Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”

Gürcüstanda yaşayan azərbaycanlıların Başkeçid adlandırdığı Dmanisi rayonunda vəziyyət sabitləşməyib. Svanların azərbaycanlılara qarşı hücumundan sonra yerli hüquq-mühafizə orqanlarının məsələyə yetərincə həssas yanaşmaması gərginliyi xeyli artırıb. Mayın 17-də rayon meydanı döyüş meydanına çevrilib. Polis qarşıdurmaya mane olmaqda aciz qalıb.

Bizimyol.info xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyi insidentdə iştirak edən 8 nəfərin saxlanıldığını açıqlayıb. Amma yerli mətbuata danışan azərbaycanlılar bununla problemin həllini tapmayacağını deyib. Onlar bölgədə svanlara münasibətdə cəzasızlıq mühitinin olduğunu bildirib.

Gürcüstan mətbuatı yazır ki, jurnalistlərə münasibət yaxşı deyil. Birinci Kanalın əməkdaşına hücum olub. “Mtavari Arxi” telekanalının əməkdaşlarından biri xəsarət alıb. Jurnalistlərə konkret kimlərin hücum etməsi açıqlanmır. Amma polis idarəsinə soxulmaq istəyənlərin svanlar olduğu yazılıb. Onlar dünən axşam saxlanılanlara dəstək ifadə edirlər.

Gürcüstanın Daxili İşlər naziri Vaxtanq Qomelauri və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Qriqol Liluaşvili təcili Dmanisiyə gedib. Qomelauri cinayətkarların cəzalanacağına söz verib: “Dünən baş verənlərə görə çox məyusuq. İstintaqa başlamışıq. Bu adamların kim olması vacib deyil. Belə hadisənin baş verməsi çox pis faktdır. Hansısa qüvvələr və qruplar insidenti millətlərarası münaqişəyə çevirməyə çalışır. Azərbaycanlılar və gürcülər bizim vətəndaşlardır. Əsrlərlə birlikdə yaşamışıq, biz qardaşıq. Problem etnik qarşıdurmaya çevrilməməlidir”.

Qomelauri vəziyyətin sabitləşdirilməsi üçün əvvəlcə 150 polis əməkdaşının prosesə cəlb olunduğunu deyib. Amma onların rayon mərkəzinə toplananların qarşısını almağa gücü çatmayıb. Bundan sonra bölgəyə əlavə qüvvə və xüsusi təyinatlılar gətirilib. Dmanisiyə giriş-çıxış bağlanıb. Bura yalnız xüsusi icazə ilə gəlmək mümkündür.

Diasporla İş üzrə Dövlət Komitəsi Gürcüstanda baş verən hadisələrlə bağlı açıqlama yayıb. Qurum Azərbaycanın Qarabağ müharibəsindəki uğurunun bəzi qüvvələri narahat etdiyini bildirib. Dövlət Komitəsinin açıqlamasında Gürcüstanla dostluq münasibətini pozmaq planından danışılır.

Hadisə yerindən yayılan videoda svanların 20-30 nəfərlik qrupla azərbaycanlılara hücum etməsi görünür. Onlar taxta parçası, çəkiclə mağazanın qarşısında dayananlara xəsarət yetirir. Yaşlı adamın çox böyük zərbələr aldığı aşkar nəzərə çarpır. 9 aprel küçəsində yerləşən mağazanın sahibinin Qəşəm Şamilov adlı azərbaycanlı olduğu qeyd edilir.

Gürcüstan mətbuatına danışan azərbaycanlılar svanların dəfələrlə mağazadan aldığı məhsulun pulunu ödəməkdən boyun qaçırdığını danışıb. Növbəti belə cəhd qalmaqalla nəticələnib. Pulsuz spirtli içki əldə etmək istəyən svan gənclərdən biri rədd cavabı alınca söyüşə keçib. Mağazada təhqirə məruz qalmış atasını müdafiə edən azərbaycanlı qızın başına zərbə endirilib. Hadisənin iştirakçısı olan bir neçə svan gənc tezliklə bura daha böyük qüvvə ilə gəlib. Bu dəfə mağazanın qarşısındakı azərbaycanlılara ciddi xəsarət yetirilib.

Son xəbərlər
Bütün xəbərlər »