Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağ bizi yaşadacaq, biz onu: Bu cənnət guşəyə hansı ölkələrdən turistlər gələcək...
Qarabağ bizi yaşadacaq, biz onu: Bu cənnət guşəyə hansı ölkələrdən turistlər gələcək...

Qarabağın təkrarsız təbii gözəlliy yay, qış, dağ turizmi, sağlamlıq turizmi və digər növ turizm sahələrinin yaradılmasına imkan verir. Yeni yolların, avtobus marşrutlarının, dəmir yolu xətlərinin açılması, aeroportların işə salınması bölgənin turizm sektorunu sürətlə inkişaf etdirəcək. Üstəlik, xarici investorların yatırımları Qarabağın təhlükəsizliyinə daha bir təminat olacaq. Bu sahə ölkənin infrastrukturunun inkişaf etdirilməsində və valyuta vəsaitlərinin axını baxımından əhəmiyyətlidir.

Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın tezliklə turizm paytaxtımıza çevrilməsi gözlənilir. Dövlət bu yöndə tədbirlər planlarını artıq reallaşdırmağa başlayıb. İşğalan azad olunan ərazilərimiz, xüsusən də Şuşa şəhəri, hələ Sovet dönəmində turistlərin sevdiyi istiqamət idi.

Qarabağ qələbəmizdən sonra bütün dünyanın marağını özünə cəlb edib. Bütün dünyadan insanlar gəlib bu gözəlliyi görmək istəyir. Həm də yalnız gözəllyi deyil. Ermənistanın işğalından geriyə qalmış xəyalət şəhərlər də insanların diqqətini cəlb edir. Ekspertlər hesab edirlər ki, hazırkı vəziyyəti, eləcə də Qarabağın misilsiz gözəlliyini görmək üçün əraziyə kifayət qədər turist axını olacaq. Hələ Sovet dövründə də Ümumittifaq əhəmiyyətli marşrutlar içərisində Qarabağ marşrutu çox populyar idi. Yayın istisində dağ havası udmaq, sərinlənmək istəyənlərin üz tutacağı məkan məhz Qarabağın buz yaylaqları olacaq. Şuşa şəhəri coğrafi turizm üçün misilsizdir. Şəhərdə mövcud olan Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Natəvanın evi, Vaqifin Məqbərəsi, Şuşa qalası, Şuşa mağarası diqqət çəkən turizm obyektlərinə çevriləcək. Kəlbəcər, Laçın, Zəngilan isə həm qış, həm də yay turizmi üçün iqlim və təbiət baxımından çox əlverişlidir. Şuşada keçiriləcək “Xarıbülbül” festivalı, muğam müsabiqələri, Cıdır düzündə idman yarışları, Üzeyir Hacıbəyli, Natəvan günləri, Vaqif poeziya bayramı, beynəlxalq müsabiqələr və digər böyük mədəni-kütləvi tədbirlər buraya turist axınına stimul verəcək.

Qarabağda tikiləcək hava limanları həm insanların əraziyə gəlişini asanlaşdıracaq, həm də Türkiyə, Rusiya, Gürcüstana axın edən turistlərin Qarabağı da gəlib görməsinə şərait yaradacaq. Əlbəttə bu zaman adıçəkilən ölkələrin təyyarə biletlri ilə kəskin fərq yaradıb gəlmək istəyənləri öz əlimizlə uzaqlaşdırmasaq, yersiz rəqabət yaradıb uduzmasaq. Füzuli-Xocavənd-Şuşa-Laçın, Füzuli-Cəbrayıl-Zəngilan, Zəngilan-Qubadlı-Kəlbəcər-Laçın, Bərdə-Ağdam istiqamətlərində turizm marşrutlarının təşkili nəzərdə tutulur. Qarabağ bölgəsinə Xudafərin körpüsü vasitəsilə İrandan, Naxçıvan üzərindən isə Türkiyədən turistlərin gəlməsi mümkün olacaq.

Dünya standartlarına uyun yollar çəkilir, elə bu standartlara uyğun otellər, qonaq evləri qurulacaq, Qarabağ bu günə qədər görmədiyi tərəqqi dövrünə qədəm qoyacaq. Biz onu yaşadacağıq, o da bizi. İllər öncə mərhum Süleyman Rüstəmin məşhur olan şeirində deyildiyi kimi, "cənnət görmək istəyən Azərbaycana gələcək". Üstəlik, indi Qarabağın əhali tərkibi öz mədəni inkişafına görə 30 il öncəki tərkibdən xeyli fərqli və daha inkişaf etmiş gənc və orta nəsildən ibarət olacaq.

Qarabağın əsl sahibləri onu dağıdıb xərabələrə çevirənlər yox, bu torpaqları abad edənlər, xarüqələr yaradanlardır.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »