qoymurlar. Halbuki Azərbaycan tərəfi öz üzərinə götürdüyü öhdəliklərə tamamilə əməl etməklə yanaşı, son aylar ərzində suveren ərazilərində at oynadan erməni-rus birliklərinə kifayət qədər dözümlü yanaşıb. Bununla belə, dövlətin ən ali şəxsi tərəfindən zaman-zaman onlara yönəlik iradların da ifadə edildiyi halları olub. Yəni, təkcə cəmiyyət yox, həmçinin Azərbaycan dövləti də rus sülhməramlılarının fəaliyyətindən məmnun deyil.

Hazırda əməl olunması ən çox tələb olunan və ermənilər tərəfindən icrası rədd edilən üçtərəfli bəyannamənin 4-cü və 9-cu bəndləridir. Bu bəndlərdən 4-cü paraqraf Azərbaycanın öz suverenliyini istisnasız bütün ərazilərində bərpa etməsi baxımından olum-qalım məsələsidir. Bundan başqa, 4-cü bəndin icra olunmaması eyni vaxtda birazdan haqqında xatırladacağımız 7-ci bəndin icrasını da mümkünsüz edir. Yeri gəlmişkən qeyd edək ki, rəsmi Moskvanın təşəbbüskarlığı sayəsində ərsəyə gəlmiş üçtərəfli atəşkəs bəyannaməsinə tam əməl olunmasının ləngiməsi artıq Rusiya hakimiyyət dairələrini də ciddi narahat etməyə başlayıb. Çünki prosesin son dərəcə ləng getməsi rəsmi Bakını məyus etməklə yanaşı, Rusiyanın vasitəçiliyinin bir işə yaramaması təəssüratını gücləndirmiş olur ki, bu da nəticədə ikitərəfli münasibətlərin sərinləşməsinə  zəmin açır. Vəziyyətin bu yerə gəlməsi Rusiyanın Cənubi Qafqazdakı mövqelərinə də mənfi təsir etdiyindən, artıq həm Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov səviyyəsində üçtərəfli bəyannamənin tam icrasının alternativinin olmadığına dair bəyanatlar səsləndirilib. Bu mənada 4-cü, xüsusilə rusların marağında olan 9-cu bəndə qeyd-şərtsiz əməl olunması ermənilər qarşısında duran ən ciddi vəzifədir.

Azərbaycanı bizdən quru yolla 30 ildir uzaq düşmüş Naxçıvanla birləşdirəcək 9-cu bənddə deyilir ki, regionda istisnasız olaraq bütün iqtisadi və nəqliyyat əlaqələri, hər növ kommunikasiyalar açılmalıdır. Ermənistan dövləti birmənalı şəkildə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Vilayəti arasındakı nəqliyyat xətlərinə zəmanət verməlidir. Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyan bu bənddən irəli gələn öhdəliklərlə bağlı dəfələrlə müsbət reaksiyalar versə də, ölkədaxili qarışıq siyasi situasiyadan dolayı hələ ki, son qərarı verməkdə tərəddüd edir. Azərbaycan dövlət başçısı Əliyevin ölkə cəmiyyətinə məhz Zəngəzur Dəhlizi kimi təqdim etdiyi layihəni Paşinyan fərqli formada şərh etməklə erməni cəmiyyətini aldatmağa cəhd edir. Təbii ki, Ermənistan hakimiyyəti Azərbaycanla Naxçıvanı birləşdirəcək quru yolu və dəmir yolu xətlərindən tranzit ölkə funksiyasını almaq niyyətindədir, yəni pul qazanmağın hesabını qurur. Ancaq prezident Əliyev bu kommunikasiya xəttinin statusunu bəri başdan "Zəngəzur dəhlizi" kimi təyin etməklə ermənilərin bu arzusunu da ürəklərində qoymaqdadır. Əks halda, ermənilərə peşkəş edilmiş Laçın dəhlizinin Ermənistanın üzünə birdəfəlik bağlanması perspektivi var ki, bu da Qarabağ erməniləri üçün ən pis ehtimaldır.

