Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“GRU dediyini eləyir, hədələmir...”
“GRU dediyini eləyir, hədələmir...”

Ötən gün ABŞ-ın Virciniya ştat məhkəməsi uzun illər Rusiyanın Baş Kəşfiyyat İdarəsinə casusluq etmiş keçmiş “yaşıl beretli”, xüsusi təyinatlı qüvvələrin zabiti və o cümlədən Azərbaycanda xidmət etmiş Piter Debbinsə hökm çıxarıb. Virtualaz.org ABŞ KİV-lərinə istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə 46 yaşlı Debbins 15 il 8 ay azadlıqdan məhrum edilib. Bundan əvvəl prokuror onun barəsində 17 il həbs cəzası verilməsini tələb etmişdi. Vəkillər isə Debbinsin 5 il həbs cəzasına məhkum edilməsinə çalışırdılar.

Piter Debbins ötən əsrin 90-cı illərinin ortalarında GRU tərəfindən “verbovka” olunub. Onun anası keçmiş SSRİ-də doğulub, Debbins 90-cı illərin ortalarında Rusiyaya səfər edib və orada Çelyabinskdən olan qızla evlənib. Onun qaynatası hazırda Rusiya Hərbi Hava Qüvvələrinin polkovnikidir. Debbins GRU-nun tapşırığı ilə ABŞ ordusuna yazılıb, zabit rütbəsi alıb və daha sonra xüsusi təyinatlı qüvvələrdə xidmətə davam edib.

Debbinsin komandiri olduğu xüsusi təyinatlılar 2000-ci illərin əvvəllərində Gürcüstan və Azərbaycanda da xidmət ediblər. Azərbaycanda xidmət edərkən Debbins nizamnaməni pozduğuna görə cəzalandırılıb və həmin pozuntulara görə 2005-ci ildə ordudan tərxis edilib. Lakin o, Pentaqonun podratçı şirkətlərindən birində işə düzəlib və hərbi sirlərə müəyyən çıxış imkanlarını saxlaya bilib, GRU ilə əməkdaşlığını davam etdirib.

Dünənki məhkəmə dinləmələrində Debbins əslində GRU-nun qurbanına çevrildiyini, Rusiya kəşfiyyatının onu öldürəcəyindən qorxaraq əməkdaşlığa razı olduğunu, onlara xidmət etdiyini deyib. “GRU dediyini eləyir, hədələmir”,-o məhkəmədə deyib.

Lakin dövlət ittihamçıları keçmiş zabitin GRU tərəfindən şantaj olunduğuna inanmayıblar. Onlar deyiblər ki, Debbins FTB əməkdaşları ilə ümumilikdə 20 saatdan çox söhbətləşib və bir dəfə də olsun şantaj haqda danışmayıb. Əksinə, GRU ilə könüllü əməkdaşlıq etdiyini etiraf edib. Prokurorlar bildiriblər ki, xüsusi təyinatlı qüvvələrinin zabitinin öz ölkəsini satmağa razılaşması faktının özü onun Rusiya kəşfiyyatına ötürdüyü istənilən konkret informasiyadan daha dağıdıcıdır.

“Dünya gördü ki, Rusiya ABŞ ordusunun elit xüsusi təyinatlı qüvvələrinin sıralarında uğurla özünə casus hazırlayıb, bu da bizim xüsusi təyinatlıların imici hesabına Rusiyanın təbliğati qələbəsidir”,-prokurorlar Tomas Traksler və Ceyms Tramp öz yekun vəsadətlərində yazıblar.

Debbinsin GRU-a ləqəbi “İkar Lesnikov” olub, məhkəmədə təsdiqlənib ki, o həm də Azərbaycandakı ABŞ xüsusi təyinatlılarının barəsində informasiyaları da GRU-ya ötürüb. Bu informasiyalar GRU-ya ona görə lazım idi ki, həmin personalın sıralarından əməkdaşlığa daha kimləri cəlb edə biləcəyini araşdırsın.

Son xəbərlər
Bütün xəbərlər »