Vətən müharibəsi aylar öncə bitsə də, biz torpaqlarımızın hər qarışının alınmasında iştirak edən igidləri unutmarıq.
30 ildir düşmən tapdağında olan torpaqlarımıza ilk qədəm qoyan oğullardan biri də Nahid Şirinovdur. O, qorxmadan, çəkinmədən könüllü olaraq döyüşlərdə iştirak edib. Nahidlə söhbət zamanı bir daha əmin olduq ki, bu oğullar yol verməz ki, Azərbaycan torpaqları bir daha bölünsün. Həmin müsahibəni sizlərə təqdim edirik:
- Nahid, necə qərar verdin müharibəyə könüllü olaraq yollanmağa?
- Mən 2012-2014-cü illərdə hərbi xidmətdə olmuşam. Müharibə başlayan zaman çağırış məntəqəsinə getdim və könüllü olaraq yazıldım. Nəhayət oktyabrın 29-u məni də çağırdılar.
- Bir anda müharibənin içərisinə düşdünüz və hansı hissləri keçirdiniz?
- Daşaltıya çatanda çox həyəcanlandım. Silah səsləri, atışma film kimi gəlirdi insana. Çox çətin vəziyyət idi. Bizi toplarla, minamyotlarla vururdular. Bizim bölükdən çox yoldaşlarımız gözümüzü önündəcə şəhid oldu.
- Müharibəni bizə necə təsvir edə bilərsiniz?
- Təsəvvür edin ki, top, tank səsində yatmağa necə öyrəşmişdik. Soyuq daşda yatırdıq, lakin elə bilirdik yumşaq balınca baş qoymuşuq.
- Orduda birlik necə idi?
- Çox yaxşı idi. Biz özümüz qorxsaq da fikrimiz dostlarımızda idi. Hamımız bir-birimizi qorumağa çalışırdıq. Yollar bərbad olduğu üçün elə olurdu ki, qida ehtiyyatımız həddindən artıq az olurdu. Yeməyə bir şey tapmırdıq. H ətta Şuşada olanda da yemək məsələsi çox çətin idi. Oradakı toyuq, cücə, mal-qara hamıya bəs etmirdi. Nə tapsaq bir-birimizlə bölüşürdük. Çox mehribançılıq idi. Heç kim özünü fikirləşmirdi. Döyüş yoldaşlarımızla müharibədən sonra da əlaqələrimiz davam edir.
- Sülh müqaviləsinin imzalanmasını necə öyrəndiniz?
- Gecə saat 3-4 olardı. Mən yatmışdım. Silah səslərinə ayıldım. Elə bildim ermənilər bizə yaxınlaşıb. Sonra gördüm ki, bizim uşaqlardı. Dedilər ki, sülh imzalanıb. Hamımız çox sevincli idik.
- “Xarıbülbül” Musiqi festivalını ekranlardan izlədiniz zaman nə düşündünüz? Hansı hissləri keçirdiniz?
- “Xarıbülbül” festivalını fəxrlə izlədim. Oranın alınmasında iştirakım olduğu üçün vicdanım rahatdı. Ən azından əlimdən nə gəlirdisə, onu da etdim. Qorxub getməsəydim, könüllü olaraq yazılmasaydım çox peşman olardım. Əlbəttə ki, döyüşdə əməyi məndən çox olanlar var. Amma mən də bu döyüşdə iştirak etdiyim hər gün, hər saat üçün çox qürurluyam.
Leyla Mirzə
Bizimyol.info