Bir sözlə, 44 günlük müharibədən sonra dizlərini yerə atıb Azərbaycanın üçtərəfli bəyannaməyə razı olması üçün yalvaran Ermənistan indi havadarlarının da dəstəyi sayəsində özünə gəldiyini güman edir və bütün iqtisadi və nəqliyyat əlaqələrini açmaqdan boyun qaçırır. Əslində, burada da qəribə heç nə yoxdur. Çünki biz bu məsuliyyətsiz və heç bir cavabdehlik hissi olmayan Ermənistanı çox yaxşı tanıyırıq. Hələ müharibədən öncə, son 27 il ərzində məlum olan bütün nüfuzlu beynəlxalq təşkilatların Ermənistan ordusunun Azərbaycanın suveren ərazilərindən çıxarılmasını tələb edən bir çox qətnamələrinə, bəyannamələrinə, müxtəlif müvafiq sənədlərə məhəl qoymadığının şahidi olmuşuq. Ermənistan illərdir beynəlxalq hüquqa tüpürür və ilgincdir ki, bu məsuliyyətsizliyini ikili, üçlü standartların artıq adi hal aldığı çağımız dünyasının gözü qarşısında etməsi də bir başqa yazının mövzusudur. Məhz bu hal bir daha sübut edir ki, Ermənistan dövlət deyil, daha çox qəbilədir.

Yuxarıda qeyd etdik ki, üçtərəfli bəyannamənin dördüncü bəndinin icrası Azərbaycanın suverenliyi baxımından hava-su qədər vacibdir. Deməli, dördüncü bənd birmənalı formada tələb edir ki, istənilən erməni hərbi qüvvələri Azərbaycanın suveren ərazilərini tərk etməlidir: "Rusiya Federasiyası Sülhməramlı kontingenti, erməni silahlı qüvvələrinin çıxarılmasına paralel olaraq bölgəyə  yerləşdirilir". Göründüyü kimi, hər şey çox sadə dildə yazılıb və əlavə yan şərhə yer qoymur. Bəyannamədə xüsusi olaraq yazılıb ki, erməni silahlı qüvvələri ərazidən çıxarılmalıdır, daha Ermənistan Silahlı Qüvvələrinin çıxarılması cümləzi yoxdur. Bu isə o deməkdir ki, Ermənistan Silahlı Qüvvələri hər bir halda başqa bir dövlət olan Azərbaycanın suveren torpaqlarını onsuz da birmənalı tərk etməlidir. Geriyə qalan erməni silahlı terrorçu qrupları da bunun ardınca ya Azərbaycanın ərazilərini boşaltmalıdırlar, ya da tam şəkildə tərksilah edilməlidirlər. Təəssüflər olsun ki, artıq son altı aydır nə Ermənistan öz imzası ilə üzərinə götürdüyü bu öhdəliyi icra edir, nə də üçtərəfli bəyannamənin icrasına zəmanət verən Rusiya sülhməramlı kontingenti müttəfiqlik münasibətində olduğu Ermənistanı buna vadar edir. Hiss olunur ki, sanki Rusiya da prosesin ləngiməsindən yanadır.

Məsələnin ən ağılalmaz tərəfi isə budur ki, ermənilər nəinki tərksilah olunurlar, əksinə yeni-yeni terrorçu dəstələr yaratmaqla məşğuldurlar və hətta xarici muzdlu dəstələr formalaşdırırlar. Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan hüquq-mühafizə orqanlarının cinayət işi açaraq beynəlxalq axtarışa verdiyi qondarma "artsax respublikası"nın qondarma "prezidenti" Araik Arutyunyan bəyanat vermişdi ki, bəs Qarabağda müqavilə əsasında ordu yaradılacaq. Artıq ciddi məlumatlar var ki, belə bir "ordu" bizi sevməyən xarici ölkələrin dəstəyi ilə formalaşdırılmaqdadır. Bu günlərdə isə, Araik Xankəndidə qurduqları sınıq-salxaq "artsax müdafiə ordusu"nun zabitlərini, hərbçilərini başına toplayıb onlara ürək-dirək verib. 44 günlük müharibədə başlarına enən "Dəmir Yumruq" azmış kimi, əmin etməyə çalışıb ki, bəs "artsax dövləti" yaşayır, onun "müdafiə ordusu" bu əldəqayırma dövləti qorumağa qadirdir və s. və ilaxır. Göründüyü kimi, qanlı savaş, minlərlə itki, məhrumiyyətlər ermənilərə dərs olmayıb, əksinə, revanş hissi ilə hərəkətlənərək həm Azərbaycanı qıcıqlandırmaqda davam edirlər, həm də bölgəni yenidən barıt çəlləyinə döndərməkdə qərarlıdırlar. Elə buna görədir ki, işğaldan azad olunmuş Qarabağın rayonlarına səfərlərində hərbi mundirini çıxarmağa tələsməyən Ali Baş Komandan İlham Əliyev hər dəfəsində "Dəmir Yumruğun" yerində olduğunu və səhv edən düşməni hər an cəzalandıracağını xüsusi vurğulayır.

