Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan 44 saata Qarabağın dağlıq hissəsini terrorçulardan təmizləyə bilər
Azərbaycan 44 saata Qarabağın dağlıq hissəsini terrorçulardan təmizləyə bilər

Rusiya Xarici işlər naziri Sergey Lavrovun İrəvandan sonra Bakıya etdiyi səfər xüsusi bir məsələ ilə, müsbət hansısa məqamla yadda qalmadı.

Azərbaycan cəmiyyətinin Lavrovdan, daha dəqiq desək, Rusiyadan birmənalı şəkildə gözlədiyi cavablar, atılması vacib olan addımlarla bağlı eşitmək istədiyi mesajlar var idi. Təəssüf ki, bu məqamları Lavrovdan eşidə bilmədik. Bakıda keçirdiyi mətbuat konfransında rusiyalı diplomat bizim üçün önəmli olan məsələlərin əksəriyyətinin üstündən sükutla keçdi, yaxud diplomatik bir tərzdə danışmaqla heç bir konkret fikir demədi.

Hazırda bizim üçün ən vacib olan məsələ Xankəndi və digər ərazilərdən silahlı birləşmələrin çıxarılmasıdır ki, bununla bağlı söhbət belə açılmadı. Azərbaycan tərəfinin ən böyük gözləntisi və tələbi bu istiqamətdədir. Rusiya tərəfi bu mövzuda susqunluq göstərir, hazırda Qarabağın dağlıq hissəsində separatçılığın davam etməsinə, hər gün qıcıqlandırıcı çıxışlarla, revanşist çağırışlarla gərginliyin artırılmasına açıq-aşkar göz yumur. Bəzi hallarda isə nəinki göz yumur, onları həvəsləndirən addımlar da atır. Lavrov bu mövzuya heç toxunmadı.

Rusiya və Ermənistanın digər havadarları yaxşı bilirlər ki, əgər onların dəstəyi olmasa, terrorçu ermənilər Qarabağın dağlıq hissəsindən Azərbaycanın müdaxiləsilə 44 saata təmizlənə bilərlər. 44 günə 30 illik müdafiəni darmadağın edən Azərbaycan 44 saata da yerdə qalanları təmizləmək gücündədir.

Rusiyalı baş diplomat minalanmış ərazilərin xəritəsinin verilməsi məsələsində hansısa irəliləyişin olduğunu söylədi. Qeyri-müəyyən bir fikir oldu. Hansı irəliləyişdən, çalışmalardan söhbət gedir? Müharibə bitəndən neçə nəfər mülki və hərbi şəxs minaya düşərək həlak olub, yaralanıb. Ermənistan isə konkret addım atmağı, xəritəni verməyi uzadır. Belə bir təəssürat yaranır ki, Ruisya bu mövzuya ya bilərəkdən göz yumur, ya da həll etməyə gücü çatmır. Hər iki durum Rusiyanın ziyanınadır. Özünü bölgənin hakimi, aradakı gərginliyin sülhə çevrilməsinin, etimadın bərpa olunmasının qarantı kimi göstərən bir dövlətin bu cür önəmli məsələni həll etməməsi ona olan etimadı sarsıdır.

Ermənistanda faşist ideologiyasının, ona xidmət edənlərin qəhrəmanlaşdırılması məsələsinə də Lavrov çox ümumi cavab verdi. Pribaltikanı, Ukraynanı və daha bir neçə ölkəni bu məsələdə ittiham etsə də Njdedən, Ermənistandan ümumiyyətlə bəhs etmədi. Ceyhun Bayramov erməni faşistini qeyd etməyə məcbur oldu. Burnunun ucunda, sülhməramlıların nəzarət etdiyi Xocavənddə Njdenin abidəsini “görməyən” Lavrovun başqa ölkələrdə bu mövzudan həvəslə söz açması Rusiyanın riyakar yanaşmasının göstəricisidir.

Ceyhun Bayramov üçtərəfli bəyanata Azərbaycanın sadiq qaldığını elan etdi. Kommunikasiyaların açılması məsələsində də Azərbaycan tərəfi anlaşamaya sadiq olduğunu, Ermənistan isə müxtəlif bəhanələrlə yayınmağa cəhdlər göstərir. Rusiya isə sanki bunları görmür.

Ən qarınlıq qalan məqam isə Lavrovun ATƏT-in Minsk Qrupunu qeyd etməsi oldu. Rusiyalı baş diplomat hansısa humanitar fəaliyyətlərin həyata keçirilməsi, tərəflər arasında etimadın bərpa olunması ilə bağlı qeyri-müəyyən fikirlər səsləndirdi. 30 il ərzində işğalçıya qarşı effektiv addımlar atmayan Minsk Qrupunun bundan sonra görə biləcəyi heç bir iş qalmayıb. Humanitar fəaliyyətlər də, etimadın bərpası da onsuz mümkündür. Biz yolun ən çətin hissəsini Minsk Qrupu olmadan keçmişik, digər hissəsini də qət edəcəyik.

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

Mübariz Göyüşlü, Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, siyasi şərhçi

Son xəbərlər
Bütün xəbərlər »