Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
“İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, bu şirkətin zorla əlindən alındığını iddia edən İlqar İsmayılovun məhkəməsi başlayıb. Həbsdə olan iş adamı Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.

Bizimyol.info xəbər verir ki, mayın 17-də İlqar İsmayılovun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilməli idi. Amma hakimlərdən birinin koronavirusa yoluxma ehtimalı ilə əlaqədar məhkəmə iclası bir həftəlik təxirə salınıb.

İlqar İsmayılov İlqar İsmayılov

Bu arada, iş adamının anası Solmaz İsmayılova yenidən prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb. Dövlət rəhbərliyinin humanizm və ədalətinə güvəndiyini vurğulayan Solmaz İsmayılova hesab edir ki, onlar bu işi nəzarətə götürsələr, proses obyektiv keçirilər, oğlunun oğlunun günahsız olduğu, əslində, onun biznesinə göz dikən məmurların sifarişi nəticəsində həbsxanaya salındığı ortaya çıxar:

“Oğluma qarşı ittihamların heç bir əsası yoxdur. İstintaq dövründə onunla bağlı ölkə rəhbərliyinə dəfələrlə müraciət etmişəm. İndi məhkəməsi başlayıb. Ölkə başçısı, möhtərəm Prezident İlham Əliyevin ədalətli insan, özünün də dediyi kimi, hər bir azərbaycanlının prezidenti, hər birimizin hüquqlarımızın təminatçısı olduğuna əminəm. Bu üzdən ona etdiyim müraciətlərin nəticəsi olacağına və məhkəmənin işə obyektiv baxıb, ədalətli qərar çıxaracağına inanıram”.

Solmaz İsmayılova əlavə edir ki, oğlu “İdeal”dakı payını və əmtəə nişanını vermək istəmədiyinə görə birinci dəfə 2017-ci ildə şərlənərək həbs olunub. Həmin vaxt 3 ay 10 gün həbsdə qaldıqdan sonra şirkətdəki payından və əmttə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalamaqla sərbəst buraxılıb, barəsindəki cinayət işinə xitam verilib: “Üç il dözsə də, sonra hüququnu tələb etməyə başladı. Bundan sonra yenə hədə-qorxular, təhdidlər başladı, həbs olunacağı ilə bağlı xəbərdarlıq edildi. Təhdidlərdən çəkinməyərək haqqını tələb etməyə davam etdiyi üçün yenidən həbs edildi ki, guya 2013-2014-cü idə özünə məxsus, dövriyyəsi və gəliri milyonlarla ölçülən şirkətin – “İdeal”ın 600 min manat vəsaitini mənimsəyib. Bunun nə qədər absurd ittiham olduğu hamıya gün kimi aydındır. Ona görə də inanıram ki, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın ölkə idarəçiliyində göstərdiyi ədalətin nümunəsi olaraq, bu işdə də ədalət bərqərar olacaq”.

İlqar İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir və təqsirsiz olduğunu bildirir.

İlqar İsmayılov dəfələrlə açıq şəkildə sosial media hesablarında və müsahibələrində bildirib ki, “İdeal” şirkətini əlindən AZAL prezidenti Cahangir Əsgərov və xanımı Zərifə Həmzəyeva alıb.

Son xəbərlər
Bütün xəbərlər »