Erməniləri haradasa başa düşürük və yuxarıda sadaladığımız əməllərini onların məkrli, şovinist, həyasız xislətinə bağlayırıq. Bəs yaxşı, prezidentin də dediyi kimi, Azərbaycan Respublikası ərazisinə dövlətimizin razılığı əsasında sülh, barış yaratmaq adı altında daxil olan sülhməramlıların məsuliyyətsiz davranışlarını hansı kitaba yazaq? Axı ermənilərin son altı ayda bizi qıcıqlandıran, emosiyalarımızı gərən əməllərinə rus sülhməramlıları aşkar formada göz yummaqla, üçtərəfli razılaşmanın kobud pozulması fonunda vəziyyəti düzəldə biləcək heç bir addım atmırlar. Məhz bu amil onların fəaliyyəti barədə şübhələri və haqlı sualları getdikcə daha çox artırır.

Bayaq yazmışdıq ki, 4-cü bəndin icrasının ləngiməsi eyni zamanda yeddinci bəndlə bağlı addımlar atmaqda tərəddüdlər yaradır. Nədir bu tərəddüdlər? Əvvəlcə yada salaq ki, üçtərəfli bəyannamənin 7-ci bəndində deyilir ki, vaxtilə öz yurd-yuvalarından qovulmuş məcburi köçkün və qaçqınlar Dağlıq Qarabağ (Dağlıq Qarabağ ətrafındakı yeddi rayondan başqa) ərazisinə qaytarılır. Bir çox siyasi analitiklər, müxalif düşərgənin nümayəndələri, bəzi ekspertlər də zaman-zaman məhz bu məsələni qaldırırlar ki, axı Şuşa, Xocalı, Xankəndi elə də dağıdılmayıb və nə üçün hökumət o bölgənin əhalisinin geri qaytarılmasını gecikdirir və s. Ancaq gəlin görək, indiki şəraitdə bu nə dərəcədə mümkündür. Sizcə, qanunsuz erməni silahlı  birləşmələrinin ərazidə qaldığı, meşələrdə pusular  qurduğu bir vaxtda Azərbaycan hökuməti azərbaycanlıların ora köçürülməsi məsuliyyətini üzərinə götürə bilərmi? Hələ həmin rayonlarda yaşamaq üçün minimum sosial-məişət şəraitinin olmadığını qoyuruq bir kənara. Nə qədər ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində erməni terrorçu dəstələri əl-qollarını sallaya-sallaya at oynadır, məcburi köçkün və qaçqınların Ağdərədəki, Xankəndidəki, Xocalıdakı, Əsgərandakı, Xocavənddəki, Şuşanın əksər kəndlərindəki torpaqlarına və doğma evlərinə qayıtması böyük sual işarəsidir və təhlükəlidir. Kim zəmanət verə bilər ki, qisas və revanş hissi ilə alışıb yanan erməni terrorçu-separatçıları növbəti dəfə Xocalı soyqırımını yaşatmayacaqlar? Məhz bu səbəbdən üçtərəfli bəyannamənin 4-cü bəndinin icrası azərbaycanlı məcburi köçkün və qaçqınların öz doğma yurd-yuvalarına dönməsi baxımından bir nömrəli şərtdir.

