Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan qüvvələri geri çəkilmək fikrində deyil” - Aram Melkonyan
“Azərbaycan qüvvələri geri çəkilmək fikrində deyil” - Aram Melkonyan

Qarabağda aktiv əməliyyatlar bitəndən sonra gündəmə yeni münasibətlərin, sərhədlərin müəyyənləşməsi məsələsi gəldi. Azərbaycan bu istiqamətdə çox fəaldır. Ermənistan prosesə bacardıqca mane olmağa çalışır.

Bizimyol.info xəbər verir ki, mayın 12-dən Zəngəzurda və Göyçədə yaranan gərginlik aradan qalxmayıb. Ermənistan Azərbaycan hərbçilərinin Qaragöl ətrafında sərhədi pozduğunu iddia edir. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında isə rəsmi mövqe aydın göstərilib. Məqsəd yalnız sərhədlərin demarkasiyası və delimitasiyası ola bilər.

Gərginliyin böyük olduğu Vardenis (Basarkeçər) rayonunun administrasiya rəhbəri Aram Melkonyan mətbuata açıqlamasında Azərbaycan tərəfi ilə danışıqlarda iştirak etdiyini deyib. Onun sözlərinə görə, danışıqlar sakit keçib: “Onlar geri çəkilmək fikrində deyil. Hərbçilərdən biri dedi ki, yalnız əmr verildiyi halda geri çəkilə bilərik”.

Melkonyan bildirib ki, mayın 15-də Azərbaycan hərbçiləri Vardenis ərazisində irəliləməyib. Amma administrasiya rəhbəri Yuxarı Şorca kəndinin sakinlərinin çox böyük narahatlıq yaşadığını deyib: “Danışıqların bitməsini səbirsizliklə gözləyirlər. Təxminən günorta saat 3-də bitməlidir. İnsanlara həqiqəti deyirik, heç nə gizlətmirik. Onsuz da Azərbaycan qüvvələri çox yaxındadır, kənd camaatı hər şeyi özü görə bilir”.

Melkonyan deyib ki, noyabr razılaşmasına uyğun olan xəritəni özü görüb. O, azərbaycanlıların sərhədləri müəyyənləşdirməyə başqa xəritə ilə gəldiyini iddia edib.

Azərbaycanlıların qədim məskənlərindən olan, sonradan Ermənistanın nəzarətinə keçən Şişqaya (Ermənistanda Geqamasar adlanır – red.) kəndinin bələdiyyə sədri Akop Avetyan bizim hərbçilərin ictimaiyyətə açıqlanandan daha çox yerdə göründüyünü bildirib. Onun sözlərinə görə, Ermənistanın torpaqları zəbt etməsinə qədər Əzizli adlanan, tarixən Böyük Qaraqoyunlu kimi tanınan Norabak kəndinin yaxınlığında da azərbaycanlılar gözə dəyir.

Ermənistan Xarici İşlər Nazirliyinin son bəyanatında deyilir ki, Zəngəzurda və Göyçədə vəziyyət dəyişməyib, azərbaycanlı hərbçilər mövqelərindən geri çəkilməyib.

Gərginliyin əsas obyekti olan Qaragöl Laçın və Gorus rayonlarının sərhədində yerləşir. İndiyə qədər su hövzəsindən tam istifadə etmək imkanı əldə edən Ermənistan yeni demarkasiya şərtləri ilə razılaşmır. Azərbaycan qarşı tərəfin müqavimətinə baxmayaraq, razılaşmaya uyğun hərəkət etməyə çalışır.

Son xəbərlər
Bütün xəbərlər »