Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan Zəngəzurda daha 3 km irəliləyib” – Ermənistan mətbuatı
“Azərbaycan Zəngəzurda daha 3 km irəliləyib” – Ermənistan mətbuatı

Ermənistanla sərhədlərin demarkasiyası qalmaqalsız ötüşmür. Sərhəd xəttinin yenidən müəyyənləşməsi, delimitasiya Qarabağda məğlub olan Ermənistanda qıcıq oyadır. Təxminən 30 il əvvəl ələ keçirilən torpaqların itirilməsi Ermənistan cəmiyyəti üçün ağrılı prosesə çevrilib.

Bizimyol.info xəbər verir ki, Ermənistanın sosial şəbəkə kanallarında Azərbaycanın Zəngəzurda sərhədi daha 3 km irəli çəkdiyi yazılıb. Ermənistan mətbuatı məsələyə böyük diqqət ayırıb. Yazırlar ki, Azərbaycan İşıqlı Qaragöl su hövzəsini tam ələ keçirmək qərarına gəlib: “Azərbaycanlılar gəlib deyib ki, bu göl bizimdir. İndiyə qədər su hövzəsinin yalnız 30 faizi düşmən ərazisinə düşürdü”.

Sosial şəbəkə kanalları tərəflər arasında Ermənistanın İşxanasar adlandırdığı Qızılcıq kəndi ərazisində qarşıdurma yarandığını yazırdı. Hətta atışmanın olduğu bildirilirdi. Amma kənd icmasının rəhbəri Menua Ovsepyan mətbuata burada güllə atılmadığını söyləyib.

Gorus rayonunun mer vəzifəsini müvəqqəti icra edən İrina Yolyan Qızılcıq tərəfdə vəziyyətin gərgin olduğunu gizlətməyib. O, azərbaycanlıların Verişen kəndi istiqamətində 3 km irəlilədiyini təsdiqləyib. Yolyan deyib ki, əsas məqsəd İşıqlı Qaragölə nəzarəti tam ələ keçirməkdir. Mer vəzifəsini müəvəqqəti icra edən məmur Sünik vilayətindən (Zəngəzur) həyəcan siqnalına diqqət yetirməyi məsləhət görüb: “Yoxsa axırımız gələcək”.

Yolyan hesab edir ki, Azərbaycan tərəfi Şurnuxu kəndində davrandığı kimi hərəkət etməyi planlaşdırır. Yəni yaşayış məntəqələrinə maksimum yaxınlaşmaq nəzərdə tutulur. Məhz Şurnuxuda sərhədlərin yenidən müəyyənləşməsi nəticəsində kəndin yarısı Azərbaycana qaytarılmışdı.

Qızılcıq kəndi azərbaycanlıların qədim yaşayış məskənlərindəndir. Çar Rusiyasının arxiv sənədlərində hələ 1873-cü ildə burada yalnız 165 nəfər azərbaycanlının yaşadığı məskunlaşdığı qeyd olunub. 1908-ci ildə kənd əhalisi 450 nəfərə çatıb. 1918-ci ildə quldur Andranik Ozanyanın dəstəsi burada qırğın törədib. Xeyli azərbaycanlı həyatını itirib. Həmin hadisədən sonra kənddə yaşayanların hamısı buranı tərk edib. Amma bolşeviklərin hakimiyyətə gəlişindən sonra geri qayıtmağa cəsarəti çatanlar olub. 1922-ci ildə Qızılcıqda 189 azərbaycanlının yaşamağa başlaması bildirilir. 1988-ci il hadisələrinə qədər say 500-ə çatıbmış.

İşıqlı Qaragöl Laçınla Gorusun sərhədində yerləşir. Ötən əsrin 90-cı illərində Azərbaycan torpaqlarının işğalından sonra yerli Ermənistan gölü tam ələ keçirib. Səmərəli istifadənin olmaması, iri nasosların quraşdırılması nəticəsində gölün suyu xeyli tükənib və çirklənib.

Son xəbərlər
Bütün xəbərlər »