Bir daha xatırladaq ki, prezident Əliyev ən son Naxçıvanda işgüzar səfərdə olarkən Qarabağla bağlı mövqeyini və şərtlərini bir daha ermənilərə və onların xaricdəki havadarlarına çatdırdı. Dedi ki, Qarabağ münaqişəsi bitib və hər hansısa status barədə danışanlar ən sərt formada cavablarını alacaqlar, revanşistlər isə zərrə boyda yanlış hərəkət edəcəkləri halda, məhv ediləcəklər. Hər kəsə bəllidir ki, Ermənistanın və ermənilərin havadarları deyəndə Rusiya, Fransa və qismən ABŞ nəzərdə tutulur.

Son iki həftədir ordumuz Ermənistanla dövlət sərhədlərinin demarkasiyası prosesinə fəal qoşulub və bu da ermənilərdə ciddi daxili siyasi skandala çevrilib. Yerevan bütün dünyanı ayağa qaldıraraq Azərbaycanın guya onun suveren ərazisinə ordu yeritdiyini iddia edir. Halbuki bütün xəritələr bizi haqlı çıxarır. Artıq Fransa və ABŞ dövlətindən Azərbaycana ciddi xəbərdarlıqlar edilsə də, ölkəmiz öz haqlı mövqeyində qalmaqda davam edir. Rusiyanın sözügedən sərhəd insidentinə ehtiyatla yanaşması isə Ermənistanda böyük məyusluqla qarşılanmaqdadır. Üçtərəfli atəşkəs bəyannaməsinin icrasının ləng getməsinin Azərbaycanda kəskin narazılıqla qarşılandığını başa düşən rəsmi Moskva, bölgəyə yeritdiyi sülhməramlı kontingentin taleyini sual altında qoymamaq üçün, Ermənistandan israrla razılaşmalara əməl etməyi tələb edir. Çünki son altı ayda Qarabağda yerləşdirdiyi sülhməramlı kontingentin bir işə yaramadığının və Əliyevin bundan heç məmnun olmadığının fərqindədir Kreml.

Bütün bu yazılanları baza götürsək o qənaətə gəlmiş oluruq ki, Azərbaycan xalqı, onun cəmiyyəti haqlı olaraq düşünür və tələb edir ki, bir halda ki, ermənilər üçtərəfli bəyannaməni kobudcasına pozurlarsa, onun bəndlərini icra etmirlərsə və əgər sülhməramlılar da öz funksiyalarını yerinə yetirmirlərsə və ermənilərin, altında üç dövlət rəhbərinin imzasının olduğu sazişi saymazyana pozmalarına göz yumurlarsa, bəlkə doğrudan da zamanı çatıb ki, biz sülhməramlılarla birdəfəlik vidalaşaq və ordumuz, nəhayət, Xankəndiyə daxil olsun? Əgər erməni terrorçu-separatçıları xoşluqla tərksilah olmaqdan boyun qaçırırlarsa, o zaman ali baş komandanın sözü olmasın, zorla tərksilah edək! Ordumuzun bir neçə gündür 15 minlik şəxsi heyətlə əsasən dağ relyefində genişmiqyaslı hərbi təlimlərə başlaması da bu mənada yerinə düşüb. Dünən isə, komandanlıq tərəfindən Orduya antiterror əməliyyatlarına hazır olmaq əmrinin verilməsi onu deməyə əsas verir ki, Azərbaycan dövləti Qarabağın bütünündə suverenliyimizi bərpa etməkdə və dövlət sərhədlərimizin tam şəkildə bərpasında qətiyyətlidir.

Mirzə Rəşad Bakuvi Mirzə Rəşad Bakuvi

Mirzə Rəşad Bakuvi

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› “Mina xəritələrinin verilməsində ABŞ-ın xüsusi vasitəçiliyi mühüm rol oynayıb”
››› Paşinyan çıxışı zamanı çoxlu səhv edib
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
››› Göründüyündən də böyük hadisə
Son xəbərlər
Bütün xəbərlər »