Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”

Ermənistan-Azərbaycan sərhədindəki gərginlik ən yüksək həddə çatıb. Vəziyyət o qədər pisləşib ki, ABŞ ölkələrə çağırış etməli olub. Vaşinqton İrəvanı və Bakını təmkinli olmağa səsləyib.

Bizimyol.info xəbər verir ki, Ermənistan hakimiyyəti ciddi narahatlıq içindədir. Zəngəzurdan, Göyçədən azərbaycanlı hərbçilərin mövqelərini yaxşılaşdırması xəbərləri rəsmi İrəvanın yuxusuna haram qatıb. Hakimiyyət son günlərdə ilk dəfə məsələyə ciddi reaksiya verib. Baş nazirin vəzifələrini icra edən Nikol Paşinyan Azərbaycanla sərhəddəki vəziyyəti “çox təhlükəli” adlandırıb. Hökumət rəhbəri 250 azərbaycanlı hərbçinin Ermənistanın ərazisinə daxil olduğunu deyib.

Ermənistan prezidenti Armen Sarkisyan da sərhəddəki vəziyyətdən danışıb. Ölkə başçısı problemin tezliklə həll olunmasının vacibliyini qeyd edib: “Ermənistan vətəndaşlarının, ölkənin maraqlarının qorunması üçün təcili tədbirlər görmək lazımdır. Dövlət orqanları ilə daim əlaqədəyik. Sünikdən (Zəngəzurdan – red.) birbaşa məlumat alırıq”.

Təbii ki, Sarkisyan məsuliyyəti Azərbaycanın üzərinə atıb. Ermənistan prezidenti məhz bizim ölkənin sərhəddə gərginlik yaratdığını deyib. Halbuki söhbət sərhədlərin demarkasiyasından gedir. Ermənistan ötən əsrin 90-cı illərində xeyli ərazini ələ keçirib. Söhbət sovet dövründəki sərhədlərə qayıtmaqdan düşəndə İrəvan özündən çıxır. Halbuki Azərbaycan heç bir halda Ermənistanın torpaqlarına iddia ortaya qoymur.

Müharibədən sonra sərhəddə demarkasiya və delimitasiya prosesinə start verilib. Ermənistan buna maksimum mane olmağa çalışır. İrəvan elə təəssürat yaratmaq istəyir ki, guya Azərbaycan qonşu ölkənin sərhədlərinin ələ keçirir. Buna baxmayaraq, sərhədlərin müəyyənləşməsi istiqamətində müəyyən uğur əldə olunub. Zəngəzurda bir çox istiqamətlərdə sovet dövründəki sərhədi bərpa etmək alınıb.

Ermənistan-Azərbaycan sərhədində müharibədən sonra ən böyük gərginlik yaşanır. Qaragöl ətrafında böyük qarşıdurma olub. Ermənistan azərbaycanlı hərbçilərin Qızılcıq kəndi istiqamətində 3 kilometrdən çox irəlilədiyini iddia edir. Zəngəzurdan başqa, Göyçədə də Azərbaycanın mövqelərini yaxşılaşdırdığı bildirilir. Ermənistanda bu hadisələrlə bağlı Təhlükəsizlik Şurasının təcili iclası keçirilib.

Son xəbərlər
Bütün xəbərlər »